Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-93/2022 16.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.500 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Araz Supermarket” MMC (bundan sonra Şirkət) ilə Cavabdeh arasında bağlanmış 25.08.2020-ci il tarixli “Borcun Etirafı və X3” Müqaviləsinə əsasən onun Şirkətə 18.500 manat borcu olmasını etiraf edərək, həmin məbləği hər ay 1542 manat olmaqla 12 aya Şirkətə ödəmək öhdəliyini götürmüşdür. 25.08.2020-ci il tarixli “Borcun Etirafı və X3” Müqavilənin 2.2-ci bəndinə əsasən borclu tərəfindən ödəniş hər ayın bağlandığı gündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə məhkəməyə müraciət edə bilər. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə icra etməmişdir. Cavabdeh dəfələrlə cəmiyyətə olan borcunu ödəməsi tələb olunmasına baxmayaraq, sonuncu tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Borcun etirafı və X3” 25 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18.500 manat borcun yarandığını tam etiraf edmişdir. Müqavilə Cavabdeh tərəfindən imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh 12 aya 18.500 manat borcun yarandığını, həmin məbləği 25.09.2020-ci il tarixindən hər ay 1.542 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.06.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış “borcun etirafı və X3” 25 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən 18.500 manat borcunun olduğunu bildirmiş, həmin borcun 5 iş günü müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan 28.09.2020-ci il tarixli, 000035 saylı qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 200 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “dövlət rüsumunun ödənilməsi haqqında məlumat”dan görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında “borcun etirafı və X3” 25 avqust 2020-ci il tarixli müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 18.500 manat borcun yarandığını tam etiraf etmişdir. Sonradan cavabdeh 18.500 manat borc məbləğindən 200 manat İddiaçınə ödəmişdir. Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 18.300 manat borcu qalmışdır. Eyni zamanda, 20 oktyabr 2021-ci il tarixində keçirilən məhkəmə iclasında cavabdeh 25 avqust 2020-ci il tarixli “Borcun etirafı və X3” müqaviləni imzaladığını, müqaviləni imzaladıqdan sonra vaxtı keçmiş məhsulları iddiaçıya geri qaytardığını bildirsə də, vaxtı keçmiş malların geri qaytarıldığını və borcun ödənildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddsəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, mövcud borcun etirafı haqqında müqaviləyə görə borclu kreditorun ondan borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürür. Müqavilənin əsas məqsədi borcun etirafını təmin etməkdən ibarətdir. Borcun etirafı isə hüquqi əhəmiyyətə malik olan hərəkətdir. Bununla yanaşı, borcun etirafı haqqında müqavilə birtərəfli müqavilədir. Ona görə ki, borclu yalnız kreditorun borcun ödənilməsini tələb etmək hüququnu tanımaq vəzifəsini daşıyır. Kreditor isə ancaq borcludan onun borcun ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıya pulun ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh “borcun etirafı və X3” 25 avqust 2020-ci il tarixli müqavilə bağlayaraq borcunu etiraf etmiş, lakin qeyd olunan müqavilə əsasında borcun ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Sonradan cavabdeh həmin müqavilə əsasında 200 manat iddiaçıya ödəniş etmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia qismən təmin edilərək, 18.300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan “dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan” görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18.300 (on səkkiz min üç yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 18.330 (on səkkiz min üç yüz otuz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-93/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-93/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver