Məhkəmə qərarları › İş №e-2-2(123)-119/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-119/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-119/2024 01.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti 20 dekabr 2023-cü il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 01 fevral 2023-cü il tarixdə bağlanmış 24 nömrəli icarə müqaviləsi üzrə 1474 (bir min dörd yüz yetmiş dörd) manat borcun və 60 (altmış) manat məbləğində mediasiya rüsumunun, ümumilikdə 1534 (bir min beş yüz otuz dörd) manat borcun cavabdehdən tutularaq “X2” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini 07 fevral 2023-ci il tarixində Cavabdeh ilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 nömrəli icarə müqaviləsinin bağlandığını, 07 fevral 2023-cü ildə tarixdə bağlanmış 24 nömrəli icarə müqaviləsinə əsasən “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan Şərur stansiyasının vağzal binasının birinci mərtəbəsində yerləşən sahəsi 35 m2 olan qeyri-yaşayış sahəsini əczaxana kimi istifadə edilməsi üçün 1 (bir) il müddətinə Cavabdeh icarəyə verildiyi, cavabdehin isə öz növbəsində, icarə müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda icarə haqqını ödəməyi öz öhdəsinə götürdüyü, müqavilənin 3.1-ci bəndində göstərilmiş icarə haqqının məbləği və ödənilmə qaydasına əsasən icarə haqqının icarəyə verilən 35 m2 olan qeyri-yaşayış sahəsinə görə hər ay üçün 150 (yüz əlli) manat müəyyən edildiyi, cavabdehin ödəməli olduğu 1474 (bir min dörd yüz yetmiş dörd) manat məbləğində icarə borcundan sadəcə xx.xx.2023-cü il tarixdə cəmiyyətin hesabına cəmi 26 (iyirmi altı) manat pul ödənildiyini, ödənilməmiş icarə haqqının ödənilməsi üçün iddiaçı tərəfindən cavabdeh ilə dəfələrlə şifahi şəkildə danışaraq məsələnin həll edilməsinə çalışıldığını, lakin onun icarə haqqını ödəməyəcəyini söylədiyini, öhdəliyin icrasından boyun qaçırdığını, cavabdehin müqavilədə təyin olunmuş icarə haqlarının tam şəkildə cəmiyyətin hesabına ödənilməsi üçün “X2” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 13-1-10/2- 29/2023 nömrəli xəbərdarlıq məktubunun göndərildiyini, bununla belə göndərilən məktubun tələblərinə məhəl qoyulmadığını, qeyd olunanların heç bir nəticə verməyəcəyini düşünərək Aərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələbinə əsasən cavabdeh ilə “X2” MMC arasında olan, kommersiya mübahisələrindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mediasiya təşkilatına müraciət edildiyini, lakin, cavabdeh ilə heç bir razılığa gəlinmədiyini və Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq vermədiyini, ona görə də cavabdehə qarşı yaranan pul öhdəliyinin icra edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirərək əsaslandırmışdır. Məhkəmə, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 07 fevral 2023-ci il tarixli, 24 saylı icarə müqaviləsindən görünür ki, bu müqavilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndindən görünür ki, icarəyəverən Şərur stansiyasının vağzal binasının birinci mərtəbəsində sahəsi 35 m2 olan qeyri-yaşayış sahəsini əczaxana kimi istifadə edilməsi üçün 1 (bir) il müddətinə icarəçiyə icarəyə verir. 2.3.2-ci bəndindən görünür ki, icarəçimüqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda icarəyə verənə icarə haqqını ödəyir. 2.3.3-cü bəndindən görünür ki, icarəçi icarə haqqı üzrə ödəməni hər sonrakı ayın birinci həftəsində həyata keçirir. 2.4-cü bəndindən görünür ki, icarə haqqı icarəyə verilən 35 m2 olan qeyri-yaşayış sahəsinə görə hər ayı üçün 150 (yüz əlli) manat məbləğində müəyyən edilir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2023-cü il tarixdə tərəflər arasında 24 saylı icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan Şərur stansiyasının vağzal binasının birinci mərtəbəsində sahəsi 35 m2 olan qeyri-yaşayış sahəsini əczaxana kimi istifadə edilməsi üçün 1 (bir) il müddətinə Cavabdeh hər təqvim ayının əvvəlində 150 AZN ödənilməsi şərtilə müddətli icarəyə vermiş, cavabdeh müqavilə ilə tanış olub, şərtlərilə razı olduğunu, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə məsuliyyət daşımağa hazır olduğunu nəzərdə tutan müqaviləni imzalamaqla təsdiq etmişdir. Həmin müqavilə şərtlərində eyni zamanda, müqavilədə nəzərdə tutulmuş qaydada, müddətdə və həcmdə icarəçidən icarə haqqı tələb etmək hüququ olduğu qeyd olunmuşdur. Belə ki, məhkəmə qeyd edilən hallara əsasən hesab edir ki, tərəflər arasında icarə müqaviləsi bağlandığı andan hüquqi qüvvə alaraq, hər iki tərəf üçün hüquq və öhdəliklərin yaranmasına əsas olmuşdur. Bu hal da onu deməyə əsas verir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilədə adı sadalanan və mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarə müqaviləsini imzalamaqla cavabdehə icarəyə verdiyini təsdiq etmiş, bununla da öz üzərinə düşən öhdəliyi lazımı qaydada yerinə yetirmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. “İcarə haqqında” Azərbaycan Respublikası qanununun: 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 3-cü maddəsinə əsasən icarəyə xalq təsərrüfatının bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər. 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8.1-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi şərtləri müqavilə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd edilən maddələrin ümumi məzmunundan görünür ki, icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı, əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilədə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 12 aprel 2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq məktubu ünvanlanaraq yaranmış borcun 10 (on) gün müddətində “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, ödənilmədiyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam verilərək, qalan vəsaitin ödənilməsi üçün toplanmış materialların aidiyyəti üzrə məhkəmə orqanına təqdim ediləcəyi bildirilmişdir. Həmçinin, iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh icarə haqqı üzrə borcun ödənilməsini təmin etmək üçün EBDA seriyalı, 803031 nömrəli, xx.xx.2023 tarixli, EBDB seriyalı, 646928 nömrəli, xx.xx.2023 tarixli, EBDD seriyalı, 386275 nömrəli, xx.xx.2023 tarixli, EBDF seriyalı, 980867 nömrəli, xx.xx.2023 tarixli, EBDJ seriyalı, 051313 nömrəli, xx.xx.2023 tarixli, EBDK seriyalı, 920548 nömrəli, xx.xx.2023 tarixli, EBDN seriyalı, 198160 nömrəli, xx.xx.2023 tarixli, EBDP seriyalı, 696100 nömrəli, xx.xx.2023 tarixli, EBDR seriyalı, 344516 nömrəli, xx.xx.2023 tarixli, EBDT seriyalı, 137827 nömrəli, xx.xx.2023 tarixli elektron qaimələr göndərilmiş, lakin cavabdeh tərəfindən qaimələr üzrə ödəniş edilməmişdir. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozulduğunu müşayiət etdiyindən icarəyəverənin öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 18 dekabr 2023-cü il tarixli, e-2-2(123)-400/2023 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək, Cavabdeh 1474 (bir min dörd yüz yetmiş dörd) manat borcun və 60 (altmış) manat məbləğində mediasiya rüsumunun, ümumilikdə 1534 (bir min beş yüz otuz dörd) manat borcun cavabdehdən tutularaq iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1474 (bir min dörd yüz yetmiş dörd) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 34,74 (otuz dörd manat 74 qəpik) manatdır. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və X1 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmçinin, hazırki iş üzrə iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 34,74 (otuz dörd manat 74 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1474 (bir min dörd yüz yetmiş dörd) manat borcun və 60 (altmış) manat məbləğində mediasiya rüsumunun, ümumilikdə 1534 (bir min beş yüz otuz dörd) manat borcu tutularaq iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 34,74 (otuz dörd manat 74 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar