Məhkəmə qərarları › İş №e-2-2(123)-143/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-143/2022

21.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-143/2022 21.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı oğlunun pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı oğlunun vəkili və nümayəndəsi Vəkil 21 dekabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Şərur rayonu, Kürçülü kənd sakini X1 iddiaçıya borclu qaldığı 87000 (səksən yeddi min) ABŞ dolları pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilən 438 (dörd yüz otuz səkkiz) manat pul vəsaitinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.2ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununun tələblərinə əməl edilməmiş və elektron iddia ərizəsinin tərəflər başlığı altındakı hissəsində iddiaçı və vəkilin məlumatları qeyd edilmiş, lakin həmin hissədə cavabdeh haqqında heç bir məlumat (soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar və.s) göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin qeyd olunmalıdır ki, iddia ərizəsinin tərəflər başlığı altındakı hissəsində cavabdeh haqqında heç bir məlumatın qeyd olunmadığı iddia ərizəsi iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Ona görə də, məhkəmə bildirir ki, qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra, yəni iddia ərizəsinin üzərindəki tərəflər başlığı altında olan hissədə cavabdehin məlumatları qeyd edildikdən sonra həmin iddia ərizəsi cavabdehə göndərilə və yenidən ümumi qaydada məhkəməyə müraciət edilə bilər. Əlavə olaraq məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırır ki, iddia ərizəsində iddiaçının adı “İddiaçı oğlu” kimi qeyd edilsə də, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1401/1/01 nömrəli məktubun fars dilindən azərbaycan dilinə tərcümə edilmiş variantında iddiaçının adı “İddiaçı Jafar oğlu” kimi göstərilmişdir. Bununla bağlı iddiaçı tərəfə bildirilir ki, icraata qəbul edildikdən sonra iş üzrə yekun məhkəmə qərarı çıxarılarkən iddiaçının adının düzgün qeyd olunması məhkəmə qərarının dəqiqliyi və icrasının düzgünlüyü baxımından əhəmiyyət kəsb etdiyindən iddiaçının adı iddia ərizəsində dəqiq və düzgün qeyd olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı oğlunun pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, büdcə səviyyə kodu 142211 olan 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya və ya onun nümayəndəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı oğlunun pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, büdcə səviyyə kodu 142211 olan 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya və ya onun nümayəndəsinə qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar