Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-94/2023 07.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11 Sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsi üzrə kreditə görə 115.044,06 manat, faiz borcuna görə 25.113,96 manat, cərimə borcuna görə 19.783,55 manat, cəmi 159.941,57 manat pulun və mediasiya xərci kimi ödənilmiş 810 manat məbləğində pulun Nümayəndə1 ASC-nin vasitəsilə iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Nümayəndə1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 Sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 200000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1-ci maddəsi). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 11 Sentyabr 2020-ci il tarixdə Nümayəndə1 ASC ilə digər Cavabdeh1 ilə Nümayəndə1 ASC arasında RBN-6506/BK saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 11 Sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. 11 Sentyabr 2020-ci il tarixli, RBN-6506/BKsaylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2022-ci il tarixli X2 Barədə Təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həlledilməsi təklif edilmişdir. Lakin Borclular ilkin mediasiya sessiyasına dəvət edilsələr də iştirak etməmişlər. Bu barədə Lənkəran 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli, MŞL- 00877 nömrəli Arayış təqdim edilmiş və 410 manat mediasiya xərci Nümayəndə1 ASC tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2022-ci il tarixinə 11 Sentyabr 2020-ci il tarixli, RBN-6506/BKsaylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 115044,06 manat, faiz borcuna görə 25113,96 manat, cərimə borcuna görə 19783,55 manat, borcun cəmi məbləği 159941,57 manat təşkil edir. 11 sentyabr 2020-cu il tarixli, RBN-6506/BK saylı kredit müqavilələrindən irəli gələn öhdəliklər Borclular tərəfindən icra edilmədiyi halda, Borcun 85 faizinin ödənilməsinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2020-ci il tarixli, 63/2020 nömrəli Zəmanət məktubuna əsasən zəmanət verilmişdir. “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinə dair müraciətlərin qəbulu və rəsmiləşdirilməsi Qaydaları”na 13 nömrəli Əlavə əsasında Nümayəndə1 ASC ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu arasında 11 may 2022-ci il tarixli 1 nömrəli Tələbin güzəşti müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-cimaddəsinə görə, iddiaçı Nümayəndə1 ASC ilə cavabdeh – Cavabdeh2 arasında bağlanmış 11 Sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsinə əsasən illik 16 % (on altı) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində cavabdehə verilmiş kredit üzrə bütün tələb hüquqları Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna güzəşt edilir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu isə Zəmanət üzrə ödənişi tam məbləğdə Müvəkkil banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin zəmanət üzrə ödəniş tam edilmədiyindən hal-hazırda Fondun nümayəndəsi kimi Müvəkkil Bank çıxış edir. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 kredit müqaviləsi üzrə əsas və faiz borcunu qəbul etdiyini, lakin hesablanmış cərimə borcu ilə razılaşmadığını bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nümayəndə1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 16 faiz dərəcəsi ilə, 24 ay müddətinə dövriyyə vəsaitinin artırılması məqsədilə 200.000 (iki yüz min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 11 sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı zaminlik müqaviləsindən görünür ki, Nümayəndə1 ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zamin bankla borcalan arasında 11 sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Nümayəndə1 ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-6979 saylı arayışından görünür ki, Nümayəndə1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka 115.044,06 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 25.113,96 manat və cərimə 19.783,55 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 159.941,57 manat təşkil edir. İş materiallarında olan 63/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli zəmanət məktubundan görünür ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Nümayəndə1 ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, 16% dərəcəsi ilə 200.000 manat məbləğində kreditin verilməsinə zəmanət vermişdir. İş materiallarında olan “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinə dair müraciətlərin qəbulu və rəsmiləşdirilməsi Qaydaları”na 13 nömrəli əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Nümayəndə1 Açıq Səhmdar Cəmiyyəti (Müvəkkil bank) ilə bağlanmış 11 may 2022-ci il tarixli, 1 saylı tələbin güzəşti müqaviləsindən görünür ki, müvəkkil bank 11 sentyabr 2020-ci il tarixli RBN-6506/BK nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 verilmiş kredit üzrə bütün tələb hüquqlarını fonda güzəşt edməyi, fond isə 08 sentaybr 2020-ci il tarixli 63/2020 nömrəli zəmanət məktubuna əsasən 3 iş günü müddətində zəmanət üzrə ödəniş məbləğini birdəfəlik qaydada müvəkkil bankın hesabına köçürməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Nümayəndə1 ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair pretenziyalar göndərilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİH-13797 nömrəli, 01 fevral 2022-ci il tarixli və MŞL-00877 nömrəli, xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Nümayəndə1 ASC tərəfindən ümumilikdə 810 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 9/412 saylı ekspert rəyində qeyd olunur ki, 11 sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixə Cavabdeh2 Nümayəndə1 ASC-nə olan borcu 132.871,18 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 114.868,06 manat, faiz borcu 18.003,12 manatdır; xx.xx.2022-ci il tarixə Cavabdeh2 Nümayəndə1 ASC-nə olan borcu 135.423,81 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 114.868,06 manat, faiz borcu 20.555,75 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə Nümayəndə1 ASC-nin kredit müqaviləsi üzrə Cavabdeh2 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda Nümayəndə1 ASC ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. Nümayəndə1 ASC tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bundan başqa, “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinə dair müraciətlərin qəbulu və rəsmiləşdirilməsi Qaydaları”na 13 nömrəli əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Nümayəndə1 Açıq Səhmdar Cəmiyyəti (Müvəkkil bank) ilə bağlanmış 11 may 2022-ci il tarixli, 1 saylı tələbin güzəşti müqaviləsinə əsasən müvəkkil bank 11 sentyabr 2020-ci il tarixli RBN-6506/BK nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 verilmiş kredit üzrə bütün tələb hüquqlarını Fonda güzəşt edməyi, Fond isə 08 sentaybr 2020-ci il tarixli 63/2020 nömrəli zəmanət məktubuna əsasən 3 iş günü müddətində zəmanət üzrə ödəniş məbləğini birdəfəlik qaydada müvəkkil bankın hesabına köçürməyi öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 9/412 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 11 sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsi üzrə 114.868,06 manat əsas və 18.003,12 manat faiz borcunun olması iş materialları və Cavabdeh2 07 iyun 2023-cü il tarixində keçirilən məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, eyni zamanda borcun zamindən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddiaçının zaminə qarşı tələbi əsaslıdır. Nümayəndə1 ASC ilə Cavabdeh1 arasında bağlanılmış zaminlik müqaviləsindən də görünür ki, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi, habelə zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabehlər həmin müqavilələrə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh2 iddiaçıya 11 sentyabr 2020ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsinə əsasən borcu yaranmışdır. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 zamin qismində borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını zamindən tələb etməkdə haqlıdır. Məhkəmə iddianın 19.783,55 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 2.900 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdeh(lər)in əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “X2 barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “X2 barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 810 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iddia qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 50 (əlli) manatı isə iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 114.868,06 manat məbləğində əsas borc, 18.003,12 manat məbləğində faiz borcu, 2.900 manat məbləğində cərimə borcu və 810 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 136.581,18 (bir yüz otuz altı min beş yüz səksən bir manat, on səkkiz qəpik) manat məbləğində pul tutularaq Nümayəndə1 ASC-nin vasitəsilə iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 50 (əlli) manatı isə iddiaçı “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-94/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-94/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver