Məhkəmə qərarları › İş №e-2-2(121)-96/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-96/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-96/2022 05.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı - 177.914,69 manat əsas, 14.205,64 manat faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 6.276,34 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.05.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 103 nömrəli mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 16.07.2019-cu il tarixli 018 NFFK saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 12 (on iki) ay müddətinə illik 18 faiz dərəcəsi ilə 180.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.05.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 103 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 16 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə 21 saylı Notariat Ofisi tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19.07.2019-cu il tarixli 267167 qeydiyyat nömrəli çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olmasına, habelə **********288 saylı 20.04.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli, e-2-2(115)-604/2021 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 02.08.2021-ci il tarixli, e-2-2(121)-1567/2021 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına götürülmüşdür. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 16 iyul 2019-cu il tarixli, 018 NFFK saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 MMC-yə illik 18 faiz dərəcəsi ilə, 12 ay müddətinə dövriyyə vəsaitlərinin artırılması və cari kredit borcunun bağlanması məqsədilə 180.000 (bir yüz səksən min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 iyul 2019cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, 16 iyul 2019-cu il tarixli, 018 NFFK saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh1 məxsus, ünvan 3 ünvanında yerləşən, 210,5 kv.m. ümumi sahədən ibarət 103 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh1 tam mülkiyyətindədir. İş materiallarında olan 19.07.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin 13.04.2021-ci il tarixli, **********187 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 16 iyul 2019-cu il tarixli, 018 NFFK saylı kredit müqaviləsi üzrə cavabdehin 01.04.2021-ci il tarixə banka 177.914,69 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 14.205,64 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 0,00 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 6.276,34 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 198.396,67 manat təşkil edir. İş materiallarında olan, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC ünvanlanmış 20.04.2021-ci il tarixli pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 16 iyul 2019-cu il tarixli, 018 NFFK saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 19 aprel 2021-ci il tarixli, **********280 saylı ərizədən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, 10 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materialında olan, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 13.04.2021-ci il tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanılmış 16 iyul 2019cu il tarixli, 018 NFFK saylı kredit müqaviləsi borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 məlumatlandırılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 noyabr 2021-ci il tarixli, 439/ATB/21 saylı mənzilin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 126 ünvanında 17 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 4 otaqlı, 103 nömrəli mənzilin real bazar dəyəri 540.000 manat, likvid dəyəri isə 510.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 325 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 300 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/9195 saylı ekspert rəyində qeyd olunur ki, tərəflər arasında bağlanmış 16.07.2019-cu il tarixli, 018 NFFK saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 MMC-nin 16.07.2020-ci il tarixə əsas borc üzrə 177.906,35 manat, illik 18 %-lə hesablanmış faiz borcu üzrə 13.520,88 manat, 01.04.2021-ci il tarixə əsas borc üzrə 171.970,27 manat, illik 18 %-lə hesablanmış faiz borcu üzrə 0,00 manat, illik 5 %-lə hesablanmış faiz borcu üzrə 3.654,37 manat müəyyən edilir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 16 iyul 2019cu il tarixli, 018 NFFK saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 MMC-yə illik 18 faiz dərəcəsi ilə, 12 ay müddətinə 180.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 arasında 16 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 məxsus, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 126 ünvanında 17 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 4 otaqlı, 103 nömrəli mənzil sözügedən kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/9195 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin tərəflər arasında bağlanmış 16 iyul 2019-cu il tarixli, 018 NFFK saylı kredit müqaviləsi üzrə 171.970,27 manat əsas, 0,00 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 3.654,37 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas borcun və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməli, faiz borcunun tutulması hissəsində isə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 16 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh1 məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 126 ünvanında yerləşən, 210,5 kv.m. ümumi sahədən ibarət 103 nömrəli mənzilin ilkin satış qiyməti 510.000 manat müəyyən edilməklə həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Məhkəmə o cümlədən, iddia ərizəsinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin ləğv prosesində olan İddiaçı ASCyə təhvil verilməsi” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mənzil satıldıqdan sonra, həmin mənzilin mülkiyyətçisi iddiaçı, yəni ləğv prosesində olan İddiaçı ASC olmaya da bilər. Buna görə də iddiaçının mənzilin ona təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 3 manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun 27 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat isə Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-yə, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manatı Cavabdeh2 MMC-dən, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 171.970,27 manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 3.654,37 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum olmaqla, ümumilikdə 175.691,64 (bir yüz yetmiş beş min, altı yüz doxsan bir manat, altmış dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 126 ünvanında yerləşən, 210,5 kv.m. ümumi sahədən ibarət 103 nömrəli mənziliə yönəldilsin. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 126 ünvanında yerləşən, 210,5 kv.m. ümumi sahədən ibarət 103 nömrəli mənzilin ilkin satış qiyməti 510.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 171.970,27 manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 3.654,37 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manatı Cavabdeh2 MMC-dən, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar