Məhkəmə qərarları › İş №e-2-2(121)-903/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-903/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-903/2022 20.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı 2764 manat məbləğində borcun və 60 manat ödənilmiş mediasiya rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə işgüzar səfərlərin təşkil edilməsinə dair 20.07.2018-ci il tarixli, 28-2/18 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC icraçı, Cavabdeh MMC sifarişçi adlanılmışdır. Müqavilə predmeti kimi, müqaviləyə əsasən sifarişçi sifariş verir və göstərilmiş xidmətlərin dəyərini razılaşdırılmış qaydada və müddətdə ödəməyi, icraçı isə sifarişçinin habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının xarici ölkələr işgüzar səfərlərinin təşkili və təmini üzrə kompleks xidmətlərin göstərilməsini öhdəsinə götürür. Cavadehlə aralarında bağlanılmış müqaviləyə əsasən korperativ satış bir müddət davam etsə də, sonradan cavabdeh mövcud müqaviləyə əsasən ödəməli olduğu məbləği vaxtı-vaxtında ödəməmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20.08.2018-ci il tarixində, 20.07.2018-ci il tarixli, 28-2/18 saylı müqaviləyə əsasən, üzləşmə aktı imzalanmışdır. Üzləşmə aktında Cavabdeh MMC-nin 2764 manat məbləğində borcu olduğunu hər iki tərəf imza və möhürləri ilə təsdiq etmişdir. Üzləşmə aktı iki nüsxədə tərtib və təsdiq edilmişdir. Tərəflərin mövcud üzləşmə aktı ilə bağlı bir-birlərinə qarşı heç bir etirazı, iddiası, pretenziyası olmamışdır. Cavabdeh sözü gedən məbləği tez bir zamanda qaytaracağı ilə bağlı söz versə də, borcu ödəməkdən yayınmışdır. Cavabedehə dəfələrlə borcu ödəməsinə dair yazılı və şifahi xəbərdarlıq etmələrinə baxmayaraq heç bir nəticə verməmişdir. Məsələnin həlli ilə bağlı mediasiyaya müraciət olunmuş, lakin cavabdeh həmin prosesdə də, iştirak etməmişdir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28- 2/18 saylı, 20.07.2018-ci il tarixli “İşgüzar səfərlərin təşkil edilməsinə dair” müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdeh sifariş verməyi və göstərilmiş xidmətlərin dəyərini razılaşdırılmış qaydada və müddətdə ödəməyi, iddiaçı isə cavabdehin, habelə onunla korporatov şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatlarının əməkdaşlarının xarici ölkələrə işgüzar dəfərlərinin təşkili və təmini üzrə kompleks xidmətlərin göstərilməsini öhdələrinə götürmüşlər. Müqavilə sifarişçiyə xarici ölkələrə və nəqliyyat daşımalara dair biletlərin bronlaşdırılması, satışı və çatdırılması, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində transferin təşkili edilməsi, tərəflər arasında yazılı şəildə razılaşdırılmalı olan digər xidmətləri göstərmək öhdəliyini qəbul etmək münasibətlərini tənzimləmişdir. İş materiallarında olan 20.08.2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında arasında bağlanmış 20.07.2018-ci il tarixli müqaviləyə əsasən üzləşmə aktının surətindən görünür ki, tərəflər arasında bağlanmış 20.07.2018-ci il tarixli, 28-2/18 saylı müqavilə üzrə “Sifarişçi” tərəfindən verilmiş sifarişə əsasən göstərilmiş xidmətlərə görə 20.08.2018-ci il tarixinə “Sifarişçi”nin “İcraçıya” 2764 manat borcu vardır. Qeyd edilən borc məbləği ilə bağlı tərəflərin bir-birinə qarşı heç bir iddiası, pretenziyası, tələbi və etirazı yoxdur. İş materiallarına əlavə edilmiş 02 saylı, 15.04.2021-ci il tarixli xəbərdarlıq bildirişinin surətindən görünür ki, İddiaçı MMC, Cavabdeh MMC-yə 15.04.2021-ci il tarixə cəmi 2674 manat məbləğ borcu yarandığını və həmin borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh(lər) üzər(lər)inə götürdü(kləri)yü öhdəli(klər)yi yerinə yetirməmişdir(lər). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh işgüzar səfərlərin təşkili ilə bağlı iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilmiş xidmətlərin dəyərini ödəməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 862.1-ci maddəsinə əsasən, turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2764 manat məbləğində borc və 60 manat məbləğində mediasiya xərci alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar