Məhkəmə qərarları › İş №e-2-2(121)-9/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-9/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-9/2024 28.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" MMC-yə qarşı – xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli müqavilə üzrə hesablanmış 18971,85 manat əsas məbləğ üzrə borc, hesablanmış 798,22 manat faiz borcu və 5000 manat cərimə borcunun, xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli müqavilə üzrə hesablanmış 39344,1 manat əsas məbləğ üzrə borcun, hesablanmış 1649,2 manat faiz borcunun və 10000 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi 76463,37 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərürfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavilələr bağlanmışdır. Bu müqavilələr üzrə "xxxx" MMC tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışında qeyd edilmiş xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli müqavilə üzrə 18971,85 manat əsas məbləğ üzrə borc, hesablanmış 798,22 manat faiz borcu və 5000 manat cərimə borcu, eləcə də maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli müqavilə üzrə 39344,1 manat əsas məbləğ üzrə borc, hesablanmış 1649,2 manat faiz borcu və 10000 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir. Hesab edirlər ki, bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı yalnız əsas borc hissəsində qismən qəbul edərək, izahatında göstərdi ki, iddiaçı tərəfindən əsas və faiz borcu çox hesablanmışdır. Belə ki, "xxxx" MMC-nin mühasibinin bildiməsinə görə iki müqavilə üzrə ümumilikdə 51000 manata yaxın borcları qalmalıdır. Cavabdeh tərəfindən ödənişlər edilmiş, lakin onlarda bunu təsdiq edən müvafiq sənədlər, yəni ödəniş qəbzləri yoxdur. Odur ki, iddianı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 12971,85 manat əsas borc, xx.xx.2015-ci il tarixli müqavilə üzrə isə 32344,10 manat əsas borc hissələrində qəbul edir, iddianın qalan hissəsinə etiraz edir. Buna görə də, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" MMC-yə 50000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir. İş materiallarına əlavə edilən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" MMC-yə 100000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir. İşin materiallarında olan arayışdan görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2015ci il tarixli müqavilə üzrə 18971,85 manat məbləğində əsas, 798,22 manat məbləğində faiz, 5000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 24770,07 manat məbləğində, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 39344,10 manat məbləğində əsas, 1649,20 manat məbləğində faiz, 10000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 50993,30 manat məbləğində borcu vardır. İş materiallarında olan görünür ki, ödəniş tapşırıqlarının surətlərindən görünür ki, xx.xx.2015-ci il tarixli “Ödəniş tapşırığına” əsasən 50000 manat, xx.xx.2015-ci il tarixli “Ödəniş tapşırığına” əsasən 50000 manat, xx.xx.2015-ci il tarixli “Ödəniş tapşırığına” əsasən 50000 manat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu (pretenziya) göndərmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən ödənilən vəsaitlərin müqavilələr üzrə silinməsi barədə məlumatdan (iş vərəqə 160) və digər sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ümumilikdə 103345,20 manat məbləğində ödənişlər edilmiş, həmin ödənişlərdən xx.xx.2015-ci il tarixli müqavilə üzrə 31028,25 manatı əsas borc, 3971,62 manatı faiz borcu, həmçinin xx.xx.2015-ci il tarixli müqavilə üzrə 60655,90 manatı əsas borc, 7689,53 manatı faiz borcundan silinmişdir. Cəmi əsas məbləğdən 91684,05 manat, faizdən isə 11661,15 manat məbləğində pul vəsaiti silinmişdir. İş materiallarında olan (iş vərəqə 124-153) ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. İş materiallarından görünür ki, məhkəmə qərardadı əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin, sənədlər iş üzrə tərəflər tərəfindən sənədlərin təqdim edilməsi tam təmin edilmədiyindən, məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7525/2023 saylı məktubla imtina edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə(lər) (razılaşma(lar)) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin xx.xx.2015-ci il tarixli müqavilə üzrə 5000 manat məbləğində deyil, 350 manat məbləğində, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 10000 manat məbləğində deyil, 700 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin iddiaya qismən etirazının dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin nümayəndəsinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi 51000 manata yaxın borclarının qalmasını bildirirsə, qalan məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Odur ki, göstərilən halın iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, məhkəmə qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın bu hissədə təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdehin nümayəndəsi tərəfindən qeyd edilən halları etiraf edilməsindən savayı göstərilən məbləğdə pul vəsaitinin məhz iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə həmin məbləği iddiaçıya ödəməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan müqavilə(lər)ə razılaşma(lara)ya əsasən krediti qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq krediti və ona hesablanmış faizləri iddiaçıya tam şəkildə ona ödəməmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən ödənilən vəsaitlərin müqavilələr üzrə silinməsi barədə məlumatdan aydın olur ki, cavabdeh tərəfindən ödənilmiş ödənişlər nəzərə alındıqda iddiaçının cavabdehdən qeyd edilən müqavilələr üzrə tələb etdiyi məbləğlərin qalması müəyyən olunur. Həmçinin, iş materiallarında olan (iş vərəqə 124-153) ödəniş qəbzlərindən aydın olur ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Həmin ödənişlər, hətta cavabdeh tərəfindən edilən digər ödənişlər (halbuki, bunu təsdiq edən qəbzlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir) iş vərəqə 160-da olan "xxxx" MMC tərəfindən ödənilən vəsaitlərin müqavilələr üzrə silinməsi barədə məlumatda öz əksini tapmışdır. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 30 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 250 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdehdən 350 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 319,39 manat dövlət rüsumunun 275,44 manatı cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli müqavilə üzrə 18971,85 manat əsas borc, 798,22 manat faiz borcu və 350 manat cərimə, cəmi 20120,07 manat məbləğində pul vəsaiti "xxxx" MMCdən alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. xx.xx.2015-ci il tarixli müqavilə üzrə 39344,10 manat əsas borc, 1649,2 manat faiz borcu və 700 manat cərimə, cəmi 41693,30 manat məbləğində pul vəsaiti "xxxx" MMCdən alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. 250 manat hüquqi yardımla bağlı ödənilmiş xərc və 350 manat mediasiya xərci "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 275,44 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar