Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-117/2022 21.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 18 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan 4.453,43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat əsas borc, 522,47 (beş yüz iyirmi iki manat 47 qəpik) manat faiz borcu, 29,93 (iyirmi doqquz manat 93 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5 005.83 (beş min beş manat 83 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60.00 (altmış manat sıfır qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 11,12 (on bir manat 12 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22 300 (iyirmi iki min üç yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh3 məxsus **********72-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh1, X2 və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər nəzərdən keçirilərkən iddia ərizəsinin geri qaytarılmasını zəruri edən hallar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə iddia ərizəsinin forması və məzmununa dair tələblər nəzərdə tutulmuşdur. MPM-in 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 150.1-ci və 150.1.2-ci maddələrinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. MPM-in 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırkı iş üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı məlum olmuşdur ki, iddia ərizəsinin məzmununda iddiaçı tərəfindən digər cavabdehlərlə birlikdə X3 qarşı da tələb irəli sürülmüş, lakin həmin şəxs iddia ərizəsində cavabdeh kimi göstərilməmişdir. MPM-in 50.3-cü maddəsinə görə isə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bundan başqa, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrin başa düşüldüyü göstərilmişdir. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 № -li qərarının 11-ci bəndinə əsasən, MPMin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndinə əsasən, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinın müəyyən edilməsi baxımından tərəflərin sahibkarlıq fəaliyyəti subyekti olub-olmaması həlledici meyarlardan hesab edildiyindən, iddia ərizəsində cavabdehə məxsus VÖEN-in də qeyd olunması zəruri şərt olmasına baxmayaraq, ərizədə qeyd edilməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi verilən zaman 10 noyabr 2022-ci il tarixdə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən istifadə olunmuş dövlət rüsumunun ödənilməsini təsdiq edən ********** nömrəli, xx.xx.2022-ci il tarixli qəbz ərizəyə əlavə edilərək məhkəməyə təqdim edildiyindən və məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(123)-112/2022 saylı qərardadı ilə sözügedən qəbzlə ödənilmiş 11,12 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alındığından, həmin qəbzin mövcudluğu iş üzrə dövlət rüsumunun ödənilməsinin təsdiqi kimi qəbul edilə, həmçinin iddia ərizəsi geri qaytarılarkən qəbz ilə nəzərdə tutulmuş rüsum məbləğinin iddiaçıya qaytarılması üçün əsas ola bilməz. Bundan başqa, mülki prosessual qanunvericiliklə kommersiya mübahisələri üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin qarşı tərəfə çatdırılmasının xüsusi qaydası nəzərdə tutulmasına baxmayaraq, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş sənədlərdən həmin qaydaya riayət olunduğu müəyyən edilməməkdədir. Yəni, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də pretenziya məktubu iş üzrə cavabdehlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti olduğu halda həmin kabinetə, həmin elektron kabinetin olmadığı təqdirdə isə sahibkar olan cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, iş üzrə bir neçə cavabdeh olduğundan və onların hər birinin vergi ödəyicisi kimi qeydiyyatdan keçməməsi halı üçün müvafiq sənədlər həmin cavabdehlərə sifarişli poçt vasitəsilə göndərilərək, onların alınmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı madddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə 18 noyabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı iddiaçının diqqətinə çatdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-117/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-117/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver