Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-848/2020 10.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Cavabdehnə qarşı razılaşma protokolunun etibarsız hesab edilərək ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2017-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilərək ləğv edilməsi, ödənilmiş 106.000 manat pulun, zərərə görə 276.000 manat pulun, bank uçot dərəcəsinə görə 10.335 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin cavabdeh (və ya iki cavabdeh olduğu təqdirdə hər iki cavabdeh) tərəfindən alınmasına dair sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsinin cavabdeh (və ya cavabdehlər) tərəfindən alınmasına dair sübut təqdim etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iddia tələblərindən biri xx.xx.2017-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilərək ləğv edilməsi olmasına baxmayaraq, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-nin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.5ci maddəsinə əsasən ərizədə, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəyə əlavə edilən sənədlərin siyahısının iddia ərizəsində göstərilməsinə dair qanunvericiliyin imperativ norması, həmin sənədlərin formal olaraq adlarının iddia ərizəsində qeyd olunması kimi deyil, həmçinin real olaraq, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməli olması kimi başa düşülməlidir. Lakin iddia ərizəsində 36 adda sənədin (elektron qaydada cəmi 8 adda sənəd (fayl) əlavə edildiyi görünür) iddia ərizəsinə əlavə edildiyi qeyd olunsa da, həmin sənədlərin əksəriyyəti iddia ərizəsinə faktiki olaraq əlavə edilməmişdir. Belə olan halda isə, məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən elektron qaydada yalnız bir cavabdeh – Cavabdeh seçilsə də, iddia ərizəsinin mətnində əlavə olaraq X1 İstismarı İdarəsi də cavabdeh kimi göstərilmiş, nəticə hissəsində isə tələb hər iki cavabdehə yönəldilmişdir. Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından, bununla da “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsində hər iki cavabdehin adı seçilməli və yaxud da bir cavabdeh seçildiyi halda, tələb yalnız həmin cavabdehə yönəldilməli olduğundan, mövcud iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, ərizə elektron qaydada Nümayəndə tərəfindən imzalanmış, iddia ərizəsinə İddiaçı tərəfindən ona verilmiş etibarnamə və vəkil orderi əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İddia ərizəsinə əlavə edilmiş vəkil orderindən görünür ki, həmin order vəkil Nümayəndə tərəfindən İddiaçı Şirvan Kommersiya Məhkəməsində deyil, Salyan Rayon Məhkəməsində hüquqi yardım göstərilməsi ilə bağlı tərtib edilmişdir. Belə olan halda isə etibarnamə və orderin olmasına baxmayaraq, Nümayəndə hazırki iş üzrə İddiaçı vəkili kimi qəbul edilə və bu əsasla da Azərbaycan Respublikası MPM-in 69.1-1-ci maddəsinə əsasən, nümayəndə kimi qəbul edilə bilməz. Bu isə, iddia ərizəsinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması anlamına gəlir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən görünür ki, İddiaçı tərəfindən Salyan Rayon Məhkəməsinə 30 manat dövlət rüsumu ödənilmiş, lakin iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilsə də, həmin dövlət rüsumu Şirvan Kommersiya Məhkəməsinə deyil, Salyan Rayon Məhkəməsinə ödənilmiş, başqa sözlə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda, məhkəmə məlumat üçün aşağıda qeyd olunanları iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir: Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı fərdi sahibkardır, ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydiyyatdadır, həmçinin vergi ödəyicisi kimi hüquqi ünvanı Binəqədi rayonu, Biləcəri ŞTQ, Hərbi şəhərcik (Biləcəri qəsəbəsi), ev 89v, Biləcəri-1 qeyd olunmuşdur. Vergi ödəyici kimi 47711 saylı kod üzrə fəaliyyəti “ixtisaslaşdırılmış mağazalarda geyimlərin pərakəndə satışı”ndan ibarətdir. “İcarə obyekti” kimi fəaliyyətini dayandırmış, “qarışıq malları mağazas(lar)ı” və “geyim mağaza(ları)sı” kimi isə fəaliyyət obyekti bağlıdır. İddia ərizəsinin məzmunundan və iddia tələbindən görünür ki, xx.xx.2017-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilərək ləğv edilməsi, ödənilmiş 106.000 manat pulun, zərərə görə 276.000 manat pulun, bank uçot dərəcəsinə görə 10.335 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş edilir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən isə görünür ki, iddiaçının qeyd olunan tələbi Salyan rayonu ərazisində yerləşən istixanasında təbii qazın istifadəsi və sonradan kəsilməsi nəticəsində ona maddi ziyan vurulması, fəaliyyətinin davam etdirilməsi məqsədilə xx.xx.2017-ci il tarixli razılaşma protokolunu imzalaması və bunun nəticəsində 106.000 manat pulun ödənilməsi və s. ilə bağlıdır. Göründüyü kimi, fərdi sahibkar və vergi ödəyicisi olan iddiaçı Bakı şəhərində ixtisaslaşdırılmış mağazalarda geyimlərin pərakəndə satışı ilə məşğul olur. Yəni məhz qeyd olunan sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, hazırki iddia ona məxsus və Salyan şəhərində yerləşən istixanasında təbii qazdan istifadə və qazın verilişinin dayandırılması nəticəsində yaranmış mübahisədir. Başqa sözlə, hazırki mübahisənin iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olmasımüəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Hazırki mübahisənin işdə iştirak edən şəxslərin subyektiv tərkibi və mübahisənin predmeti baxımından kommersiya mübahisəsi kimi qəbul edilməsi mümkün olsa da, hüquq münasibətlərinin xarakteri baxımından (yəni mübahisənin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə yaranması müəyyən olunmadığından və bununla da üçüncü meyar tamamlanmadığından) hazırki mübahisə kommersiya mübahisəsi kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-cü, 264-cü, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı razılaşma protokolunun etibarsız hesab edilərək ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-848/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-848/2020
10.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver