Məhkəmə qərarları › İş №e-2-2(121)-976/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-976/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-976/2025 10.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə borcunun ödənilməsi və obyektin boşaldılması”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 32067,55 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddanın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 29438,82 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində Cəmiyyətə dəymiş 31916,13 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kvadratmetr olan qeyriyaşayış sahəsinin 158 kvadratmetr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cəmiyyət mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi: 639,6 kvadratmetr) bir hissəsini (158 kvadratmetr) onun müddətli istifadəsinə vermişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 2480,60 manat, 110,60 manat xidmət haqqı (kommunal) ödənişi) ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlamışlar. Belə ki, onun müqaviləyə görə, 32067,55 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyri-yaşayış sahəsinin (icarə obyekti) təxirəsalınmadan qaytarılması və borc məbləğinin ödənilməsi barədə cavabdehə elektron sistem üzərindən bildiriş ünvanlanmışdır. Obyektdə müqavilə təyinatına uyğun psixoloji, loqopedik, reabilitasiya, məktəbəqədər tədris xidmətləri göstərilir. Ona ödənişin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də bu günə kimi müraciətə məhəl qoyulmamış, habelə yaranmış borc ödənilməmişdir. Təəssüf ki, cavabdeh icarə müqaviləsinin, o cümlədən icarə ödənişlərinin ödənilməsi qaydası və şərtləri ilə bağlı əhəmiyyətli pozuntulara yol vermişdir.

5. xx.xx.2025-ci il tarixli “iddanın dəqiqləşdirilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-yə qarşı icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində Cəmiyyətə dəymiş 32067,55 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması tələbinə dair məhkəmənin icraatında olan iş üzrə müəyyən ödənişlər edildiyindən iddi tələbinin həcmi azaldılmışdır. Belə ki, bu günkü tarixə cavabdehin iddiaçı qarşısında 29438,82 manat (iyirmi doqquz min dörd yüz otuz səkkiz manat, səksən iki qəpik) borcu var. Ondan 29107,02 manat (iyirmi doqquz min bir yüz yeddi manat, iki qəpik) - icarə üzrə, 1217,38 (bir min iki yüz on yeddi manat otuz səkkiz qəpik) - kommunal, 0,89 (səksən doqquz qəpik) - elektrik enerjisi sərfiyyatı üzrə olan borcdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

6. xx.xx.2025-ci il tarixli, “iddanın dəqiqləşdirilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-yə qarşı icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində Cəmiyyətə dəymiş 32067,55 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması tələbinə dair məhkəmənin icraatında olan iş üzrə müəyyən ödənişlər edildiyindən iddi tələbinin həcmi azaldılmışdır. Belə ki, bu günkü tarixə onun iddiaçı qarşısında 31916,13 manat (otuz bir min doqquz yüz on altı manat, on üç qəpik) borcu var. Ondan 31030,55 manat (otuz bir min otuz manat əlli beş qəpik) - icarə üzrə, 885,58 (səkkiz yüz səksən beş manat əlli səkkiz qəpik) - kommunal üzrə olan borcdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Tərəflərin izahatları:

7. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Tofiq oğlu iddianı müdafiə edərək iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş,və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

10. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

11. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

12. İddiaçı MMC (İcarəyə verən) ilə cavabdeh "xxxx" MMC (İcarəçi) arasında xx.xx.2022-ci il tarixli “İcarə Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən Bu Müqaviləyə görə İcarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********15-06301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən İcarəyə verənin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi: 639.6 kvadratmetr) bir hissəsini (bundan sonra “Obyekt” adlandırılacaq) İcarəçinin müddəti istifadəsinə verməyi öhdəsinə götürür. -1.2-ci bəndinə əsasən Tərəflər qəbul edirlər ki, bu Müqavilənin 1.1-ci bəndində göstərilən icarəyə verilən obyektin ölçüsü 158,00 kvadratmetr təşkil edir. -2.2-ci bəndinə əsasən X1 verən və İcraçı arasında 3 (üç) il müddətinə bağlanır. Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 2 (iki ) ay qalmış hazırki Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir. -2.3-cü bəndinsə əsasən, Obyekt İcarəyə verən tərəfindən təhvil-təslim aktına əsasən bu müqavilə imzalandıqdan sonra 3 iş günü müddətində təhvil verilir. Təhvil-təslim aktı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. -3.2-ci bəndinə əsasən, İcarəyəverən ərazinin abadlaşdırılması, ərazi yolunun təmizlənməsi,tullantıların ərazidən daşınması, digər növ xidmətlərin həyata keçirilməsinə görə xidmət haqqı müəyyən edir. Həmin haqq obyektin hər kvadratmetri üçün 0,7 manat (yetmiş qəpik) təşkil edir və İcarəçi tərəfindən bu Müqavilə bağlandıqdan sonrakı 105 günün tamamından İcarəyəverənə köçürmə yolu ilə hər ay icarə haqqı ilə birlikdə ödəniləcək. -3.3-cü bəndinə əsasən Bu Müqavilə üzrə İcarəçinin ödəyəcəyi aylıq məbləğ, icarə haqqı (ƏDV daxil) və digər ödənişlər (müqavilənin 3.2-ci bəndində qeyd olunan) daxil olmaqla, ümumi olaraq 2480,6 manat, o cümlədən icarə haqqı (ƏDV daxil) 2370 manat və xidmət haqqı 110,6 manat təşkil edir. -10-cu bəndinə əsasən Müqavilənin ləğv olunması halları: 10.1.1-ci yarımbəndinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə; -10.1.3-cü bəndinə əsasən qanunvericilikdə göstərilən hallarda. -10.2-ci bəndinə əsasən İcarəyəverən məhkəmədənkənar qaydada 14 gün qabaqcadan İcarəçiyə yazılı bildiriş göndərməklə aşağıda göstərilən hallarda Bu müqaviləni icra etməkdən birtərəfli imtina edə bilər: -10.2.1-ci bəndinə əsasən, icarə haqqı və digər ödənişlər il ərzində icarəçi tərəfindən 3 ay ödənilmədikdə; -10.2.3-cü bəndinə əsasən, İcarəçi obyekti təyinatına uyğun istifadə etmədikdə. -10.3-cü bəndinə əsasən Müqavilə icarəyəberən tərəfindən Bu Müqavilənin 10.2-ci bəndində göstərilən əsaslarla ləğv edildikdə İcarəçi əldən çıxmış fayda da daxil olmaqla, dəymiş ziyanı İcarəyverənə ödəməyə borcludur. -10.4-cü bəndinə əsasən, Müqavilə İcarəyəverən tərəfindən əsassız olaraq ləğv edildikdə İcarəçi dəymiş ziyanın ödənilməsini tələb edə bilər. -11.1-ci bəndinə əsasən, İcarəçi bu Müqavilənin müddəti bitdikdə və ya Müqavilə vaxtından əvvəl ləğv edildikdə Obyekti təhvil-təslim aktına əsasən İcarəyəverənə tam yararlı vəziyyətdə, kommunal borc və üçüncü şəxslər qarşısında öhdəlikdən azad şəkildə geri qaytarmalıdır. -11.2-ci bəndin əsasən Obyekt İcarəyəverən tərəfindən təhvil alınarkən obyektə ziyan vurulması faktı aşkar olunduqda İcarəçi öz hesabına həmin ziyanı aradan qaldırmalıdır.

13. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünanında yerləşən, ümumi sahəsi 639.6 kv.m olan qeyri-yaşayış binası (0.03956 ha torpaq sahəsi ilə birlikdə) üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli kitabın 7283 nömrəli vərəqində qeydiyyata alınmışdır.

14. İş materiallarında olan İddiaçı MMC tərəfindən təsdiq edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə olan hesablaşma cədvəli”ndən görünür ki, "xxxx" MMC-nin qeyd edilən icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə icarə haqqı və kommunal xidmət haqqına görə borcu 43149,09 manat, ödənişləri ümumilikdı 20378,47 manat, qalıq cəmi borcu isə 31916,13 manat təşkil edir.

15. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC məlumatlandırılmışdır.

16. xx.xx.2025-ci il tarixli, məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış icarə müqaviləsi üzrə yaranmış xx.xx.2025-ci il tarixə yaranmış 32.67,55 manat məbləğində qalıq borcun (icarə haqqı və kommunal xidmətə görə haqq) ödənilməsi tələb etmişdir.

b) Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun:

7-ci maddəsinin 1-ci bəndinə əsasən İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8-ci madddəsinin 1-ci bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

8.1.3-cü maddəsinin tələbinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.

22. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki mübahisə iddiaçı ilə cavabdehin etibarlı şəkildə bağladığı icarə müqaviləsindən irəli gəlir. Eyni zamanda, tərəflərin kommersiya hüquqi hüquqi şəxs olması nəzərə alınaraq, bu mübahisənin, onların sahibkarlıq fəaliyyətindən irəli gəlməsinə də şübhə yoxdur. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisənin əsasında xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsinin (bundan sonra “obyekt) sahibkarlıq subyektinə gəlir (mənfəət) əldə etmək məqsədilə müqavilə əsasında icarəyə verilməsi dayanır. Mülki-hüquqi əqd olan icarə müqaviləsi mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin müqavilədən yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur. Ona görə ki, cavabdehdən tələb olunan pul, onun sahibkarlıq məqsədi ilə icarəyə götürdüyü “obyet”in əvəzli istifadəyə verilməsi nəticəsində yaranan borcdur.

25. Məhkəmə tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, tərəflər “obyekt”in icarəsinə dair müqavilə bağlamışlar. Müqaviləyə əsasən iddiaçı (icarəyə verən) tərəfindən qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsini cavabdehə (icarəçiyə) müddətli icarəyə verilmiş və tərəflər arasında icarə və xidmət haqlarının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur.

26. Hazırki iş üzrə iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2022 il tarixli nömrəli “qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsinin icarəsinə dair müqaviləyə əsasən ƏDV daxil olmaqla 31916,13 manat məbləğində borcun (icarə haqqı və xidmət haqqı) ödənilməsini, “obyektin” boşaldılmasını və cavabdehin həmin obyektdən çıxarılmasını tələb etdiyindən, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin və işin müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli “İcarə Müqaviləsi”nin predmeti olan “obyektin” iddiaçının mülkiyyətində olmasını (subyektiv hüquqa malik olmasını) və müqavilənin şərtlərinə müvafiq olaraq cavabdehin istifadəsinə verildiyini sübut etmək vəzifəsi iddiaçının, qeyd olunan müqavilə üzrə icarə haqqı və xidmət haqlarının ödənilməsini və ya həmin öhdəliyin icrasından azad olduğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

27. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, iddiaçı tərəf mübahisə prdmeti “obyekt”in iddiaçının mülkiyyətində olmasını, həmin “obyekt”in 158 kvadratmetr hissəsi”nin cavabdehin istifadəsinə (icarəsinə) verilməsi iddiaçı tərəfindən sübut olunur. Məhkəmə, bu qənaətə gələrkən, iş materialları ilə yanaşı, cavabdehin “obyekt”in müqavilənin şərtlərinə müvafiq olaraq onun istifadəsinə verildiyini mübahisələndirməməsini nəzərə alır.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış müqavilənin şərtlərinə əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan sonuncunun mülkiyyətində olan “obyekt”in 158 kvadratmetr hissəsini” icarəyə götürsədə də, bunun müqabilində iddiaçıya ödəməli olduğu icarə haqqını və xidmət haqqını tam olaraq ödəməmişdir. Bununla da, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.

29. İş materiallarına əsasən cavabdehin iddiaçıya olan icarə haqqı və xidmət haqqına görə qalıq cəmi borcunun xx.xx.2025-ci il tarixə 31916,13 manat təşkil etdiyi müəyyən olunur. Nəzərə alınmalıdır ki, cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış “Elektron Kabineti” vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə, iddia ərizəsinə olan etirazını və bunu təsdiqləyən sübutlarını məhkəməyə təqdim ediıməsinin təklif olunmasına baxmayaraq, cavabdeh iddia ərizəsinə dair hər hansı bir münasibət bildirməmişdir.

30. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti “obyektin” mülkiyyətçisi olaraq hazirki iddianı irəli sürmək və cavabdeh ilə aralarında bağlanmış müqavilədən irəli gələn borcun ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cavabdeh "xxxx" MMC-dən 31916,13 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir.

31. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının tələbi cavabdehin, İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 639,6 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsinin boşaldılaraq çıxarılması hissəsində də əsaslıdır. Belə ki, iddiaçı müvafiq bildiriş göndərməklə cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “İcarə Müqaviləsi”ni birtərəfli qaydada imtina etməklə məhkəmədən kənar ləğv etdiyindən, həmin müqavilənin və hazırki iş üzrə mübahisə predmeti olan “obyekt”in cavabdehin sahibliyində və istifadəsində qalması üçün hər hansı bir hüquqi əsas artıq mövcud deyil.

Məhkəmə xərcləri:

32. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 186,2 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 31916,13 (otuz bir min doqquz yüz on altı manat, on üç qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. İddiaçı Mida” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsi boşaldılsın və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin obyektdən çıxarılsın. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 186,2 (bir yüz səksən altı manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar