Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-93/2021 04.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı “X3” MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X3” MMC Cavabdeh MMC-yə qarşı – AZTX/826 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 25336,96 manat əsas borc və gecikdirilmiş günlər üzrə 480,70 manat məbləğində cərimə olmaqla, ümumilikdə 25817,66 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə AZTX/826 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən” (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (Cavabdeh MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar 2019-cu ilin dekabr ayının 5-dən - 2019-cu ilin dekabr ayının 31-nədək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə görülmüş işlərə dair icarəçi və icarəyə verən tərəfindən təhvil-təslim aktı tərtib edilərək imzalanmışdır. Həmin təhvil-təslim aktından da görünür ki, qeyd olunan müddət ərzində ümumilikdə 21472 manat əsas məbləğ və 3864,96 manat ƏDV məbləğində icarə haqqı hesablanmışdır. Lakin, icarəçi Cavabdeh MMC tərəfindən icarəyə verənə heç bir ödəniş edilməmişdir. Qeyd edilən məbləğdə borc bu günə qədər ödənilməmiş qalır. İcarəyə verən ilə icarəçi arasında hər ay görülən işlərə görə ödənilməli məbləğ barədə akt tərtib edilərək hər iki tərəfdən imzalanmışdır. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəçinin istifadəsinə verilmiş icarə obyektlərinin istifadəsinə görə 21472 manat əsas məbləğ və 3864,96 manat ƏDV məbləği, ümumilikdə 25336,96 manat borc ödənilməmiş qalır. Tərəflər arasında bağlanan AZTX/826 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən icarə haqqı aylıq ödənilir. Həmin müqavilənin 4.3 və 4.4-cü maddələrinə əsasən İcarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 (beş) iş günü ərzində ödəniş həyata keçirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01% gecikmə faizi hesablanır. Göstərilənlərə əsasən, ödənilməmiş e-qaimələr üzrə gecikdirmə faizi hesablanmalıdır. Beləliklə, icarəçi Cavabdeh MMC icarə müqaviləsi əsasında “xxxx” MMC-dən istifadə üçün təhvil aldığı icarə obyektlərinə görə 25336,96 manat əsas borc və gecikdirilmiş günlər üzrə 480,70 manat məbləğində cərimə olmaqla, ümumilikdə 25336,96+ 480,70 = 25817,66 manat məbləğində ödənilməmiş borcu var. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2020-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmiş, yaranmış bocun ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. İddiaçı sonradan iddia tələbinin həcmini azaldaraq, AZTX/826 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 15472 manat əsas borc və gecikdirilmiş günlər üzrə 480,70 manat məbləğində cərimə olmaqla, ümumilikdə 15952,70 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun namyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “X3” MMC ilə Cavabdeh MMC arasında AZTX/826 saylı xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə (və ona əlavə edilən 1 saylı əlavəyə) əsasən “İcarəyə verən” (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (Cavabdeh MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, icarə obyekti cavabdehə təhvil verilmiş və ödəniləcək məbləğ 25336,67 manat olması göstərilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, AZTX/826 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verənə məxsus texnikalar xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək idarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Qeyd olunan aylar ərzində 21472 manat əsas məbləğ, 3864,96 manat ƏDV məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X3” MMC ilə bağlanmış müqaviləyə əsasən borcun ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqavilə(lər)si əsasında icarə obyektini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı icarə haqqının ödənilməsi tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 480,70 manat məbləğində deyil, 48 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, icarə haqqı borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manata cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15472 manat məbləğində əsas borc, 48 manat məbləğində cərimə, cəmi 15520 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu Cavabdeh MMCdən alınaraq “X3” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-93/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-93/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver