Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-989/2022 07.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə borc tələbi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı – iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.09.2020-ci il tarixli 008R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 2783,82 manat məbləğində krеdit bоrcu, 441,24 manat məbləğində faiz bоrcu və 869,96 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4095,02 qəpik məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat məbləğində xərcin və 0,95 manat məbləğində dövlət rüsumunun tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 22.09.2020-ci il tarixli 008L**********44 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 350000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşmasıilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 22.09.2020-ci il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 27.04.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 716,18 manat ödəmiş, onun 2783.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 10.01.2022-ci il tarixə 256 gün üçün hesablanmış faiz borcu 441,24 manat təşkil edir. 10.01.2022-ci il tarixə 256 gün üçün hеsablanmış cərimə 869.96 manat təşkiledir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Hazırki iş kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, cavabdehlər iştirak etməmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09.03.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 60 manat haqq ödənilmişdir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 60,95 manat məbləğindədir. Lakin İddiaçı QSC tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC hazırda bu dövlət rüsumunu ödəməkdən azaddır. Lakin İddiaçı QSC tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC hazırda 0.95 manat məbləğində dövlətrüsumu ödəməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 22.09.2020-ci il tarixdə bağlanmış 008L**********44 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 350000 manat məbləği 120 ay müddətinə illik 28 faiz olmaqla kredit xətti açılmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 22.09.2020-ci il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 3500 manat məbləğində kredit vəsaiti aylıq 2,0833 faiz olmaqla, 24 ay müddətinə verilmişdir. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 22.09.2020-ci il tarixdə bağlanmış saylı kredit razılaşması üzrə borclunun öhdəliklərini icra etmək məqsədi Cavabdeh1 və Cavabdeh3 ilə 22.09.2020-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşin materiallarında olan arayışdan görünür ki, Cavabdeh2 qeyd edilən müqavilə üzrə 10.01.2022-ci il tarixinə 2783,82 manat məbləğində əsas, 441,24 manat məbləğində faiz, 869,96 manat məbləğində cərimə olmaqla, cəmi 4095,02 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. Məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdeh(lər)dən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Yuxarıda göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi (razılaşması) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 869,96 manat məbləğində cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 869,96 manat məbləğində deyil, 80 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Nurlan Mövlamov kredit müqaviləsi (razılaşması) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3, cavabdeh Nurlan Mövlamovun iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Nurlan Mövlamovun pul vəsaitini qaytamaqla bağlı öhdəliyi üzərinə götürmüşlər. Məhkəmə həmçinin iddianın 60 mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 40 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın 0,95 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 0,95 manatı cavabdehə, 0,45 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 0,50 manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 22.09.2020-ci il tarixli, 008R********** saylı kredit razılaşması ləğv edilsin. 2783,82 manat məbləğində əsas borc, 441,24 manat məbləğində faiz, 80 manat məbləğində cərimə, cəmi 3305,06 manat məbləğində kredit borcu, 40 manat məbləğində mediasiya xərci və 0,50 manat məbləğində dövlət rüsumu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödönilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-989/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-989/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver