Məhkəmə qərarları › İş №e-2-2(121)-89/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-89/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-89/2021 30.11.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 15.000 manat əsas, 2.182,50 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2.254,72 manat məbəğində faiz borcu, 1.877,50 manat cərimə borcu, cəmi 21.314,72 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan Sabirabad şəhəri, Elşən Qasımov küçəsində yerləşən 33 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18.07.2014-cü il tarixli, 1663 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə 15.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə 18.07.2014-cü il tarixli 1663 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan Sabirabad şəhəri,Elşən Qasımov küçəsində yerləşən 33 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 15.000 manat əsas, 2.182,50 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2.254,72 manat məbəğində faiz borcu, 1.877,50 manat cərimə borcu, cəmi 21.314,72 manat məbləğində borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 1663 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə heyvandarlıq üçün 15.000 (on beş min) manat məbləğində kredit verilməsinə dair tərəflər razılığa gəlmişlər. İş materiallaında olan RX seriyalı, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 165,2 kv.m., yaşayış sahəsi 100,2 kv.m., yardımçı sahəsi 65 kv.m olan 4 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan İddiaçı ASC-nin Bakı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 1663 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin Bakı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 13.07.2020-ci il tarixli, **********646 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 1663 saylı kredit müqaviləsi üzrə cavabdehin 06 iyul 2020-ci il tarixə banka 15.000 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 2.182,50 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.877,50 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 5% olan, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 2,08 manat X 1.084, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 2.254,72 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 21.314,72 manat təşkil edir. İş materialında olan 10.07.2020-ci il tarixli, **********616 saylı pretenziyanın və 22.07.2020-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 18 iyul 2014-cü il tarixli, 1663 saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə 15.000 manat əsas, 2.182,50 manat müddət sonuna hesablanan faiz, 1.877,50 manat məbləğində cərimə və 2.254,72 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 21.314,72 manat məbləğində kredit borcunun olması barədə xəbərdar edilmişdir. Əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə ünvanlanmış bildirişin qeydə alınmasına dair 17.08.2020-ci il tarixli, **********510 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ünvanlanmış 26 avqust 2020-ci il tarixli, 11865 saylı məktubda qeyd olunur ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 165,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair ********** nömrəli 26.08.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunan ərizədən görünür ki, Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2021-ci il tarixli, 9/1245 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 1663 saylı, kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə borcu müqavilə müddətinin bitmə tarixinə yəni, 18.07.2017-ci il tarixə əsas borc üzrə 15.000 manat, faiz borcu üzrə 2.475 manat, iddia tələbinin tarixinə yəni, 06.07.2020-ci il tarixə 5.145 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 oktyabr 2021-ci il tarixli, 396/ZB/21 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC-nin Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 1663 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 3 ünvanında mülkiyyətində olan 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 90.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin Bakı filialı ilə Cavabdeh1 arasında 18 iyul 2014-cü il tarixli, 1663 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC-nin Bakı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 18 iyul 2014-cü il tarixli, 1663 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 məxsus ünvan 3 ünvanında mülkiyyətində olan 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin Bakı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir: Belə ki, İddiaçı ASC-nin Bakı filialı ilə Cavabdeh1 arasında 1663 saylı kredit müqaviləsi 18 iyul 2014-cü il tarixdə, 3 il müddətinə bağlanmışdır. 18 iyul 2014-cü il tarixli, 1663 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə ödənişlər 18 iyul 2017-ci il tarixdə bitməli idi. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən sonuncu dəfə 25.11.2014-cü il tarixdə ödəniş edilmişdir. Hazırki iddia ərizəsi isə məhkəmənin icraatına 14.09.2020-ci il tarixdə, yəni müqavilə üzrə müddətin bitməsindən təqribən 2 ay sonra məhkəməyə təqdim edilmişdir. Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olsa da (əsas borc, faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq hesablanmış faiz borcunun tutulması hissəsində, o cümlədən tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsində tam, cərimə borcu hissəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi nəzərə alınmaqla qismən əsaslı) olsa da, hazırki iddia üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh bu barədə məhkəməyə ərizə ilə müraciət etdiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmədiyindən və ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmadığından, həmin Fərman iddia müddəti axımının dayandırılmasına əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar