Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-97/2024 09.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı səhm payına uyğun dividentin ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-2021-ci ilin fevral ayının 21-dək müddətə olan 6000 manat dividend haqqının İddiaçı1, 21 fevral 2021-ci il tarixdən məhkəmənin qətnaməsi qanuni qüvvəsini alanadək olan müddətə olan 1500 manat dividend haqqının X2 cavabdeh “Beyləqan-Avtonəqliyyat“ ASC-dən alınaraq verilməsi, əlavə olaraq cavabdehdən 20 manat mediasiya xərcinin və 80 manat dövlət rüsumun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdeh “Beyləqan-Avtonəqliyyat “ ASC-də 117 ədəd səhm payı mövcud olmuşdur. İddiaçı1 həmin səhmləri 21 fevral 2021ci il tarixdə nəvəsi X2 bağışlamışdır. Cavabdeh səhmdar cəmiyyətdən dividend haqqını ala bilmədiyindən məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli qətnaməsi ilə ona 500 manat dividend haqqının alınıb verilməsi qət edilmişdir. Lakin o tarixdən keçən 8 il ərzində yenə cavabdeh təşkilat dividendi ödəməkdən yayınmışdır. 2015-2021-ci illər üzrə dividend İddiaçı1, 2021-ci ildən 2023-cü ilədək qətnamənin çıxarıldığı günədək olan dividend isə Ömər Qulizadəyə ödənilməlidir. Cavabdeh “Beyləqan-Avtonəqliyyat “ ASC-nin nümayəndəsi X3 təqdim etdiyi iddia ərizəsinə qarşı yazılı etirazda iddia tələbinin əsassız olduğunu, 2015-2021-ci illər ərzində müəssisənin fəaliyyəti nəticəsində mənfəət olmadığına görə heç bir səhmdara dividend verilmədiyini, iddiaçının da bu barədə məlumatı olduğunu, bundan başqa aralarında olan razılaşmaya əsasən İddiaçı1 məxsus səhmlərin ona satılması üçün İddiaçı1 2000 manat nağd pul vəsaiti verdiyini, bu məqsədlə 4 il ərzində akt əsasında iddiaçıya 1380 manat pul verdiyini, qalan 620 manatı isə aktlaşdırmadan iddiaçıya ödədiyini, lakin İddiaçı1 müxtəlif bəhanələrlə səhmləri ona satmaqdan yayındığını, sonradan həmin səhmləri iddiaçının öz nəvəsinə bağışladığını öyrəndiyini, bundan sonra səhmərin alınması üçün ödədiyi pulu geri tələb etdiyini, iddiaçının isə ondan dividend tələb etdiyini, “Beyləqan-Avtonəqliyyat “ ASC-də X4 adında səhmdarın qeydə alınmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 2015-ci ildən etibarən cavabdeh tərəfindən ona dividend ödənilmədiyini, onda olan məlumatlara görə səhmdar cəmiyyətin gəlirlə fəaliyyət göstərdiyini, balansında kifayət qədər vəsait və xeyli sayda qeyri-yaşayış sahələrinin mövcud olduğunu bildiyini, hazırda ona dividend ödənilməsini istəmədiyini, səhmdar cəmiyyət tərəfindən ona obyekt verilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verdi, əlavə olaraq səhmdar cəmiyyətin bir neçə ildir ziyanla çalışdığını, hər hansı mənfəət əldə etmədiyini, bundan başqa iddiaçının səhmlərinin dəyərinin cüzi olduğunu bildirdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh X4 (qanuni nümayəndəsi Qanuni nümayəndə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 (qanuni nümayəndəsi Qanuni nümayəndə) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 sahibkarlıq subyekti kimi xx.xx.2024cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin: 1.1-ci bəndinə əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) kommersiya hüquqi şəxs olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, qüvvədə olan normativ-hüquqi aktlarına və bu nizamnaməyə uyğun olaraq yaradılır və fəaliyyət göstərir. 1.3-cü bəndinə əsasən, Cəmiyyətin hüquqi ünvanı: ünvan 1n Respublikası Ədliyyə Nazirliyinin D-2505 saylı şəhadətnaməsi ilə xx.xx.1998-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Onun hüquqi varisi Cavabdehdir. 4.6-ci bəndinə əsasən, Cəmiyyətin nizamnamə kapitalı 255964 (iki yüz əlli beş min doqquz yüz alımış dörd) manat, 127982 (yüz iyirmi yeddi min doqquz yüz səksən iki) səhmdir. Bir səhmin nominal dəyəri 2.00 manat təşkil edir. 6.1-ci bəndinə əsasən, Səhmdarların ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır. Cəmiyyət ildə bir dəfə səhmdarların illik ümumi yığıncağını keçirir. Növbəti İllik ümumi yığıncaq maliyyə ili bitdikdən sonra 6 (altı) aydan gec olmayaraq icra orqanları tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir.İllik yığıncaqla yanaşı növbədənkənar yığıncaqlar da keçirilə bilər. 6.4, 6.4.5 və 6.4.6-cı bəndlərinə əsasən, Cəmiyyətin illik balansının, mənfəət və zərər hesabatlarının, Direktorlar Şurasının, icra orqanlarının və Təftiş komissiyasının hesabatının, habelə auditorun hesabatının təsdiq edilməsi, səhmlərə verilən dividendin məbləğinin və verilmə qaydasının təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə daxildir. İş materiallarında olan “Xalq” qəzetinin nüsxələrindən çıxarışlardan görünür ki, Cavabdeh ASC səhmdarlarının illik ümumi yığıncaqlarının keçirilməsi ilə bağlı xx.xx.2014cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli elanlar verilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarxli iclas protokollarından görünür ki, həmin iclaslarda mühasibat balansının təsdiqi müzakirə olunmuş, mənfəət olmadığına görə səhmdarlara dividend verilməsinin mümkün olmaması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 2015, 2016, 2017, 2018, 2019, 2021 və 2022-ci illər üçün maliyyə vəziyyətinə dair hesabatlardan görünür ki, qeyd olunan illər üzrə mənfəət əldə edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli səhmlərin bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ona məxsus olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 117 sayda səhmini nəvəsi İddiaçı2 hədiyyə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AB26232815 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı2 nominal dəyəri 2 manat olan 117 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla Cavabdeh ASC-nin səhmdarıdır. İş materiallarında olan xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli “pul vəsaitinin verilməsi barədə” ikitərəfli akların surətlərindən görünür ki, həmin aktlara əsasən X3 tərəfindən səhmdar İddiaçı1 ümumilikdə 1380 manat pul verilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı1 ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasından sonra tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı1 mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 20 manat vəsait ödəmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan 117 səhm payına uyğun 2015-2023-cü illər ərzində dvidend pulunun birdəfəyə ödənilməsi xahiş edilmiş, əks təqdirdə 5 gün ərzində dvidend pulunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçılar onlara mənsub səhmlərinə müvafiq olaraq cavabdeh səhmdar cəmiyyətin fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətdən onlara iddia ərizəsində göstərilən məbləğlərdə dividend verilməsini tələb edirlər, cavabdeh isə iddia ərizəsində qeyd olunan illərdə mənfəət əldə edilmədiyini, buna görə də səhmdarlara dividend ödənilmədiyini bildirir. Məhkəmə hesab edir ki, ilk növbədə tələbin maddi hüquqi əsası müəyyən edilməli və bundan sonra iddia tələbinə həmin maddi hüquq normalarına əsasən qiymət verilməlidir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını təhlil edərək bu qənaətə gəlir ki, tərəflər arasında mövcud olan hüquq münsasibətinin xarakterini səhmdar cəmiyyətlə onun səhmdarları arasında mənfəətin bölüşdürülməsi ilə əlaqədar yaranmış korporativ mübahisə təşkil edir. Buna görə də, həmin münasibətlər üzrə yaranmış mübahisəyə mülki qanunvericiliyin səhmdar cəmiyyətlərin fəaliyyətinə, o cümlədən səhmdarların hüquq və vəzifələrinə, səhmdar cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş mənfəətin bölüşdürülməsinə dair normativ tənzimləməni nəzərdə tutan müvafiq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Mülki Məcəllənin 106-1.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 106-1.3, 106-1.3, 106-1.3.6, 106-1.3.7-ci maddələrinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq hüquqları vardır. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.3, 106-3.5 və 106-3.6-cı maddələrinə əsasən, adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Səhmdar cəmiyyəti adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir. Mülki Məcəllənin 107.1 və 107.1.4-cü maddələrinə əsasən, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 107-1.2 və 107-1.4-cü maddələrinə əsasən, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. Həmin Məcəllənin 107-5.1, 107-5.3 və 107-5.4-cü maddələrinə əsasən, səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Mülki Məcəllənin 1077.1 və 1077.5-ci maddələrinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddiaçıların səhmlərinin bir hissəsinə sahib olduqları səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək, səhmdar cəmiyyətin fəaliyyəti barədə məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq hüquqları vardır. Həmçinin, qeyd olunan qanun normaları nəzətdə tutur ki, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Bununla yanaşı qanunvericilik müəyyən edir ki, dividendlər cəmiyyətin xalis mənfəətindən ödənilir. Xalis mənfəətin bölüşdürülməsi isə cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir və bu ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh səhmdar cəmiyyət səhmdarlarının illik ümumi yığıncaqlarının keçirilməsi ilə bağlı 2015-ci ildən etibarən kütləvi informasiya vasitələrində elanlar yerləşdirmiş, həmin elanlarda yığıncağın gündəliyi barədə məlumat verilmişdir. Bundan başqa, səhmdar cəmiyyətin ümumi yığıncağının 2016-2023-cü illərdə keçirilmiş iclaslarında mühasibat balansının təsdiqi müzakirə olunmuş, mənfəət olmadığına görə səhmdarlara dividend verilməsinin mümkün olmaması qərara alınmışdır. Beləliklə cavabdeh səhmdar cəmiyyətin ümumi yığıncağının onun müstəsna səlahiyyətlərinə aid olan məsələ (dividendlərin verilməsi) ilə bağlı qərarlarına əsasən iddia ərizəsində qeyd olunan illər üzrə cəmiyyətin mənfəətinin olmamasına görə səhmdarlara dividend ödənilməməsinin qərara alındığı müəyyən olunur. Cavabdeh bu xüsusatlara istinad edərək iddia tələbini qəbul etmədiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan məbləğlərdə (müvafiq olaraq 6000 və 1500 manat) dividend ödənilməsini şərtləndirən halları sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. Belə ki, iddiaçılar cavabdeh səhmdar cəmiyyətin gəlirlə fəaliyyət göstərdiyini və mənfəət əldə etdiyini iddia edirlər. Lakin iddiaçılar səhmdar cəmiyyətin mənfəət əldə etməsinə, həmiçinin əldə edilmiş mənfəətdə onlara səhm paylarına uyğun düşən dividendin məbləğinə dair sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə baxış iclasında isə İddiaçı1 verdiyi şifahi izahatında dividend tələbindən imtina etdiyini, cavabdeh tərəfindən ona obyekt verilməsini tələb etdiyini bildirmişdir. Bu xüsusat da, iddiaçının ərizəsində göstərdiyi tələblə bağlı qəti mövqeyə malik olmamasını nümayiş etdirir. Beləliklə məhkəmə müəyyən edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərə əsasən isə cavabdeh səhmdar cəmiyyətin qeyd olunan illər üzrə mənfəət əldə etmədiyi, buna görə də səhmdarlarına dividend ödəmək iqtidarında olmadığı müəyyən edilmişdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğuna görə təmin oluna bilməz. Məhkəmə baxılan iddianın əsaslılığına qiymət verməklə yanaşı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların bu qətnamənin əsaslandırıcı hissəsində sadalanan mülki hüquq normalarının tələblərinə görə, cavabdeh səhmdar cəmiyyətin maliyyə hesabatları barədə sənədləri, ümumi yığıncağın portokolunu əldə etmək, auditin aparılmasını tələb etmək və ümumi yığıncağın qərarlarını mübahisələndirmək hüquqları vardır. Məhkəmə hesab edir ki, əsas tələb üzrə iddia təmin olunmadığından, dövlət rüsumunun və mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı səhm payının müəyyən edilməklə dividentin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-97/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-97/2024
09.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver