Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-148/2022 26.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “X1” MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC 26 dekabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X1” MMC-dən 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə birinci tranş üzrə 45,271.88 (qırx beş min iki yüz yetmiş bir manat 88 qəpik) manat faiz borcu, 33,402.97 (otuz üç min dörd yüz iki manat 97 qəpik) manat cərimə borcu, cəmi 78,674.85 (yetmiş səkkiz min altı yüz yetmiş dörd manat 85 qəpik) manat, ikinci tranş üzrə 39,991 (otuz doqquz min doqquz yüz doxsan bir manat 15 qəpik) manat faiz borcu, 46,765.55 (qırx altı min yeddi yüz altmış beş manat 55 qəpik) manat cərimə borcu, cəmi 86,756.70 (səksən altı min yeddi yüz altmış beş manat 55 qəpik) manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələr) təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin: 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 149.2.5.-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Göründüyü kimi həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilir və iddiaçıdan tələb olunur ki, ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olması iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilsin. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununun tələblərinə əməl edilməmiş və nəticədə ərizəyə əlavə olunan sənədlərin siyahısı göstərilsə də, sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “X1” MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ47AİİB********************, transaksiya nömrəsi ********** olan 56,00 (əlli altı) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Əlavə olaraq məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsində ikinci tranş üzrə cəmi borcun rəqəmlə yazılmış variantı ilə hərflə yazılmış variantı fərqli qeyd olunmuşdur, yəni 86,756.70 (səksən altı min yeddi yüz altmış beş manat 55 qəpik) manat kimi göstərilmişdir. İddiaçıya bildirilir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilərkən iddia ərizəsindəki məbləğlər dəqiq qeyd olunmalıdır. Belə ki, həmin məbləğlər iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı və onun icrası üçün əhəmiyyət kəsb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “X1” MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ47AİİB********************, transaksiya nömrəsi ********** olan 56,00 (əlli altı) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-148/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-148/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver