Məhkəmə qərarları › İş №e-2-2(123)-130/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-130/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-130/2025 05.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC-ti 9 fevral 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexaniziminin təkminləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin 07 avqust 2018-ci il tarixli, 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsinə əsasən cavabdehin 30 yanvar 2025-ci il tarixə 1 683.44 (min altı yüz səksən üç manat qırx dörd qəpik) manat əsas, 7.25 (yeddi manat iyirmi beş qəpik) manat faiz borcu, 14.49 (on dörd manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 1 705.18 (min yeddi yüz beş manat on səkkiz qəpik) manat kredit borcunun, məhkəməyə müraciət üçün ödənilmiş 37.06 (otuz yeddi manat altı qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbi qeyd olunan kreditin təminatı kimi Babək rayonu, Zeynəddin kəndi ünvanında yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 0.1146 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 113.6 kv.m, yaşayış sahəsi 69.3 kv.m, yardımçı sahəsi 44.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexaniziminin təkminləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin 07 avqust 2018-ci il tarixli 133- V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsinə əsasən Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 5% olmaqla 10 000 (on min) manat kredit verilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 0809/01/SİF saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Babək rayonu, Zeynəddin kəndi ünvanında yerləşən, 0.1146 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 113.6 kv.m, yaşayış sahəsi 69.3 kv.m, yardımçı sahəsi 44.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evini "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 15 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat və **********62-10301 reyestr nömrəsi ilə qeyd edilmişdir. İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklər İddiaçı ASC-yə ötürülmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir. Cavabdeh 30 yanvar 2025-ci il tarixə banka borcu 1 683.44 (min altı yüz səksən üç manat qırx dörd qəpik) manat əsas, 7.25 (yeddi manat iyirmi beş qəpik) manat faiz borcu, 14.49 (on dörd manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 1 705.18 (min yeddi yüz beş manat on səkkiz qəpik) manat təşkil edir. Cavabdeh kreditin qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Buna görə də bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci, 36.7-ci, 317.1-ci, 319.1-ci, 385.1-ci, 442-ci, 448.1-ci və 739-cu 465.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci, 39.3.3-cü və 59.3-cü maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 05 avqust 2025-ci il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmiş və Cavabdeh iştirak etməmişdir. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar edilməsini və bu barədə sənədlərin iş materiallarına əlavə edilməsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən irəlidə Kreditor adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Naxçıvan filialının müdiri X2 şəxsində və digər tərəfdən irəlidə Borcalan adlandırılacaq Cavabdeh şəxsində müəyyən edilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 10 000 (on min) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, Borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu Müqavilədə göstərilən müddətdə və qaydada Kreditora qaytarmağı öhdəsinə götürür. 1.3-cü bəndindən görünür ki, Kredit Borcalana heyvandarlıq təsərrüfatının (12 baş ətlik iribuynuzlunun alınması) yaradılması yönümlü verilir. 1.4-cü bəndindən görünür ki, Kredit 36 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. 1.5-ci bəndindən görünür ki, Bu müqavilə üzrə Borcalanın öhdəliklərinin icrasının təminatı Borcalana və ya üçüncü şəxsə məxsus olan əmlakın qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsidir (və ya zaminlik). 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş 10000 manat məbləğində kreditin əvəzində xx.xx.2023-xx.xx.2024-cü il tarixləri ərzində 577,81 manat, xx.xx.2024-cü il tarixində isə 578,43 manat olmaqla, ümumilikdə 11133,09 manat məbləği banka ödəməyi öhdəsinə götürmüşdür. 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə ipoteka qoyan - borc alan Cavabdeh və ipoteka saxlayan "xxxx" ASC-nin Naxçıvan filialı adından X5 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 0809/01/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, ipoteka predmetinin təsviri və olduğu yer belədir: Naxçıvan MR ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 113.6 kv/m, yaşayış sahəsi 69.3 kv/m, yardımçı sahəsi 44.3 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 28900 (iyirmi səkkiz min doqquz yüz) manat məbləğində müəyyən edilmişdir. 3.2-ci bəndindən görünür ki, öhdəliyin ölçüsü (məbləği): illik 5 faiz dərəcəsi ilə verilmiş 10.000 (on min) kredit məbləğidir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Naxçıvan MR, Babək rayon, Zeynəddin kəndində 0.1146 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,6 kv.m olan ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 23/11 nömrəli reyestr kitabının 2153 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində olan Cavabdeh Səmil oğlunun mülkiyyətində olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** saylı fərdi yaşayış evi "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18 fevral 2025-ci il tarixli, 4032 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexaniziminin təkminləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsinə əsasən 36 ay müddətinə illik 5% dərəcəsi ilə verilmiş 10.000 (on min) manat kredit məbləği üzrə 30 yanvar 2025-ci il tarixə banka borcu 1 683.44 (min altı yüz səksən üç manat qırx dörd qəpik) manat əsas borc, 7.25 (yeddi manat iyirmi beş qəpik) manat faiz borcu, 14.49 (on dörd manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 1 705.18 (min yeddi yüz beş manat on səkkiz qəpik) manat təşkil edir. İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklər İddiaçı ASC-yə ötürülmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 53 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana kənd təsərrüfatı məqsədilə illik 5% dərəcəsi olmaqla 36 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Borcalan müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********62-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Zeynəddin kəndində yerləşən fərdi yaşayış evi 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə yüklü edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırdığından, borcalan Cavabdeh borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı kredit müqaviləsi üzrə Cavabdeh adına xx.xx.2025-ci il tarixə 1683,44 (min altı yüz səksən üç manat qırx dörd qəpik) manat əsas borc, 7,25 (yeddi manat iyirmi beş qəpik) manat faiz borcu, 14.49 (on dörd manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1705,18 (min yeddi yüz beş manat on səkkiz qəpik) manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranması iş materiallarında olan 18 fevral 2025-ci il tarixli, 4032 nömrəli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər 08 sentyabr 2021-ci il tarixli, 0809/01/SİF saylı İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 28900 (iyirmi səkkiz min doqquz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********62-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Zeynəddin kəndində 0.1146 torpaq sahəsində yerləşən, ümumi sahəsi 113,6 kv.m, yaşayış sahəsi 69.3 kv.m, ysardımçı sahəsi 44.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, Babək rayon, Zeynəddin kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə dəyərinin müəyyənləşdirilməsi məqsədilə ipoteka predmetinin qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, “X1” MMC tərəfindən 30 iyun 2025-ci il tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabat məhkəməyə daxil olmuşdur. Qeyd olunan hesabatdan aydın olur ki, Babək rayon, Zeynəddin kəndində Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin likvid dəyəri 38314 (otuz səkkiz min üç yüz on dörd) manatdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh məxsus Naxçıvan MR, Babək rayon, Zeynəddin kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 38314 (otuz səkkiz min üç yüz on dörd) manat məbləğində olmalıdır. Həmçinin məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 53 (əlli üç) manatın iş materiallarında olan qəbzdə ödənişin edildiyi öz təsdiqini tapdığından təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1705,18 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 37,05 (otuz yeddi manat 05 qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən 37,06 (otuz yeddi manat 06 qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC tərəfindən ödənildiyi görünməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 37,05 (otuz yeddi manat 05 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,01 (01 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi nəticəsində fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb "xxxx" ASC-nin Yasamal fialının hesabına (Kodu:507462, VÖEN: **********, müxbir hesabı: AZ26NABZ********************, S.W.İ.F.T Kod: TURAAZ22, alan müştəri: “X1” MMC, hesab: AZ82TURA********************, VÖEN: **********) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, Cavabdeh 1683,44 (min altı yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 7,25 (yeddi manat iyirmi beş qəpik) manat məbləğində faiz bоrcu, 14,49 (on dörd manat qırx doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1705,18 (min yeddi yüz beş manat on səkkiz qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli; iddia ərizəsinin verilməsinə görə 37,05 (otuz yeddi manat 05 qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməli; iddiaçı tərəfindən artıq ödənilmiş 0,01 (01 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalı; iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzdə öz əksini tapmış 53 (əlli üç) manat məbləğ Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilməli; məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi nəticəsində fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb "xxxx" ASC-nin Yasamal fialının hesabına (Kodu:507462, VÖEN: **********, müxbir hesabı: AZ26NABZ********************, S.W.İ.F.T Kod: TURAAZ22, alan müştəri: “X1” MMC, hesab: AZ82TURA********************, VÖEN: **********) ödənilməli; cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh məxsus **********62-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində 0.1146 torpaq sahəsində yerləşən, ümumi sahəsi 113,6 kv.m, yaşayış sahəsi 69.3 kv.m, ysardımçı sahəsi 44.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin qiyməti 38314 (otuz səkkiz min üç yüz on dörd) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ cavabdeh Nadirov X4 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh 1683,44 (min altı yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 7,25 (yeddi manat iyirmi beş qəpik) manat məbləğində faiz bоrcu, 14,49 (on dörd manat qırx doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1705,18 (min yeddi yüz beş manat on səkkiz qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 37,05 (otuz yeddi manat 05 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,01 (01 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzdə öz əksini tapmış 53 (əlli üç) manat məbləğ Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi nəticəsində fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb "xxxx" ASC-nin Yasamal fialının hesabına (Kodu:507462, VÖEN: **********, müxbir hesabı: AZ26NABZ********************, S.W.İ.F.T Kod: TURAAZ22, alan müştəri: “X1” MMC, hesab: AZ82TURA********************, VÖEN: **********) ödənilsin. Yuxarıda məhkəmə tərəfindən cavabdehdən alınaraq ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh məxsus **********62-10301 reyestr nömrəli nömrəli Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində 0.1146 torpaq sahəsində yerləşən, ümumi sahəsi 113,6 kv.m, yaşayış sahəsi 69.3 kv.m, ysardımçı sahəsi 44.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan **********62-10301 reyestr nömrəli nömrəli Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində 0.1146 torpaq sahəsində yerləşən, ümumi sahəsi 113,6 kv.m, yaşayış sahəsi 69.3 kv.m, ysardımçı sahəsi 44.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 38314 (otuz səkkiz min üç yüz on dörd) manat məbləğində müəyyən edilərək həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar