Məhkəmə qərarları › İş №e-2-2(123)-140/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-140/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-140/2022 19.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı "xxxx" ASC 16 dekabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan 4.453,43 (dörd min dörd yüz əlli üç manat, qırx üç qəpik) manat əsas borc, 522,47 (beş yüz iyirmi iki manat, qırx yeddi qəpik) manat faiz borcu, 29,93 (iyirmi doqquz manat, doxsan üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5005.83 (beş min beş manat, səksən üç qapik) manat kredit borcunun, eyni zamanda "İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46,45 (qırx altı manat, qırx beş qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60.00 (altmış manat, sıfır qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 11,12 (on bir manat, on iki qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22300 (iyirmi iki min üç yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus **********72-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində 0,2551 ha torpaq sahəsində yerləşən 146,25 kv.m ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, X1 və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(123)-108/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, e-2-2(123)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, e-2-2(123)-117/2022 nömrəli və xx.xx.2022-ci il tarixli, e-2-2(123)-123/2022 nömrəli qərardadları ilə geri qaytarmanın əsasları tərəfə izah edilməklə iddia ərizələri geri qaytarılmışdır. Lakin iddiaçı tərəfindən həmin qərardadlarda qeyd olunan eyni nöqsanlar aradan qaldırılmadan məhkəməyə yenidən müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni AVİS və “Elektron məhkəmə” informasiya sistemi üzərindən, təqdim olunma prosedurlarına uyğun olaraq, elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həm qanunvericiliyə, həm formalaşmış məhkəmə təcrübəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfə çatdırılması üçün həmin sənədlərin vergi orqanına elektron qaydada göndərilməsi ilə kifayətlənmək məqbul hesab edilməməklə, Mülki Prosessual Məcəllənin müddəaları baxımından təqdim edilmə sayılmır. Belə ki, vergi orqanı tərəfindən həmin sənədlərin Cavabdeh2 göndərilməsi barədə məlumat onun elektron poçt qutusuna və ya mobil nömrəsinə SMS vasitəsilə göndərilməli və həmin faktı təsdiq edən sənəd məhkəməyə təqdim edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə pretenziya məktubu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 rəsmi qeydiyyatda olduğu ünvandan “bu ünvanda yaşamır”, “imtina edilib” qeydləri ilə geri qaytarılmışdır. Yuxarıda qeyd edilən normaların imperativ mənasına əsasən, kommersiya mübahisələri üzrə iddiaçı iddia ərizəsinin cavabdehlər tərəfindən alınmasına dair sübutları, habelə cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməlidir. Bu tələblər isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən sənədlərin surətini deyil, məlum e-poçt (poçt) göndərişlərini cavabdehlərin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Həmin tələblərə əməl edilməməsi isə iddia ərizəsinin geri qaytarılması kimi hüquqi nəticlər yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2 və 149.2.3-maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsi tədqiq edilərkən ərizənin nəticəvi hissəsində X2 qarşı tələb irəli sürüldüyü müəyyən olunur. Lakin həmin şəxsin hansı əsasla cavabdeh qisimində iddia ərizəsində cavabdeh kimi göstərilməsi ərizədə şərh edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsi həmin təşkilatın nümayəndəsi qismində göstərilən Nümayəndə tərəfindən imzalanmış, həmin şəxsə nümayəndə qismində iddiaçı təşkilatı təmsil etmək üçün isə "xxxx" ASC-nin idarə heyətinin sədri v.m.i.e kimi göstərilmiş X4 tərəfindən etibarnamə verilmişdir. Lakin iddia ərizəsinə "xxxx" ASC-nin idarə heyətinin sədri v.m.i.e kimi göstərilmiş X3 həmin təşkilatın qanuni təmsilçisi olmasını təsdiq edən hər hansı hüquqi sənəd (təsis sənədi, nizamnamə, müqavilə, vəsiqə və.s) iddia ərizəsinə əlavə olunmamışdır. Halbuki mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrinin tələbindən də göründüyü kimi təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Yəni maddənin mənasından da aydın olduğu kimi, məhkəmədə iddia hüquqi şəxs tərəfindən qaldırılırsa mülki prosessual qanunvericilik tələb edir ki, ilk növbədə həmin hüquqi şəxsin rəhbərinin (qanuni təmsilçisinin) səlahiyyətlərini təsdiq edən müvafiq sənəd (təsis sənədi, nizamnamə, müqavilə, vəsiqə və.s) iddia ərizəsinə əlavə olunmalı və yalnız bundan sonra hüquqi şəxsin rəhbəri tərəfindən təmsilçilik üçün verilmiş digər etibarnamələrin hüquqi qüvvəsi olacaqdır. Həmçininin iddia ərizəsi "xxxx" ASC tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, hüquqi şəxslər tərəfindən təqdim edilmiş iddia ərizəsi həmin hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri tərəfindən imzalana bilər. Başqa sözlə hüquqi şəxs (qurum) tərəfindən fiziki olaraq hər hansı hərəkətin edilməsi qeyri-mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 11,12 (on bir manat, on iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1-ci maddələr) Həmçinin iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 11,12 (on bir manat, on iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar