Məhkəmə qərarları › İş №e-2-2(121)-97/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-97/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-97/2025 04.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 12.505,55 manat əsas borc, 1.028,66 manat faiz borcu və 46,72 manat cərimə borcu olmaqla, cəmi 13.580,93 manat borcun və 130,74 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 30 faizlə 120 ay müddətinə 50.000 manat kredit limiti verilmişdir. Borcun təminatı olaraq X3 ilə xx.xx.2020-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan xx.xx.2023 tarixdə 36 ay müddətinə illik 21%-lə 16.000 manat onlayn kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2024-cü ilədək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 12.505,55 manat əsas borc, 1.028,66 manat faiz borcu və 186,88 manat cərimə borcu olmaqla, ümumilikdə 13.721,09 manat borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 186,88 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə 46,72 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 13-MCR-1-123-22 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 50.000 manat məbləğində, aylıq 2,50 faiz olmaqla, 120 ay müddətinə kredit limiti ayrılmışdır. İş materiallarında olan zaminlik müqaviləsinin surətlərindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında Z/00805/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə onlayn qaydada kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehə illik 21 faiz ödəmək şərti ilə 36 ay müddətinə 16.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə onlayn qaydada bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 16.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 9.151 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 12.505,55 manat məbləğində əsas, 1.028,66 manat məbləğində faiz, 186,88 manat məbləğində cərimə olmaqla, cəmi 13.721,09 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8124 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə xx.xx.2022-ci il tarixli 13-MCR- 1-123-22 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə Cavabdeh1 banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 12.504,72 manat, faiz borcu üzrə 1.016,29 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borc və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 13-MCR-1-123-22 saylı kredit müqaviləsinə əsasən əsas borcunun 12.504,72 manat və faiz borcunun 1.016,29 manat olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən xx.xx.2022-ci il tarixli 13-MCR-1-123-22 saylı kredit müqaviləsinə əsasən 12.504,72 məbləğində əsas borc, 1.016,29 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində kredit razılaşması üzrə göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 46,72 manat məbləğində deyil, 4 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə İddiaçı ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 130,74 manat dövlət rüsumunun 130,58 manatı (yəni, 13.525,01 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 5 manatı iddiaçıdan, 45 manatı isə cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 13-MCR-1-123-22 saylı, xx.xx.2022-ci il tarixli “kredit limitinin ayrılmasına dair” razılaşması çərçivəsində xx.xx.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 12.504,72 manat əsas borc, 1.016,29 manat faiz borcu, 4 manat cərimə, cəmi 13.525,01 manat məbləğində pul vəsaiti və 130,58 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 5 manatı İddiaçı ASC-dən, 45 manatı isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar