Məhkəmə qərarları › İş №e-2-2(123)-148/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-148/2025

21.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-148/2025 21.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, İddiaçı ASC-nin cavabdeh X4 qarşı sadələşdirilmiş icraat qaydasında subroqasiya tələbi üzrə vurulmuuş zərərin ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC 04 mart 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 6686,08 (altı min altı yüz səksən altı, 08 qəpik) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 87.40 (səksən yeddi manat qırx qəpik) manat, ümumilikdə, 6787,40 (altı min yeddi yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində X2 mülkiyyətində və istifadəsində olan “Volvo” markalı avtonəqliyyata birləşdirilmiş “PANAV” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu İddiaçı ASC tərəfindən daşınmaz əmlakın icbari sığortası növündə sığorta təminatı verilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt yolunun 58-ci kmdə yerləşən "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə maddi zərər vurmuşdur. Həmçinin əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) və Qaradağ rayon DYPŞ-nin xx.xx.2023-cü ildə tərtib etdiyi TP ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X5 yol-nəqliyyat hadisəsini törətmiş, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində X5 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC-nin sığorta predmetinə dəymiş zərərin hesabatında göstərilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt yolunun 58-ci km-də yerləşən "xxxx" MMC-nin istifadəsində olan qeyri yaşayış obyektinə (YDM) ümumilikdə 9200 (doqquz min iki yüz) manat məbləğində zərər vurulmuşdur. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış RAZ********** şəhadət nömrəli sığorta müqaviləsinin şərtləri əsas götürülərək 2.500 (iki min beş yüz) manat azadolma məbləği müstəqil ekspert tərəfindən hesablanmış zərər məbləğindən çıxılaraq 6686,08 (altı min altı yüz səksən altı, 08 qəpik) manat məbləğində sığorta ödənişi hesablanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt yolunun 58-ci km-də yerləşən "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə (YDM) dəymiş 6700 (altı min yeddi yüz) manat məbləğində sığorta ödənişi İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar İddiaçı ASC tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, bugünədək iddiaçıya iş üzrə hər hansı ödəniş daxil olmamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, , 448.4, 936.1, 936.2, 936.5, 936.6, 1096.1, 1096.2, 197.1, 1097.3, 1128-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 25, 149, 284-1-ci maddələrinə və həmin məcəllənin 12-ci fəslinə istinad etmişdir. Məhkəmə, İddiaçı ASC-nin cavabdeh X4 qarşı sadələşdirilmiş icraat qaydasında subroqasiya tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: Daçınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək , İddiaçı ASC-i ilə "xxxx" MMC-i arasında sığorta məbləği 99760 manat olmaqla müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli sazişdən görünür ki, İddiaçı ASC-i ilə "xxxx" MMC-i arasında 6700 manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə olunub. Hesablanma tarixi xx.xx.2023-cü ilə olan Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu MMC-in tarixə olan məlumatından görünür ki, "xxxx" MMC-ə vurulan zərərə görə təmir xərcləri 9200 manat müəyyən olunur. xx.xx.2023-cü il tarixli Sığorta aktından görünür ki, "xxxx" MMC-i daşınmaz əmlakın icbari sığortası əldə etməklə 99760.00 manat sığorta məbləği müəyyən etmiş, xx.xx.2023-cü ildə sığorta hadisəsi baş verməklə yerüstü nəqliyyat vasitəsinin dəyməsi ilə X3 9200 manat zərər dəymiş, 2500 manat azad olma nəzərə alınmaqla 6700 manat sığorta ödənişi hesablanmış, faktiki olaraq 6686.08 manat ödənilməsi nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC-i tərəfindən 6686.08 manat "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, sürücü X6 mülkiyyətində olan 72ZB138 dövlət qeydiyyat nişanlı Panav yarımqoşqu avtonəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Salyan Şossesi GREEN OİL YDM-də nəqliyyat hadisəsi törətməklə dizel kolonununu və sütunu vuraraq yararsız hal salmışdır. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 mülkiyyətində olan 72ZB138 dövlət qeydiyyat nişanlı Panav yarımqoşqu avtonəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Salyan Şossesi GREEN OİL YDM-də nəqliyyat hadisəsi törətdiyindən barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X6 mülkiyyətində olan 72ZB138 dövlət qeydiyyat nişanlı Panav yarımqoşqu avtonəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Salyan Şossesi GREEN OİL YDM-də nəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: Təqdim olunmuş sübutlardan görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş, sığorta müqaviləsinə əsasən zərərçəkənə 6686.08 manat ödəniş edilmişdir. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə söğorta ödənişindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin zərərçəkmişin hesabına köçürülməsi ilə sığorta təşkilatının müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, iş üzrə hüquq münasibətlərə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-148/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 6686 (altı min altı yüz səksən altı manat) 08 (səkkiz) qəpik təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 (otuz) manat+5686,08 (beş min altı yüz səksən altı manat səkkiz qəpik) manat*1/100=86,87 (səksən altı manat səksən yeddi qəpik) manatdır. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 86,87 AZN məbləğində dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 0.53 (əlli üç) qəpik isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçıSC-ə qaytarılması qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı ASC-nin cavabdeh X4 qarşı sadələşdirilmiş icraat qaydasında subroqasiya tələbi üzrə vurulmuuş zərərin ödənilməsi barədə ərizəsi təmin edilərək, Cavabdeh X1 6686,08 (altı min altı yüz səksən altı, 08 qəpik) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 86,87 (səksən altı manat səksən yeddi qəpik) manat, ümumilikdə, 6772,95 (altı min yeddi yüz yetmiş iki manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 6686,08 (altı min altı yüz səksən altı, 08 qəpik) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 86,87 (səksən altı manat səksən yeddi qəpik) manat, ümumilikdə, 6772,95 (altı min yeddi yüz yetmiş iki manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,53 (əlli üç) qəpik isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı ASC-ə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar