Məhkəmə qərarları › İş №e-2-2(121)-95/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-95/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-95/2021 24.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsi üzə 150.914,39 manat əsas borcun və gecikdirilmiş günlər üzrə 2.117,87 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, “İcarəyə verən” (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş “icarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (Cavabdeh MMC) verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Həyata keçirilən aylıq işlərə dair icarəçi və icarəyə verən tərəfindən təhvil-təslim aktı tərtib edilərək imzalanmışdır. Həmin təhvil-təslim aktından da görünür ki, qeyd olunan aylar ərzində ümumilikdə 724.392,39 manat əsas məbləğ və 130.390,63 manat ƏDV məbləğində icarə haqqı hesablanmışdır. İcarəçi tərəfindən icarəyə verənə ümumilikdə 596.498,84 manat əsas məbləğ və 107.369,80 manat ƏDV ödənilmişdir. Hesablanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 127.893,56 manat əsas məbləğ və 23.020,83 manat ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır. Tərəflər arasında bağlanan AZTX/505 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən icarə haqqı aylıq ödənilir. Həmin müqavilənin 4.3 və 4.4-cü maddələrinə əsasən icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 (beş) iş günü ərzində ödəniş həyata keçirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01% gecikmə faizi hesablanır. Göstərilənlərə əsasən, ödənilməmiş e-qaimələr üzrə gecikdirmə faizi 2117,87 manat təşkil edir. Beləliklə, icarəçi “Cavabdeh MMC icarə müqaviləsi əsasında “xxxx” MMC-dən istifadə üçün təhvil aldığı icarə obyektlərinə görə 150.914,39 manat əsas borc və gecikdirilmiş günlər üzrə 2.117,87 manat məbləğində cərimə olmaqla, ümumilikdə 153.032,26 manat məbləğində ödənilməmiş borcu var. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2020-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmiş, yaranmış bocun ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflərin nümayədələri məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ilə müraciət olunaraq, işə onların nümayəndələrinin iştirakları olmadan baxılması xahiş edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə teleqram ünvanlanaraq, ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmiş və məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsindən görünür ki, “xxxx” MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında icarəyə verənə məxsus ağır texnikaların, yük avtomobillərinin və başqa nəqliyyat vasitələrinin icarəçiyə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “İcarəyə verən” müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə verməyi, “İcarəçi” isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsinə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif vaxtlarda imzalanmış əlavələrdən (cəmi 19 əlavə) görünür ki, tərəflər icarəyə verilən icarə obyeklərinin markaları, modelləri, aylıq və saatlıq icarə haqları və s. məsələlərlə bağlı razılığa gəlmişlər. İş materiallarında olan təhvil-təslim aktlarından görünür ki, xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixə 18.753,87 manat məbləğində, xx.xx.2019-cu il tarixə 50.637,24 manat məbləğində, xx.xx.2019-cu il tarixə 63.713,37 manat məbləğində, xx.xx.2019-cu il tarixə 83.435,15 manat məbləğində, xx.xx.2019-cu il tarixə 82.600,21 manat məbləğində, xx.xx.2019-cu il tarixə 82.600,13 manat məbləğində, xx.xx.2019-cu il tarixə 39.928,67 manat məbləğində, xx.xx.2019-cu il tarixə 7.332,69 manat məbləğində, xx.xx.2020-ci il tarixə 120.360 manat məbləğində, xx.xx.2020-ci il tarixə 119.857,96 manat məbləğində, xx.xx.2020-ci il tarixə 126.383,44 manat məbləğində və xx.xx.2020-ci il tarixə 60.180,35 manat məbləğində işlərin yerinə yetirilməsinə dair tərəflər arasında təhvil-təslim aktları imzalanmışdır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, icarə haqlarının ödənilməsi ilə bağlı “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimələr göndərilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsinə əsasən, 127.893,56 manat əsas məbləğ və 23.020,83 manat ƏDV məbləği olmaqla, cəmi 150.914,39 manat məbləğində pulun 14 gün ərzində “xxxx” MMC-nin hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh MMC məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 724.392,39 manat əsas məbləğ və 130.390,63 manat ƏDV məbləğində icarə haqqı hesablanmışdır. İcarəçi tərəfindən icarəyə verənə ümumilikdə 596.498,84 manat əsas məbləğ və 107.369,80 manat ƏDV məbləği ödənilmişdir. Hesalanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 127.893,56 manat əsas məbləğ və 23.020,83 manat ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır. xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 borcu qəbul etdiklərini, lakin Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə aparılmış 27.893,56 manat və xx.xx.2020-ci il tarixdə ƏDV sub-uçot hesabına aparılmış 5.020,84 manat ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 da borcu qəbul etdiklərini, aparılmış ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, iddia qaldırıldıqdan sonra Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə 27.893,56 manat əsas məbləğ və 5.020,84 manat ƏDV məbləğində ödəniş həyata keçmişdir. Cavabdeh MMC tərəfindən AZTX/505 saylı müqaviləyə əsasən, “xxxx” MMC-yə 100.000 manat əsas və 17.999,99 manat ƏDV borcu mövcuddur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 724.392,39 manat əsas məbləğ və 130.390,63 manat ƏDV məbləğində icarə haqqı hesablanmışdır. İcarəçi tərəfindən icarəyə verənə ümumilikdə 624.392,39 manat əsas məbləğ və 112.390,60 manat ƏDV məbləği ödənilmişdir. Hesalanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 100.000 manat əsas məbləğ və 17.999,99 manat ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır. İş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında ağır texnikaların, yük avtomobillərinin və başqa nəqliyyat vasitələrinin icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsi bağlanılmış, müqaviləyə əsasən, “İcarəyə verən” müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə verməyi, “İcarəçi” isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmiş və qeyd olunan müddət ərzində ümumilikdə 724.392,39 manat əsas məbləğ və 130.390,63 manat ƏDV məbləğində icarə haqqı hesablanmışdır. Hesalanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 127.893,56 manat əsas məbləğ və 23.020,83 manat ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilərək həmin borcun 14 gün ərzində “xxxx” MMC-nin hesabına ödənilməsi tələb edilmişdir. Bundan sonra, sonra Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə 27.893,56 manat əsas məbləğ və 5.020,84 manat ƏDV məbləğində ödəniş həyata keçirilsə də, cavabdehin iddiaçıya 100.000 manat əsas məbləğ və 17.999,99 manat ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır. Borcun tam şəkildə ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsindən irəli gəlir. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsi üzrə “xxxx” MMC-yə 100.000 manat əsas məbləğ və 17.999,99 manat ƏDV məbləği olmaqla, cəmi 117.999,99 manat ödənilməmiş borcunun mövcud olduğu iş materialları ilə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “xxxx” MMC-nin gecikdirilmiş günlər üzrə 2.117,87 manat pulun Cavabdeh MMC-dən tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, AZTX/505 saylı icarə müqaviləsinin 4.10-cu maddəsinə əsasən, faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənmədiyi halda illik 5%-i keçməmək şərtilə günlük 0,01% gecikmə faizi hesablanacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 2.117,87 manat məbləğində deyil, 200 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 6,90 manatı iddiaçıya aid edilməli, 23,10 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 117.999,99 manat əsas borc, 200 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 23,10 manat olmaqla, cəmi 118.223,09 (bir yüz on səkkiz min iki yüz iyirmi üç manat, doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar