Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-867/2021 14.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 14.482,79 manat əsas borcun, 2.622,32 manat faiz borcunun, 1.156,15 manat cərimə borcunun və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.074,32 manat faiz borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2ına məxsus olan Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində, 0,054445 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,2 kv.m. ümumi, 31 kv.m. yaşayış, 31,2 kv.m. köməkçi sahədən ibarət 63 saylı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.04.2015-ci il tarixli, 0098/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə 14.500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən, verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.05.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2ına məxsus Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində, 0,054445 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,2 kv.m. ümumi, 31 kv.m. yaşayış, 31,2 kv.m. köməkçi sahədən ibarət 63 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin fərdi yaşayış evinin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh2 arasında 21.04.2015-ci il tarixli, 0027/15 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.05.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********183 saylı, 02.03.2021-ci il tarixli və **********414 saylı, 11.03.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 15.02.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə 14.482,79 manat əsas borc, 2.622,32 manat faiz borcu, 1.156,15 manat cərimə borcu və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.074,32 manat faiz borcu olmaqla, ümumi borcu 20.335,58 manat təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli, 0098/15 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə sahibkarlığın inkişafı məqsədilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 21.04.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 14.500 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2015-ci il tarixli, 0027/15 saylı ipoteka müqaviləsinə əsasən, 20 aprel 2015-ci il tarixli, 0098/15 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh2 məxsus, Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində, 0,054445 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,2 m2 ümumi, 31 m2 yaşayış, 31,2 m2 yardımçı sahədən ibarət 63 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin Şirvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 14.05.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində yerləşən 63 saylı fərdi yaşayış evi, 0,054445 ha torpaq sahəsi ilə birlikdə Ləğv prosesində olan İddiaçı ASC-nin Şirvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 02.03.2021-ci il tarixli, **********140 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli, 0098/15 saylı kredit müqaviləsi üzrə cavabdehin 15.02.2021-ci il tarixə banka 14.482,79 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 2.622,32 manat faiz borcu, 1.156,15 manat cərimə borcu, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2.074,32 manat faiz borcu olmaqla, ümumi borcu 20.335,58 manat təşkil edir. İş materialında olan 02.03.2021-ci il tarixli, **********183 saylı bildirişdən görünür ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanılmış 20 aprel 2015-ci il tarixli, 0098/15 saylı kredit müqaviləsi əsasında aldığı 14.500 manat kreditə görə banka 14.482,79 manat əsas, 2.622,32 manat məbləğində faiz borcu, 1.156,15 manat cərimə və 2.074,32 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 20.335,58 manat məbləğində kredit borcunun olması barədə Cavabdeh1 xəbərdar edilmiş, qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən, əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 məlumatlandırılmışdır. İş materialında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 11.03.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 20 aprel 2015-ci il tarixli, 0098/15 saylı kredit müqaviləsi əsasında aldığı 14.500 manat kreditə görə cəmi 20.335,58 manat məbləğində borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə ünvanlanmış 05 mart 2020-ci il tarixli, **********266 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Daşınmaz Əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi barədə ********** saylı ərizənin icra edildiyi qeyd edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən və portaldan çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 9/5190 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 20 aprel 2015-ci il tarixli, 0098/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh1 20.04.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 14.482,79 manat, faiz borcu 1.634,49 manat, 15.02.2021-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 14.482,79 manat, faiz borcu 3.376,16 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 sentyabr 2021-ci il tarixli, 324/ZB/21 saylı torpaq sahəsinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2015-ci il tarixli, 0027/15 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında, 0,054 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 20.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 20 aprel 2015-ci il tarixli, 0098/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 14.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 arasında 21 aprel 2015-ci il tarixli, 0027/15 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında, 0,054 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 20 aprel 2015-ci il tarixli, 0098/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas kredit borcu 14.482,79 manat, faiz borcu 1.634,49 manat və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu 1.741,67 (3.376,16-1.634,49) manat müəyyən edildiyindən, iddia əsas borca münasibətdə tam, faiz borclarına münasibətdə qismən təmin edilməli, Cavabdeh1 14.482,79 manat əsas borc, 1.634,49 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.741,67 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 12% ödəyir. İddiaçı 1.156,15 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 60 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 21 aprel 2015-ci il tarixli, 0027/15 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 sentyabr 2021-ci il tarixli, 324/ZB/21 saylı torpaq sahəsinin qiymətləndirilməsi rəyi ilə Cavabdeh2 məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında, 0,054445 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 20.000 manat müəyyən edilmişdir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında, 0,054445 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 20.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən fərdi yaşayış edi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Tərəflər arasında hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün mülkiyyətçisi tərəfindən ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə o cümlədən, iddia ərizəsinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, fərdi yaşayış evi satıldıqdan sonra, həmin fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçı, yəni ləğv prosesində olan İddiaçı ASC olmaya da bilər. Buna görə də iddiaçının fərdi yaşayış evinin ona təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 3,57 manatı iddiaçıya aid edilməli, 26,43 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat (iddiaçı bu hissədə 40 manat tələb etsə də, 30 manat xidmət haqqının ödənilməsi ilə bağlı müvafiq sənəd əlavə edilmişdir) isə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 132 (bir yüz otuz iki) manat hissəsi Cavabdeh1, 18 (on səkkiz) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 14.482,79 manat əsas borc, 1.634,49 manat faiz borcu, 60 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.741,67 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,43 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat olmaqla, cəmi 17.975,38 (on yeddi min doqquz yüz yetmiş beş manat, otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh2 məxsus Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində, 0,054445 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,2 m2 ümumi, 31 m2 yaşayış, 31,2 m2 yardımçı sahədən ibarət 63 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində, 0,054445 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,2 m2 ümumi, 31 m2 yaşayış, 31,2 m2 yardımçı sahədən ibarət 63 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra boşaldılmalı, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 14.482,79 manat əsas borc, 1.634,49 manat faiz borcu, 60 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.741,67 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,43 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat olmaqla, cəmi 17.975,38 (on yeddi min doqquz yüz yetmiş beş manat, otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh2 məxsus Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində, 0,054445 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,2 m2 ümumi, 31 m2 yaşayış, 31,2 m2 yardımçı sahədən ibarət 63 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində, 0,054445 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,2 m2 ümumi, 31 m2 yaşayış, 31,2 m2 yardımçı sahədən ibarət 63 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra boşaldılsın. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 132 (bir yüz otuz iki) manat hissəsi Cavabdeh1, 18 (on səkkiz) manat hissəsi isə iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-867/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-867/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver