Məhkəmə qərarları › İş №e-2-2(121)-98/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-98/2024

07.03.2024 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-98/2024 07.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən 6215 kv.m. torpaq sahəsinə dair aylıq icarə haqqı 2330 (iki min üç yüz otuz) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış binasının yerləşdiyi, dövlət mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən 6215 kv.m. torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2023-cü il tarixli, 3-21-3/2-6514/2023 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Hesab edilir ki, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina edilməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Daşınmaz əmlakın dövlət reyestrindən cavabdehə verilmiş xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən, sahəsi 6215 kv.m. olan qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olsa da, həmin tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin faktiki sahibliyində olmaqla dövlət mülkiyyətindədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və bütün sübutları tədqiq edərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, "xxxx" MMC-yə DƏDRX tərəfindən istifadə hüququna dair ********** nömrəli, xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarından görünür ki, 4 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmliş 3M-195 reyestri, xx.xx.2018-ci il tarixli torpaq sahəsi üzərində daimi istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Qiymətləndirməsinə dair rəydən görünür ki, torpaq sahəsinin mövcud vəziyyəti, təyinatı, kateqoriyası, yerləşdiyi ərazi, kommunikasiyalarla təchizatı, abadlaşması, analoq obyektlərə müqayisəli satışı və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən icarəyə verilməsi nəzərdə tutulan Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən 6215,0 kv.m torpaq sahəsinin 14 iyun 2023-cü il tarixinə bazr dəyəri 932.240 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən istifadə hüququna dair ********** saylı dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçının tələbinin faktiki əsasını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən 6215 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Məhkəmə qeyd edir ki, tələb cavabdehin üzərinə icarə müqaviləsinin bağlanması vəzifəsinin qoyulması ilə bağlı olduğundan iddiaçının hazırkı tələbi ilkin olaraq mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilələr azadlığı prinsipi çərçivəsində və iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 390.3-cü maddəsinin tələbi baxımından aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Qeyd olunan Məcəllənin 700.1-ci maddəsinə görə İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Məhkəmə qeyd edir ki, müqavilə hüququnun əsas və fundamental prinsipi müqavilə azadlığı prinsipidir. Bu prinsip Mülki Məcəllənin 6-cı maddəsində təsbit edilmişdir. Həmin prinsipə görə mülki hüququn subyektləri müqavilə bağlamaqda azaddırlar, yəni tərəfdaş seçməkdə, müqavilənin şərtlərini müəyyən etməkdə və müqavilə əlaqələrinin formasını seçməkdə müstəqildirlər. Qanunda göstərilən hallardan başqa, heç bir halda kimsəni müqavilə bağlamağa məcbur etmək olmaz. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.3-cü maddəsinin məzmununa əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir, yəni, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsi o halda qoyula bilər ki, bu vəzifə könüllü götürülmüş öhdəlikdə və Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulsun. Hazırkı halda bu əsaslardan heç biri olmadığından cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlamaq öhdəliyi qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar