Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-928/2024 01.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 5497,96 manat məbləğində əsas borcun, 732,48 manat məbləğində faiz borcunun, 357,96 manat məbləğində cərimə borcunun, cəmi 6588,4 manat borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 22% olmaqla 11500 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh2 və Cavabdeh1 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh3 aid bütün öhdəlikləri icrа еtməlidirlər. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2024-cü il tarixli bildirişlə tərəflərə məlumat verilmişdir. Məhkəmə bildirişində tərəflərə izah edilmişdir ki, iş üzrə onlarda olan bütün sübutlar işin məhkəmədə hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasında iş yükünün cox olması ilə əlaqədar olaraq iştirak edə bilməyəcəklərini qeyd etmiş və e-2-2(121)-928/2024 nömrəli işə onların iştirakı olmadan baxılıb məhkəmənin baxış iclasına təyin edilməsini xahiş etmişdir. Həmçinin, nümayəndə X2 xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün cox olması ilə əlaqədar olaraq, e-2-2(121)- 928/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiklərini qeyd edərək, işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun işitrakı olmadan keçirilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iclasda iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsində və iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında tələb olunan kredit müqaviləsi üzrə faiz borcunun məbləği ilə, xx.xx.2023-cü il tarixli pretenziya məktubunda tələb olunan faiz borcu məbləği fərqlidir. İddia ərizəsində cavabdeh tərəfindən hansı tarixdən etibarən kredit ödənişinin aparılmadığı, cavabdeh tərəfindən son kredit ödənişinin hansı tarixdə və hansı məbləğdə həyata keçirildiyi, cavabdeh tərəfindən ödənilmiş kredit vəsaitlərinin hansı məbləğdə əsas borca, hansı məbləğdə faiz və ya cərimə borcuna hesablandığı göstərilmədiyinə görə, qeyd olunan halların müəyyən edilməsi üçün mütləq şərt kimi hesabdan çıxarış məlumatlarının məhkəməyə təqdim edilməsi zəruridir. Lakin iddiaçı hesabdan çıxarış məlumatlarını özündə əks etdirən sənədi iddia ərizəsinə əlavə etməmiş, həmçinin məhkəmə hazırlıq iclasında və məhkəmə baxış iclasına qədər olan dövrdə məhkəməyə təqdim etməmişdir. Buna görə də, cavabdehlərin kredit müqaviləsi üzrə borcunun həcmini müəyyən etmək mümkün deyildir. İddiaçının nümayəndəsi X3 bank hesabından çıxarış məlumatlarının məhkəmə hazırlıq iclasında və sonradan məhkəmə baxış iclasına qədər olan dövrdə təqdim edilməməsini, Şirvan şəhərinə təhkim olunmuş bankın əməkdaşının işdən çıxdığına görə həmin sənədi təqdim etmək imkanlarının olmaması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin bildirdiyi dəlilə tənqidi yanaşaraq qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsində işlər “Elektron Məhkəmə” informasiya sistemi tətbiq edilməklə aparılır. Vurğulanmalıdır ki, kommersiya mübahisələri üzrə bütün sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilməsi üçün kommersiya işi üzrə işdə iştirak edən şəxslərə zəruri şərait yaradılmışdır. Buna görə də, iddiaçı bankın hər hansı bir əməkdaşının işdən azad edilməsi iddiaçını sənədləri elektron qaydada məhkəməyə təqdim etməsi imkanından məhrum edə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Göründüyü kimi, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə görə sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti işin mahiyyəti üzrə baxılması üçün mühüm əhəmiyyət kəsb edən hesabdan çıxarış məlumatını özündə əks etdirən sənədi məhkəmə baxış iclasında qədər məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, həmin sübutun iddiaçı tərəfindən məhkəmə baxış iclasına qədər üzürlü səbəblərdən təqdim edə bilinməməsi halları da müəyyən edilmir. Əksinə, iddiaçının nümayəndəsi iki dəfə elektron ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və əlavə olaraq işin məhkəmə baxış iclasına təyin edilməsini tələb etmişdir. Bu da təsdiq edir ki, iddiaçı məhkəmə baxış iclasına işin təyin edilməsini xahiş etməklə, faktiki olaraq onlar tərəfindən bütün zəruri sübutların məhkəməyə təqdim edildiyini hesab etmişdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında işə mahiyyəti üzrə baxılması mümkün olmadığına görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-928/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-928/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver