Məhkəmə qərarları › İş №e-2-2(121)-929/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-929/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-929/2024 16.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən MK/03911/87/16 saylı, xx.xx.2022 tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 30369.14 manat əsas, 7443.1 manat faiz və 1271.54 manat cərimə borcunun, cəmi 39083.78 manat borcun və ödənilmiş 208 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bankla cavabdeh Həsənov Rafiq Mükafat oğlu arasında xx.xx.2020-ci il tarixli L006/2020/16 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış “MK/03911/87/16” saylı, xx.xx.2022 tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 18 faiz olmaqla 32500 manat kredit verilmişdir. Lakin kredit alan Həsənov Rafiq Mükafat oğlu ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aramızda imzalanmış «Kredit müqavilə»sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmçinin, digər cаvаbdеh Cavabdeh (zamin) həmin kredit Sazişinə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün cаvаbdеh Həsənov Rafiq Mükafat oğlu ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı cаvаbdеh Həsənov Rafiq Mükafat oğlunun bütün öhdəliklərini icrа еtməlidir. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə 30.361,95 manat əsas, 4.448,03 manat faiz, 120 manat məbləğndə cərimə borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaya etiraz etmədiyini qeyd edərək borcun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayuəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh Həsənov Rafiq Mükafat oğlu arasında xx.xx.2020-ci il tarixdə bağlanmış L006/2020/16 saylı “Kredit limitinin ayrılması haqqında” müqavilə əsasında cavabdehə 84 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh Həsənov Rafiq Mükafat oğlu arasında L006/2020/16 saylı, xx.xx.2020-ci il tarixli “Kredit limitinin ayrılması haqqında” müqavilə daxilində MK/03911/87/16 saylı, xx.xx.2022-ci il tarixli kredit sazişi bağlanmışdır. Göstərilən kredit sazişinə əsasən cavabdehə illik 18 faiz ödəmək şərti ilə 36 ay müddətinə 32.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, zamin Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə borcalan Həsənov Rafiq Mükafat oğlu ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********424 saylı və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Həsənov Rafiq Mükafat oğluna 32.500 manat məbləğində kredit verilmişdir. İş materiallarından olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Həsənov Rafiq Mükafat oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Həsənov Rafiq Mükafat oğlunun İddiaçı ASC-yə 30.361,95 manat əas, 4.448,03 manat faiz, 120 manat məbləğində cərimə borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən cavabehlərə pretenziya göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 208 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim N. Misirzadə), iddianın qismən təmin edilməsi, MK/03911/87/16 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 30361,95 manat əsas borc, 4448,03 manat faiz borcu, 120 manat cərimə, cəmi 34929,98 manat məbləğində kredit borcu və 200 manat məbləğində dövlət rüsumu (mediasiya xərci) Həsənov Rafiq Mükafat oğlundan alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Həsənov Rafiq Mükafat oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06367 ha torpaq sahəsi və üzərində 239.4 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldilməsi, Həsənov Rafiq Mükafat oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06367 ha torpaq sahəsi və üzərində 239.4 kv.m ümumi sahədən ibarət yaşayış evinin ilkin satış qiyməti 40698 manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin daşınmaz əmlakın satılmasından əldə edilən vəsaitdən 34929,98 manat məbləğində kredit borcu və 200 manat məbləğində dövlət rüsumu (mediasiya xərci) İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 25 manatı İddiaçı ASCdən, 125 manatı isə Həsənov Rafiq Mükafat oğlundan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraat başlanılmışdır. İş materiallarında olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə cavabdeh Həsənov Rafiq Mükafat oğluna kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər Cavabdeh arasında zaminlik münasibətlərini tənzimləyən “Kredit limitinin ayrılması haqqında” müqavilə daxilində MK/03911/87/16 saylı, xx.xx.2022-ci il tarixli kredit sazişinin imzalanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh Həsənov Rafiq Mükafat oğlu həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, cavabdeh (zamin) Cavabdeh mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, digər cavabdeh Həsənov Rafiq Mükafat oğluna xx.xx.2022-ci il tarixli, MK/03911/87/16 saylı kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraat başlanılmış və hal-hazırda icra sənədi üzrə icra tədbirləri davam etdirildiyindən iddiaçı verdiyi krediti cavabdeh (zamin) Cavabdeh tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Həsənov Rafiq Mükafat oğlu kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında Həsənov Rafiq Mükafat oğlunun pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə, iddianın 1.271,54 manat cərimənin cavabdehdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə əsas və faiz borcunun ümumilikdə 34.809,98 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 10 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia cərimə borcuna münasibətdə qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 208 manat dövlət rüsumunun 185 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 30.361,95 manat məbləğində əsas borc, 4.448,03 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu və 185 manat dövlət rüsumu olmaqla, ümumilikdə 35.004,98 (otuz beş min dörd manat, doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar