Məhkəmə qərarları › İş №e-2-2(121)-994/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-994/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-994/2022 01.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 3.246 manat əsas, cərimə borcuna görə 16,80 manat olmaqla, cəmi 3.262,80 manat məbləğində borcun və 60 manat məbləğində ödənilmiş mediasiya prosesi ilə bağlı rüsumun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi Nümayəndə izahatında şəxslərlə bağlanılan bütün kredit müqavilələrində kreditin təyinatının biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması kimi qeyd olunduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 03 aprel 2019-cu il tarixli, 604 saylı Fərmanında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulmuşdur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən normalarının məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə Cavabdeh1 10.04.2015-ci il tarixli, **********3302 nömrəli kredit müqaviləsi bağlanılarkən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, “şəxslərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri” baxımından hazırki işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Belə ki, iş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ilə Cavabdeh1 arasında bağlanmış 10.04.2015-ci il tarixli, **********3302 nömrəli kredit müqaviləsinə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə 24 ay müddətinə 4.000 manat məbləğində pul vəsaitinin verilməsi məqsədilə razılığa gəlmişdirlər. İş materiallarından olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 15 iyul 2019-cu il tarixində vergi orqanında qeydiyyatdan keçmiş və ona ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, cavabdeh Ağayev X3 rayonu, Qızılavar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən Cavabdeh1 fərdi sahibkar statusuna malik olsa da tərəflər arasında 10.04.2015-ci il tarixli, **********3302 nömrəli kredit müqaviləsi bağlanılarkən Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, həmçinin cavabdeh Ağayev X3 rayonu, Qızılavar kəndində qeydiyyatda olduğundan iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar