Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-968/2021 02.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.457,82 manat əsas borc, 115,41 manat faiz olmaqla, cəmi 1.573,23 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar Cavabdeh ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının İmişli filialı arasında pambıq istehsalı üçün 9 ay müddətinə, illik 10 faizlə 5.100 manat məbləğində kredit verilməsinə dair 28 mart 2018-ci il tarixli, P-258 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh 2.891 manat kredit verilmişdir. Cavabdeh kredit təşkilatına olan kredit borcunun tam ödənilməməsinə görə onunla bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 2.891 manat kredit borcundan 1.433,18 manat əsas borc və hesablanmış faiz borcundan 174,86 manat ödəniş etmişdir. Cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 1.457,82 manat əsas borc, 115,41 manat faiz borcu, olmaqla, cəmi 1.573,23 manat borcu vardır. Borcun ödənilməsi barədə Cavabdeh müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 mart 2018-ci il tarixli, P-258 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı (borcverən) ilə Cavabdeh (borcalan), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı), X1 və Emalı Zavodu (tədarükçü) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcverən borcalana pambıq istehsalı üçün 31 dekabr 2018-ci il tarixədək, illik 10 faizlə 5.100 manat kredit verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin şərtlərinə uyğun olaraq borcalan Beyləqan rayonu, Sarı-Su qəsəbəsində 8,0 ha. torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Xam pambığın yığılması və tədarükü üzrə təlimat”ın tələblərinə uyğun olaraq tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən hissə-hissə olmaqla, ona ümumilikdə 2.891 manat kredit verilmişdir. Onun tərəfindən hissə-hissə olmaqla ümumilikdə 1.433,18 manat əsas borcdan və 174,86 manat faiz borcundan ödənişlər olmuşdur. İş materiallarında olan Cavabdeh İddiaçı Səhmdar Kredit Təşkilatına 21.01.2021-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh 2.891 manat kredit verilmişdir. Həmin kredit məbləğindən Cavabdeh 1.433,18 manat əsas borcu, 174,86 manat faiz borcunu ödəsə də, 1.457,82 manat əsas borcu, 115,41 manat faiz borcu olmaqla cəmi 1.573,23 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan 06.05.2020-ci il tarixli, 196 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh məktub ünvanlayaraq onun aralarında bağlanmış 28 mart 2018-ci il tarixli, P- 258 saylı kredit müqaviləsinə əsasən borcunun olduğunu bildirmiş, həmin borcun 10 iş günü müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu tərəfindən 27.05.2021-ci il tarixdə bildiriş qəbul edilməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada 28 mart 2018-ci il tarixli, P-258 saylı kredit müqaviləsinin, 06.05.2020-ci il tarixli, 196 saylı pretenziya məktubunun, Cavabdeh məxsus hesabdan çıxarışın, Cavabdeh İddiaçı Səhmdar Kredit Təşkilatına 21.01.2021-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 28 mart 2018-ci il tarixli, P-258 saylı kredit müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 28 mart 2018-ci il tarixli, P-258 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı 06.05.2020-ci il tarixli, 196 saylı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq (bildiriş) göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materialları ilə iddiaçı tərəfindən cavabdehə 2.891 manat kredit verildiyi, cavabdeh tərəfindən həmin kredit məbləğindən 1.433,18 manat əsas borcun, 174,86 manat faiz borcunun ödənildiyi, lakin 1.457,82 manat əsas borc, 115,41 manat faiz borcu olmaqla, cəmi 1.573,23 manat məbləğində borcun qaldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş 30.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia kredit borcunun tutulması hissəsində iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 1.457,82 manat məbləğində əsas borc, 115,41 manat faiz borcu olmaqla, cəmi 1.573,23 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 1.457,82 manat məbləğində əsas borc, 115,41 manat faiz borcu olmaqla, cəmi 1.573,23 (bir min beş yüz yetmiş üç manat, iyirmi üç qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-6.3-cü maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-968/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-968/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver