Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-93/2023 06.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 022A********** saylı kredit müqaviləsinin, xx.xx.2021-ci il tarixli 022A**********S saylı və xx.xx.2021-ci il tarixli 022A**********SA saylı sazişlərin ləğv edilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 13277.82 manat məbləğində kredit bоrcu, 3267.50 manat məbləğində faiz bоrcu və 6853.08 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 23398 (iyirmi üç min üç yüz doxsan səkkiz) manat 40 (qırx) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmimin) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 022A**********S saylı, xx.xx.2021-ci il tarixli 022A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 6722.18 manat ödəniş etmiş və оnun iddiaçıya 13277.82 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 219 gün üçün hesablanmış faiz borcu 3267.50 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 219 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 6853.08 manat təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və X2 qarşı – kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair iş üzrə icraata “kredit razılaşmasının və sazişlərin ləğv edilməsi” hissəsində xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 022A********** saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində krеdit götürmüşdür. İşdən görünür ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında xx.xx.2019-cu il tarixli, 022G**********03 saylı; xx.xx.2021-ci il tarixli, 022G**********01 saylı; xx.xx.2019-cu il tarixli, 022G**********04 saylı və xx.xx.2019-cu il tarixli, 022G**********05 saylı zaminlik müqavilələri bağlanılmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış “kredit müqavilə və ödəniş planına dəyişiklik edilməsi haqqında” 28 yanvar 2021-ci il tarixli, 022A**********S saylı və 27 avqust 2021-ci il tarixli, 022A195488773SA saylı sazişlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli, 022A********** saylı kredit müqaviləsi 28 yanvar 2021-ci il tarixində 24 ay, 27 avqust 2021ci il tarixində isə 23 ay müddətinə uzadılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış “zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 022G**********03 saylı; xx.xx.2021-ci il tarixli, 022G**********01 saylı; xx.xx.2019-cu il tarixli, 022G**********04 saylı və xx.xx.2019-cu il tarixli, 022G**********05 saylı zaminlik müqavilələri 27 avqust 2021-ci il tarixində 23 ay müddətinə uzadılmışdır. İş materiallarında olan bildirişlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun olması, borc ödənilmədiyi halda müqaviləyə xitam verilməsi, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məlumatlandırılmışlar. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh3 qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 13.277,82 manat məbləğində əsas borc, 3.267,50 manat məbləğində faiz borcu, 6.853,08 manat məbləğində cərimə borcu, cəmi 23.398,40 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan “mediasiya sessiyasında iştirak edilməməsi barədə” 24 sentyabr 2022-ci il tarixli, 20808 saylı arayışdan görünür ki, İddiaçı QSC tərəfindən 210 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2023-cü il tarixli, 9/3362 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 022A********** nömrəli kredit razılaşmasının və sonuncu xx.xx.2021-ci il tarixli, 022A**********SA saylı sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 13.652,26 manat, faiz borcu 2.998,49 manat, cərimə borcu 4.678,17 manat müəyyən edilir. Qeyd edilən ekspertizanın xərci 200 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2023-cü il tarixli, 9/3362 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli, 022A********** nömrəli müqavilədə faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2023-cü il tarixli, 9/3362 saylı ekspert rəyi ilə kredit müqaviləsi üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 022A********** kredit müqaviləsi üzrə 13.277,82 manat əsas, 2.998,49 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas borcun tutulması hissəsində iddia tam, faiz borcun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit alsa da kredit məbləğini iddiaçıya tam qaytarmamışdır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin 6.853,08 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Yəni, həmin müqavilənin 4.2.2-ci bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 700 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, eyni zamanda cavabdehlər (zaminlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, zaminlər Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün birgə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Qeyd olunan Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4n və Cavabdeh5 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da Cavabdeh3 iddiaçı qarşısında olan pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdürlər. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 210 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manatı müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, 50 (əlli) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 13.277,82 manat məbləğində əsas borc, 2.998,49 manat məbləğində faiz borcu, 700 manat məbləğində cərimə borcu və 210 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 17.186,31 (on yeddi min yüz səksən altı manat, otuz bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manatı müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, 50 (əlli) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-93/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-93/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver