Məhkəmə qərarları › İş №e-2-2(123)-114/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-114/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-114/2022 15.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 14 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, nzaz12309 saylı kredit müqaviləsi üzrə 33244,39 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 17717,69 manat məbləğində faiz borcu və 161,88 manat məbləğində dəbbə borcu, cəmi 51123,96 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 43,37 manat məbləğində, cəmi 283,37 manat pulun tutulması, tələbin paylı mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, nzaz12309 saylı kredit müqaviləsi üzrə cəmi 51123,96 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 283,37 manat məbləğində pulun İddiaçı ASC-ə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzildən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələr) təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin: 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 149.2.5.-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Göründüyü kimi həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilir və iddiaçıdan tələb olunur ki, ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olması iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilsin. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununun tələblərinə əməl edilməmiş və nəticədə sənədlərin siyahısı ərizədə göstərilsə də, sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçı iddia ərizəsində üç hissədən ibarət olan iddia tələbi irəli sürmüş və bu tələblərin hər birini müstəqil olaraq qeyd etmişdir. Lakin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsində göstərilən hər üç tələb bir-biri ilə əlaqədar olduğundan, onların baş vermə ardıcıllığı və hansı şərtdən yarandığı göstərilməlidir. İddia tələbinin dəqiq göstərilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas olmasa da, məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununun tamlığı baxımından iddia tələbi dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ47AİİB******************** transaksiya nömrəsi **********61 olan 43,37 manat (qırx üç manat, otuz yeddi qəpik) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ47AİİB******************** transaksiya nömrəsi **********61 olan 43,37 manat (qırx üç manat, otuz yeddi qəpik) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar