Məhkəmə qərarları › İş №e-2-2(123)-15/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-15/2025

30.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-15/2025 30.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 07 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000.00 (səkkiz min) manat pulun və ödənilmiş 100.00 (bir yüz) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində 2022-ci ilin noyabr ayında Naxçıvan şəhərində Cahan ticarət mərkəzində qadın paltarı mağazası işlətmək barədə qərar gəldiyini, bu barədə tanıdığı Şahid1 ilə məsləhətləşdiyini və birlikdə mağazanın kirayə pulunu və lazım olan satılıq malların alınmasına çəkiləcək xərclərin onun təmin edəcəyi qərarına gəldiklərini, Şahid1 mağazada sadəcə satıcı kimi fəaliyyət göstərəcəyini və əldə ediləcək qazanc bərabər qaydada yəni, yüzdə əllisi onun yarısı da özünə çatacağını, Şahid1 2022-ci ilin noyabr avının əvvəli olardı ona zəng edib Cahan Ticarət mərkəzində kirayə verilən mağaza tapdığını, həmin mağazanın sahibinin Cavabdeh olduğunu, həmin mağazada Cavabdeh 5000.00 (beş min) manatlıq malının olmasını, eyni zamanda onun dükanı kirayə götürərkən həmin beş min manatlıq malı da Vüqardan almalı olduğunu və dükanı Vüqardan onun adına bağlanmış kirayə müqaviləsi əsasında işlədəcəyini, mağazaya isə aylıq 300.00 manat kirayə pulu və 300.00 manat da bazar pulu, ümumilikdə aylıq 600.00 manat ödəməli olduğunu bildirdiyini, Şahid1 ilə bu danışıqlarından sonra o bazara gedib Cavabdeh ilə görüşdüyünü, Vüqarla görüşə gedən zaman təsadüfən Vüqarın qonşu ərazisində mağaza işlədən əsgərlik yoldaşı Şahid2 ilə görüşdüyünü, Müzəffərə də görəcəyi iş barədə məlumat verdiyini və eyni zamanda Vüqar adlı şəxsdən mağaza kirayə götürəcəyini bildirdiyini, Müzəffərlə birlikdə Cavabdeh işlətdiyi mağazaya hansı ki, ona kirayə verəcəyi 123-nömrəli mağazaya getdiklərini, o Vüqarla görüşdüyünü və Şahid1 onunla danışıb dükanı 5000.00 manata yəni içindəki malların dəyəri ilə birlikdə kirayəyə ondan götürəcəyini bildirdiyini, Vüqarın isə ona 5000.00 yox 8000.00 dediyini bildirdiyini, o 3000.00 manat əlavənin nə olduğunu soruşduğunu, Vüqarın həmin mağazanın təmirinə 3000.00 manat pul xərcləmişəm, həmin pulu da siz mənə ödəməlisiniz dediyini, o da bu zaman Şahid1 zəng vurub əlavə 3000.00 manat barədə soruşduğunu, İlkanənin də dükanın təmiri üçün 3000.00 manat ödəmək barədə ona deməyi unutduğunu bildirdiyini, o Cavabdeh 8000.00 manatı yəni 5000.00 (beş min) manat mağazanın içərisəndəki malın pulu və 3000.00 manat mağazaya çəkdiyi təmir pulunu, ümumilikdə 8000.00 manat pulu əsgərlik yoldaşı Şahid2 yanında verdiyini, pulu verəndə o Vüqardan mağazanın kirayə müqaviləsini nə vaxt imzalayacaqlarını soruşduğunu, Vüqarın da nə vaxt desən bağlayaq dediyini, təqribən 20-25 gün olardı ki, mağazanın işlədiyini, onunla İlkanə arasında haqq-hesab barədə mübahisənin yarandığını, o İlkanəyə onunla münasibətini kəsib onu mağazadan çıxartmaq istədiyini bildirdiyini, İlkanənin isə buna etiraz edərək mağazadan çıxmayacağını bildirdiyini, o Cavabdeh mağaza ilə bağlı kirayə müqaviləsini bağlamağı yəni həmin mağaza üzərində sahiblik, istifadə hüququnun rəsmiləşdirilməsini tələb etdiyini, lakin Cavabdeh müvafiq müqaviləni onunla bağlamaqdan yayındığını və sonradan ona mağazanın sahibinin Vüqar olmamasının məlum olduğunu, Cavabdeh qeyd edilən hüquqazidd davranışları nəticəsində ona vurduğu 8000.00 (səkkiz min) manat pulun Vüqardan alınıb ona verilməsi və Vüqarın bu hərəkətinə hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Polis İdarəsinə və Naxçıvan Şəhər Prokurorluğuna müraciət etdiyini, müvafiq müraciətlərinə cavab olaraq məsələnin mülki mübahisə olduğu, mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olduğunun bildirildiyini, göründüyü kimi, Cavabdeh Cahan Ticarət mərkəzində 123-nömrəli mağaza üzərində hər hansı sərəncamvermə hüququ olmadığı eləcə də mağazanın içərisində olan malları ona verə bilməyəcəyini bildiyi halda bunların müqabilində ondan 8000.00(səkkiz min) manat pul alaraq ona həmin məbləğdə zərər vurduğunu, Babək rayon Nehrəm kənd sakini Şahid2 iş üzrə şahid qismində ifadəsinin alınmasını zəruri hesab etdiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 119.1-ci, 135.1ci, 135.2-ci, 390.1-ci, 1096.1-ci və 1097.1-ci maddələrinə istinad etmişdir. İddiaçı 04 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, təxminən 2022-ci ilin oktyabr ayları, noyabrın əvvəlində o Naxçıvan Cahan Ticarət Mərkəzində danışmışdır ki, ticarət işi ilə məşğul olmağa dükan axtarır. İşçi kimi danışdığı İlkanə adında xanım zəng vurub Cavabdeh nömrəsini vermişdir ki, zəng vur, bunda dükan var, dükan bunundu, kirayə verəcək. O da zəng vurub Vüqarla danışmışdır. Vüqar kirayə verdiyini demiş, telefonda birinci 5000 manat danışmışlar. Vüqar içəridə elə 5000 manatlıq malının olduğunu, dükanın da özünün olduğunu demişdir. O da demişdir ki, pulum yoxdur. Bankda pulu olmuş, hesabına pul gəlmiş, hardasa ayın 20-si pulu götürmüş, Vüqarın yanına getmişdir. Orada onun əsgərlik yoldaşı, Nehrəmli Şahid2 olmuşdur. Bunu ərizəsində qeyd etmişdir. Onu da götürmüş, onunla danışmışdır. Ondan məsləhət almışdır ki, görmədiyi işdir, bazarda belə bir iş görəcək. Müzəffər dükanı öz adına aldığını soruşmuş, o, öz adına almadığını, dükanın Vüqarın olduğunu demişdir. O, Müzəffərlə birlikdə Vüqarın dükanına getmişdir. Ondan qabaq da satıcı qız gedib malları özü Vüqardan sayıb təhvil almışdı ki, guya burada 5000 manatlıq mal var. O da Vüqara 5000 manat verməyə getmiş, amma üstündə 10000 manat olmuşdur. Vüqar qayıdıb demişdir ki, 3000 manat da dükana təmir pulu vermişəm. O, 3000 manat burada təmirə nəyə getdiyini soruşmuş, Vüqar da asılqanları və s. göstərmiş, o da razılaşmışdır. Vüqarın dediyi ilə birinin 100 manat filan olduğunu düşünmüşdür. Amma o şeylər barəsində təsəvvürü olmamışdır. 3000 manat da təmirə vermişdir. O, 8000 manat pulu şəxsən Niftəliyevin yanında Vüqarın özünə vermiş, çıxıb gəlmişdir. Həmin 8000 manatı verəndən sonra səhər Vüqar zəng vurmuşdur ki, kira pulu ilə buranın vergi pulunu verəsən, 300 manat vergi pulu, 250 manat kira puludu. O, 8550 manat pulu şəxsən Vüqarın özünə vermişdir. O, həmin vaxt söhbət edəndə Vüqara demişdir ki, bəs müqavilə, yer məsələsi. O Vüqara demişdir ki, “3000 manat bura təmirə veribsən, sabah dedilər sök, mən bu pulu verirəm sənə”. Vüqar da demişdir ki, “Nə problemin olsa mənlikdi. Dükan mənimdi, hər şey mənimdi”. O da danışdıqları 3000 manatı ona görə vermişdir. Müqavilə bağlanmamışdı, ona görə də dükanın Vüqarın olub-olmamasını bilməmişdir. Vüqar demişdir ki, “Nə vaxt desən bağlayarıq. Dükan mənimdi də nə vaxt olsa burdayam, gedək müqaviləni bağlayaq”. O, dekabrın biri və ya ikisi Bakıya getmiş, 6500 manatlıq alver eləmişdir, faktura da var. İlkanə ilə gecə gətirib bazara doldurmuşlar, sonra o evinə getmişdir. O, səhər öz uşaqları ilə dükana gəlmiş, İlkanə də yoldaşı ilə gəlmişdir. İlkanə paltarları asılqandan bir-bir endirəndə o baxmışdır ki, qabaqda asılqanda sadəcə 3-4 dənə paltar var. Orada 5000 manatlıq paltar olmamışdır. O da İlkanəyə demişdir ki, “Ay İlkanə, burada 5000 manatlıq mal yoxdur axı?”. O Vüqarı çağırmağı təklif etmiş, İlkanə demişdir ki, Vüqar əmi ilə işin yoxdur. O İlkanəyə bu pulu buradan çıxartmağın çətin olduğunu, elə burada hərəyə pul paylamağa gəlmədiklərini demişdir. Bu zaman onunla İlkanənin münasibəti pozulmuşdur. Günorta işi olmuş, asılqan lazım olmuş, bazara xırdavata getmişdir. Ona bu asılqanlardan lazım olduğunu demiş, fikirləşmişdir ki, bu yəqin çox pul edəcək. Görmüşdür ki, biri 3 manat, biri 4 manat. 70 manatlıq almışdır. Oranın işıqlanması, hər şeyi 300 manat tutmuşdur. Gəlib İlkanəyə demişdir ki, burada 3000 manatlıq təmir yoxdur axı. Yol boyu hesablamış, bütöv xərcin hamısı 250 manat eləmişdir. İlkanə demişdir ki, dükanın pulunu mən verəcəm. O, İlkanəyə demişdir ki, “Axı sən burada necə pul qaytarasan mənə?”. İlkanə o biri dükandan pul alıb qaytaracağını demişdir. O, İlkanəyə demişdir ki, Vüqardan pul alım, mənə lazım deyil, malını satarsan pulunu verərsən. İlkanə ona gözləməsini, İcra Hakimiyyətinin yanında ətriyyat dükanının olduğunu, onu satıb pulu verəcəyini demişdir. İlkanə ona pul verəndə o gəlib Vüqara demişdir ki, sən mənə demişdin ki, müqavilə bağlayacağıq. O Vüqara onun müqaviləsini verməsini, dükanı başqasına verəcəyini demişdir. Vüqar isə demişdir ki, dükan onun deyil, başqasınındı. O, Vüqardan onun olmayan dükanı kirayə necə verdiyini soruşmuş, pulunu geri istəmişdir. Vüqar isə “mən sənin pulunu bilmirəm. İlkanə bilər, sən bilərsən” demişdir. O, bazarın müdürünün yanına getmiş, bu söhbət uzanmış, onlar 3 dəfə polis şöbəsinə də düşmüşlər. Orada da izahatları var, Vüqar və İlkanə etiraf etmişlər ki, ikisinin də ona verəcəkləri var. Sonra bunlar nə iş görmüşlərsə şəkillərdə göstərilir ki, Vüqar paltarı sayıb götürmüşdür. Vüqar polis şöbəsinə gəlib demişdir ki, paltarımı sayıb mənə versin, 8000 manatını verirəm. Belə danışılmış, Vüqar həminki gün paltarını saymış, götürmüşdür. O, heç bir dənə də paltar saymamış, paltara əlini belə vurmamışdır. Sonra polis şöbəsindən zəng gözləmişdir. Bir həftə sonra polis şöbəsinə getmiş, ona işi məhkəməyə verməsini demişlər. Bakıdan gətirilən 6500 manatlıq malın pulun barəsində isə mart ayının 27-si münaqişə yaranmışdır. Onlar polis şöbəsinə düşmüşlər. İlkanə orada guya pulu ona verdiyini demişdir. İlkanə bundan qabaq demişdir ki, “Mənim 3720 manat buna borcum var”, dükanı satacaq. İlkanə ona həmin vaxt 8000 manat pul vermişdir. İlkanə ümumilikdə ona 4520 manat paltarın pulundan vermişdir. Polis şöbəsində izahatı da var. 6500 manatlıq paltarın pulundan İlkanə ona 2000 manat borclu qalmışdır. Amma o Vüqara 8500 manat pul vermişdir. Bu İlkanənin məsələsi deyil. Vüqar konkret olaraq 8500 manatı ona qaytarmamışdır. 500 manat kira kimidir. O, Müzəffərin yanında Vüqara 8000 manat pul vermiş, Vüqar ona nə müqavilə vermiş, nə də pulunu geri qaytarmışdır. Cavabdeh 04 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, o, təxminən 2000 nə qədərsə manat pul verib həmin dükanı mankenli, paltarlı, hər şeyli götürmüş, dükanı 2 il işlətmişdir. Onun öz dükanı olmuş, ora əlavədən jaket, başqa mal vurmuşdur. Bu dükanı isə götürmüşdür ki, əlavə iş görsünlər, uşağının da borcu olmuşdur. Sonra yoldaşı xəstə olduğu üçün ona pul lazım olmuşdur. Bazarda Mikayıl adlı pul yığan var. Mikayıla ona pul lazım olduğunu, bu dükanı verəcəyini, həm də işlədə bilmədiyini demişdir. Mikayıl da istəyən olsa ona xəbər edəcəyini bildirmişdir. Üstündən bir neçə gün keçdikdən sonra Mikayıl ona dükanı istəyənlərin olduğunu demiş, o da malla birlikdə dəyərdəyməzinə verəcəyini demişdir. Orada hesablasan satış malından 12000-13000 manatlıq mal olmuşdur. O, malları dəyər-dəyməzinə qıra-qıra Məliklə İlkanəyə vermişdir. Gəlib demişdilər ki, biz götürürük. O, problem olmadığını, malları sayıb qiymətləndirəcəklərini, dükana verdiyi pulu da onlardan alacağını bildirmişdir. Çünki heç bir dükan onu gözləmir ki, buyur əyləş. Bunun dəmiri var, aynası var, pərdəsi var, o onların hamısını yazmış, işıqlarına qədər o dükana pul vermişdir. O, Məlik 3000 desə də, 2300 manat, həm yer pulu, həm də malla birlikdə 8000 manat pul almışdır. Məliklə İlkanə şərik işləmişlər, o, ikisindən cəmi 8000 manat pul almışdır. İlkanə gəlib malı ondan təhvil almışdır. İlkanə gələndə qardaşı və bir uşaq ilə birlikdə gəlmişdi. Bunlar dəftər-kitabla gəlmiş, İlkanə bir-bir sayıb yazmış, hesablamış, 35 manatlıq koftaları 15 manat, 110 manatlıq donları 40-60 manata endirmişlər. Razılaşmışlar, malı saymış, təhvil götürmüşlər. İddiaçı da pulu gətirib verəcəkdi. Məlik pulu sonradan gətirmiş, işçilərin yanında malın pulu ilə birlikdə 8000 manat pul vermişdi. Şahid2 da orada olmuşdur. O, mal təhvil verəndə hesab kitabda 300 manatı o başdan kəsdikləri üçün pulu almırmış. Onun dükanı malla birlikdə 8300 manat pul edirdi. Nehrəm uşaqlarının hamısı orda olmuşdur. Onlar Şahid2 neçə il qaqaş demişlər, qaqaş da Məlikin əlindən pulu almışdır ki, Vüqar qırçılıq eləmə, al bu pulu, 300 manatın söhbətini eləmə, Allah xeyir versin, bunlar işinə başlasınlar. O, pulu almamış, qaqaş hamının gözünün qabağında pulu alıb onun əlinə vermişdir. Bazarın hamısı orada olmuşdur. Məliklə İlkanə alver eləməyə başlamışlar, üstündən bir il yarım keçmişdir. O, başdan demişdir ki, burada müqavilə yoxdur, o neçə ildir işləyir, dükan sahibi ona müqavilə verməmişdir. Onlarda bir 300 manat bazar pulu var, bir də kira pulu var, 250 manat verən də var, 300 manat verən də var. Hərənin kirasının bir qiyməti var. O demişdir ki, bir problem çıxsa hə mənlikdi. Çünki o da düşünmüşdür ki, bu adam 8000 manat verib mal almışdır. Dükanın sahibi Bakıda yaşayan zeynəddinli Şahindir. Səhər zəng vuracaq ki, mən dükanı satıram, ayıb olar axı. Şahin ona demişdir ki, bax Vüqar özün işlətsən ya başqası işlətsə elə elə ki, mənim dükanım boş qalmasın. Dükan boş qalsa 300 manat kira Cahana verəcək, buradan da onun kirası kəsiləcək. Məhkəmə iclasında sədrlik edənin “Dükanın 3000 manatını İlkanə aldı?” sualına cavab olaraq 3000 manat söhbətinin olmadığını bildirmişdir. 2300 manat olmuş, onlar 2000 manata vermişlər. Çünki, İlkanə dəmirin çoxunu götürmüş, o dediyi kimi verməmişdir. İlkanə bu dükandan bir az irəlidə əlavə dükan götürmüşdü, o İlkanəyə 2000 manat vermişdi. O, ən sonda məcbur qalmış, demişdir ki, qardaş gedək mənim malımı verin, sizə 8000 manatlıq mal vermişəm, qalan malımı verin, mənim verdiyim qiymətə hesablayaq, deyək ki burada 2000 manatlıq var, 2000 manat mən verim sizə, malı götürüm. Geri qalanını isə onların öz aralarında hesablaşmalarını demiş, çünki onun malını satmışlar. O İlkanə ilə Məlikə dolu dükan vermişdir. Məlik də şəklini çəkmiş, malı bazarda saymışlar. 3 gün-5 gün səs çıxmadıqdan sonra o İlkanəyə demişdir ki, gəl mallarını götür. İlkanə də Məlikə pul verməyəcəyini demişdir. O da İlkanəyə bunun onun işi olmadığını demişdir. İlkanə 5-6 ay olar ki, İlkanə söhbət gedən dükandan çıxmışdır. Mart ayında, bayramdan sonra olduğunu bildirmişdir. İddiaçı 22 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, Vüqar özünün olmayan dükanı ona icarədar kimi vermişdir. Vüqar ona oğlunun əsgərliyə getdiyini, çatdıra bilmədiyini, ona görə də bu dükanı ona icarəyə verdiyini demişdir. Şahid2 yanında razılaşmış, pulu sayıb Vüqara vermişdir. Vüqar ona bir dənə də köynək təhvil verməmiş, onun istəməsinə baxmayaraq onunla müqavilə bağlamamışdır. O, 1 ay belə dükanı işlətməmişdir. O, müqavilə bağlayacaqlar deyə arxayın olmuş, Bakıdan ora 6500 manatlıq mal vurmuşdur. O İlkanəyə dükanda 5000 manatlıq malın olmadığını deyəndə İlkanə ətriyyat mağazasını satıb pulu verəcəyini demişdir. İlkanə pulu yanvarın ayının 20-nə söz vermiş, o razılaşıb getmişdir. İlkanə ona borclarının olduğunu demiş, pulu 2-3 dəfəyə gətirib verəcəyini demişdir. 3 ay sonra 2023-cü ilin mart ayında o İlkanənin yanına getmiş, İlkanə demişdir ki, mənim qızılım var apar qoy lombarda pulunu götür. O, İlkanəyə “mən qızıl almamışam ki səndən qızıl götürüm” demişdir. İlkanə ona günorta gəlməsini demiş, o, günortadan biraz tez gəlmişdir. O, dükanın bağlı olduğunu görüb Vüqardan İlkanənin harada olduğunu soruşmuş, Vüqar İlkanənin bağlayıb, çıxıb getdiyini demişdir. O Vüqara demişdir ki, “İlkanə mənim pulumu vermir, mən də sənə pul vermişəm, ya mənim müqaviləmi ver mən onu ordan çıxardım, ya da ki, mənim pulumu qaytar”. Vüqar İlkanənin dükan sahibinin özü ilə müqavilə bağladığını demişdir. Polis Şöbəsində sübut edilmişdir ki, ikisi də yalan danışır. 8550 manat Vüqarın, 2000 manat da İlkanənin ona borclu olduğu qəbul olunmuşdur. Onlar polisdəki həmin izahatlar üçün sorğu vermişlər. Vüqar bazara getmişdir ki, İlkanədə olan malları təhvil götürsün, onun pulunu gətirib versin. Nə oldusa hər şey dəyişdi. Vüqar İlkanədən malları sayıb təhvil almış, o Vüqarla İlkanənin şəklini də çəkmişdir. O, 8000 manat pul vermiş, 550 manat da 2022-ci ilin dekabr ayının kirası ilə vergisini vermişdir. İlkanə də demişdir ki, bundan sonra oranın kirasını o verəcək, dekabrdan sonrasını özləri bilərlər. O, Vüqardan müqaviləni istəmişdir ki, İlkanə ona pulu vermir, İlkanəni dükandan çıxartsın. Vüqar mart ayında dükanın öz dükanı olmadığını demişdir. Bakıdan vurduğu 6500 manatlıq malın pulu ayrı məsələdir, İlkanə həmin puldan 2500 manat ona borclu qalır. Məlikə verdiyi 8000 manata görə də Məlik borclu qalır. İlkanə ona hesabat verməmiş, mart ayında pulun tamamını bağlayacağını demişdir. 8000 manat və 6500 manat olmaqla 14500 manat pul bağlayacaqdı. Daha sonra polis bölməsində İlkanə ona 4500 manat gətirib vermiş, sübut olunmuşdur ki, 2000 manat borcu qaldı. 8000-in içində mal pulu olmamışdır. İlkanə ondan 6500 manatlıq mal aldığını, qalan 8000 manatın Vüqarda qaldığını demişdir. Niftəliyevin yanında Vüqar 5000 manat mala, 3000 manat təmirə görə almışdır. İlkanə malları sayıb təhvil almışdır. İlkanə ona 14500 manat pul verəcəkmiş. Dükanın boş olduğu sübut olunduqdan sonra İlkanənin qardaşı ona zəng edib dükanı gəlib götürməsini demişdir. O, da dükanı ona deyil, Vüqara təhvil vermələrini demişdir. Vüqar da ona malı götürüb əvəzində pulunu verəcəyini demişdir. O İlkanə ilə xəstəxanada, Qospitalda tanış olmuşdur. Onlar danışmışlar ki, İlkanə satıcı kimi işləyəcək. İlkanəni malları təhvil almaq üçün o göndərməmişdir, İlkanə və Vüqar öz aralarında danışmışlar. Ona zəng edib demişlər ki, malı gedib götürək, o da gedib götürmələrini demişdir. İlkanə malları götürməyə qardaşı ilə getmişdir. İlkanəgil elə danışmışdır ki, o onlara inanmışdır. Sədrlik edən iddiaçı tərəfə iş üzrə əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilib-edilməməsinə dair fikirlərini soruşduqda iddiaçı tərəf əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilməsinə razı olmadıqlarını, iddiaya cavab verməli olan şəxsin Cavabdeh olduğunu bildirmişlər. Cavabdeh 22 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, o dükanı təhvil verən zaman orada İlkanə, onun qardaşı və rəfiqəsi, yanlarında da bir dənə uşaq olmuşdur. Hər bir şeyi özləri saymış, qiymətlərdə razılaşmışlar. O, dükanı İlkanəgilə təhvil vermişdir. Dükanı başqa adam da istəyirmiş. O, Məlikə zəng vurub qərarlarının nə olduğunu soruşanda Məlik yüzdə yüz götürəcəklərini demişdir. O, Məlikgil pulu kəsdiyi üçün almamış, Şahid2 pulu alıb ona vermişdir. Məlik ona mallara görə 5700 manat, təmirə görə 2300 manat olmaqla cəmi 8000 manat pul vermişdir. Məlik ilə İlkanə şərik olmuş, il yarım işləmişlər. Məlik ona müqavilə bağlamaq barəsində müraciət etmiş, o isə burada heç kimin müqaviləsinin olmadığını demişdir. Məlikin İlkanə ilə problemi yarandıqdan sonra müqavilə bağlamaq istəmişdir. O, İlkanəyə demişdir ki, adamın ya pulunu ver, ya da malını ver. Ən sonda belə nəticəyə gəlmişlər ki, onun İlkanəgilə verdiyi maldan 1000 manatdısa, 1500 manatdısa, nədisə verdiyi qiymətə ona versinlər, o pulu İlkanəyə versin ki, aparıb Məlikin pulunu versin. O bu dükandan Məlikin sahibliyini təmin etmək iqtidarında deyil. Cavabdeh 13 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında bildirmişdir ki, malları saysa da ona mal qaytarılmamış, İlkanəgil malları geri götürmüşdür. Şahid1 17 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, o, 2005-ci ildən hospitalda işləyir. Özü ali təhsillidir, amma texnikomu da qutarmış, orada işləmişdir. Məliki həyətində ev tikdirən zaman orada bir dənə əsgər yıxılmışdı. Uşağın boynunda çat olmuş, boynunun qırıldığını demişlər, uşaq onların şöbəsində yatmışdır. O smenə gələndə axşamdan xəstə gəldiyini demişlər. O gedib işi təhvil almışdır. Məlik gəlmiş, orada xəstə ilə görüşməyə icazə verilməmiş, Məlik sumka gətirmiş, o çıxıb almışdır. Məlik bir neçə dəfə də gəlib getmişdir. Məlik ona demişdir ki, uşaqla görüşməyə icazə verilmir, sən gör nə edirsən, birtəhər yoluna qoyaq bibisi ilə, qəzadı da olubdu. Sonra Məlik ondan telefon nömrəsini istəmişdir ki, əlaqə saxlayıb uşağın necə olduğunu soruşsun. O da razılaşmışdır. O, uşaqla da, bibisi ilə də danışmış, işi qaydasına qoymuşdur. Bundan 2-3 gün sonra Məlik ona mesaj yazmağa başlamışdır. O, İcra Hakimiyyətinin yanında Canpolad müəllimin dükanını işlətmiş, orada onun öz kosmetika dükanı olmuşdur. Onun orada 34000-dən çox malı olmuşdur. Məliklə ordan-burdan, harada işləməyi barədə danışmışlar. Bir gün o Məlikə bazardan yer götürmək istədiyini demişdir, çünki dükana ayda 1000 manat kira verdiyindən çatdırmamışdır, uşağının birinin də problemi olmuş, aldığı elə iynə-dərman olmuşdur. Onun bazarda Mikayıl adlı kəndlisi olmuşdur, o Mikayılın anası ilə də bir yerdə işləyir. O, bazara getmiş, Mikayılı tapmış, Mikayıla bazarda ona bir dənə dükan götürmələrini, oranın malını bura daşımaq istədiyini demişdir. Bu zaman Məlik də gəlmişdir ki, mən də köməklik filan edəcəm. O, öz dükanına yazmışdır ki, kirayə verilir. Bir gün şəhid Toğrulun qardaşı Üzeyir müəllim gəlib demişdir ki, burada mal çoxdu, bir az maldan götürsəniz mən dükanı götürərəm. O da Üzeyirə narahat olmamasını demişdir. O malı harada gəldi tamam endirmiş, bunu 14800 manat eləmişdir. Üzeyirə dükanı istəyirsə gəl götürməsini demişdir. Üzeyir də şəriki ilə götürürmüş. Üzeyir ondan 15 gün möhlət istəmişdir ki, maaşını alsın, bir az da üstünü düzəltsin. Sonra Mikayıl da ona zəng edib bazarda bir dənə yer tapdığını demişdir. O, həmin dükana getmişdir. Dükan Vüqar adlı şəxsin olmuşdur. O dükana gedəndə Vüqar orada olmamış, yaxınının rəhmətə getdiyini, Bakıda olduğunu, sabah axşam gələcəyini demişlər. Sonra səhər ona zəng eləmişlər ki, Vüqar müəllim gəlibdi, gəlin, dükanı istəyirsinizsə mallarını sayaq, götürək. O da gedib dükana baxmış, orada qadın paltarı, özündə isə kosmetika olmuşdur. Danışıb razılaşmışlar. O rəfiqəsi və qardaşı ilə dükanın mallarını götürməyə getmiş, onlar nə qədərinsə götürəndən sonra Məlik gəlmişdir. O, malları Vüqar müəllimdən təhvil götürmüş, Vüqara Üzeyirin dediyinə görə ona 15 gün möhlət verməsini istəmiş, Vüqara ayın başına kimi Üzeyiri gözləyəcəyini, Vüqarın da onu gözləməsini, pulu Üzeyirdən alıb gətirib Vüqara verəcəyini demişdir. Malları da 5300 manat pul tutmuşdur. Gəldikdən sonra Vüqar zəng eləyib Məlikin də nömrəsini götürmüşdür. Daha sonra Vüqar Məlikə zəng eləmişdir. Sonra ayın 27-i ona demişlər ki, dükanı götürməsə ayın 1-i başqa adama verəcək. O da bu dəqiqə əlində pulunun olmadığını, Üzeyiri gözlədiyini demişdir. Məlik gəlib həmin o pulu verəcəyini demişdir. O da fikirləşmişdir ki, həm Məlikdən pul alacaq, həm də 1 ay qalırdı ki, bankını yeniləsin, uşağı da həkimə aparacaqdı. Yeniləyib hər iki tərəfli işini görməyi fikirləşmişdir. O da elə olmuşdur ki, Məlik aparıb pulu vermişdir. O, 5000 manat bilmiş, lakin Məlik 3000 manat əlavə də dükanın təmirinə görə pul verdiyini demişdir. Təmir haqqı ilə birlikdə cəmi 8000 manat pul tutmuşdur. O, Məlikə problem olmadığını, bankdan götürüb pulu verəcəyini demişdir. Üstündən təxminən 10 gün keçəndən sonra Məlik çox gedib gəlmiş, çox zəng eləmiş, pulu istəmişdir. O, buna görə Kapital banka getmiş, bankdan pulu götürmüş bunun 4720 manatı bankın yanında Məlikə vermişdir. Daha sonra Məlik onu da oradan götürüb bazara gətirmişdir. Ondan sonra mart ayı təzə gəlmişdi, Məlik dükana gəlmişdir ki, mənim 3700 manatım səndə qalır, o pulu ver. O da Orxan adlı lombarda zəng eləmişdir. O Orxana bir az qızılının olduğunu, hamısını satacağını demiş, harada olduğunu soruşmuş, qızılları lombarda qoymaq istədiyini, təcili pul verməli olduğunu demişdir. Orxan ona axşam gələcəyini, problem olmadığını, pulu axşam ona çatdıracağını, qızılları sabah gətirməsini demişdir. Axşam o evə getmiş, görmüşdür ki, ona zəng gəlir. Telefonu açmışdır ki, polis şöbəsindən Mais müəllimdir. O, Mais müəllimdən nə olduğunu soruşmuşdur, tanımadığı adamdır. Mais ona şöbəyə gəlməsini demiş, o nə etdiyini soruşanda Məlikin onu polisə verdiyini demişdir. O, məcburiyyət qarşısında şöbəyə getmiş, rəisin yanına girəndə Məlikin düz dediyini, Məlikə 3720 manat pul borclu olduğunu demişdir. Polis ondan pulu nə vaxta verə biləcəyini soruşmuş, o bu gün lombard ilə danışdığını, lombardın axşama gələcəyini demiş, iki gün möhlət istəmişdir. Ona iki gün möhlət vermişlər. O, sabah qızılları aparıb Orxanın yanına qoymuş, Məliki də çağırtdırmış, gedib rəisin yanına girmişlər. O, rəisə pulu verdiyini göstərmiş, “bu məsələ qutarsın” demişdir. Məlik də 3720 manat pulu almış, getmişdir. Bunun üstündən 3-4 ay keçəndən sonra Vüqar ona zəng eləmişdir ki, indi də Məlik DİN-ə gedibdi. Məlik Vüqardan şikayət eləmişdir. Məlik Vüqarın əli ilə onu vurmaq istəyir. Narınc klinikasında onun uşağı da xəstədir, yatır, sənədlərini də gətirə bilər, o günü 200 manatdan xəstəxanada uşaq yatırdır. O Məlikin ona yazdıqlarından sonra Məliki bloka atmışdır. Azercell-ə, polisə verib Məlikin ona yazdıqlarını, ona gecə saat 2-də, 3-də vurduğu zəngləri, göndərdiyi mesajları oxumaq olar. Məlik Vüqarı polisə vermiş, Vüqardan dükanı ona verməsini istəmişdir. Sonra o Məlikə dükanı boşaldıb, Məlikə təhvil verməyi təklif etmişdir. Söhbət də belə olmuşdur ki, o Qasım müəllimin yanında demişdir ki, öz gətirdiyi mallar satılıbdı, Vüqardan aldığı mallar qalıbdır. Vüqar da demişdir ki, eybi yoxdu, satılmayıbsa, malı ver mənə, pulunu verim. O, gedib malı götürmüş, evindəki paltarları yığmış, dükandan malı çıxartmışdır. Qardaşı Məlikə zəng eləmişdir ki, açar məndədir, hara gəlim, açarı sənə verim, get dükanı işlət. Məlik ona heç nəyin lazım olmadığını demişdir. Bəs heç nə lazım deyil, nə istəyir. O da dükanı yerə qoymuş, gedib özünə başqa yerdən dükan götürmüşdür. Sonra elə olmuşdur ki, o dükanı da satmış, uşağını müalicə elətdirmişdir. Bakıdan vurulub gətirilən mal 6500 manatlıq deyil, 5000 manatlıq olmuşdur. Həmçinin həmin malı Məlik deyil, özü vurmuşdur. İddiaçı 17 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, o, İlkanəni bankdan dediyi yerdən götürmüşdür, amma İlkanə orada ona pul verməmişdir. İlkanə ona 3720 manat bir, 800 manat bir polis şöbəsində vermişdir. Vüqar və İlkanə ilə polis şöbəsində razılaşdırılmışdır ki, İlkanə 2500 manat bir, 8500 manat bir verəcək. Dükana gedəcəklər, Vüqar malları sayıb İlkanədən təhvil alacaq, onun pulunu Vüqar verəcək. Çünki 3720 manatı şöbədə verən zaman İlkanə ifadəsində demişdir ki, mən 5000 manatlıq malı sata bilməmişəm, düşüb mənim üstümə, gəl malı götür sat, pulu götür. O dademişdir ki, “mən niyə mal satmalıyam, mənə dükan lazım deyil, Vüqarın malını gətir ver, mən də pulumu ondan alım”. Malın pulundan 2500 manat İlkanənin, dükanın pulundan da 8500 manat Vüqarın borcu qalmışdır. O, 2022-ci ilin dekabrın 1-də Bakıdan 6500 manatlıq mal vuruşdur. Cavabdeh 17 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında bildirmişdir ki, onlar sonda razılaşmışlar ki, ən azından dükanı versinlər getsin, oradan dükanın şirinliyini alsınlar, bir də qalan malın pulunu düzəltsinlər, borc məsələsi qutarsın. İlkanə sonra ona pulu Məlikə verdiyini, borc məsələsinin bağlandığını demişdir. Malları da İlkanə yerinə asmışdır. Şahid2 30 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, Məlik gəlib ona bazardan yer aldığını demişdir. O nə yer olduğunu soruşanda Məlik demişdir. Sonra həmin yerə gəlmişlər. Məliklə Vüqarın arasında 300 manat və geyim söhbətləri olmuşdur. O Məliklə Vüqarı barışdırmışdır ki, bu yer alır, o biri yer satır, 300 manatın söhbəti olmaz. Onlar barışmış, razılığa gəlmişlər. Vüqar 300 manatı istəməmiş, Məlik də yerində pulu saymış, təxminən 7000-8000 manatı Vüqara vermişdir. O, verilən pulun nə qədəri icarə haqqının, nə qədəri malın pulu olmasını bilməmişdir. Məlik Vüqara müqavilə bağlamaq barədə müraciət edə bilər, amma o bu barədə eşitməmişdir. Bundan sonra olan hadisələr barəsində məlumatı yoxdur. O, Türkiyədə olmuşdur. Türkiyədən gələndə bilmişdir ki, Məliklə Vüqarın arasında yer barəsində mübahisə yaranmışdır. Elə ağızdan eşitdikləridir ki, Məlik demişdir ki, dükanda mal azdı, Vüqar deyir ki, malı sayıb təhvil vermişəm. Məlik gəlib hadisəni ona danışıb ondan dükanın sahibinin nömrəsini istəmişdir, amma o tapa bilməmişdir. Bazarda dükanı icarəyə götürəndə içərisindəki mal da alınır. Onun icarəyə götürdüyü dükan fərqli adamın dükanıdır. Bazarda heç kimin müqaviləsi yoxdur. Təsadüfən öz yeri olanın müdiriyyətlə müqaviləsi ola bilər. Şəxsən o özü 11 ildir bazarda işləyir, heç bir müqaviləsi yoxdur. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan: ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100.00 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə verdiyi izahatdan görünür ki, o, malları Məlikin yanında gələn İlkanə adlı xanıma təhvil vermiş, bir neçə gün sonra isə Məlik ona 8000 manat məbləğində mallara görə pul vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş 1 ədəd fotoşəkildən Cavabdeh malları sayması görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə Şahid1 dükan icarəyə götürüb birlikdə işlətmək qərarına gəlmişlər. Bu məqsədlə İddiaçı Cavabdeh 8000.00 manat məbləğində pul verərək şifahi alqı-satqı müqaviləsi əsasında 5300 manat geyim malları və 2700 manat tükan təmirinin pulunu verərək almışdır. Cavabdeh iddiaçının razılığı əsasında malları Şahid1 təhvil vermişdir. Qeyd edilən hallar tərəflərin, şahidlərin məhkəmə iclaslarında verdiyi izahatlarla öz təsdiqini tapmışdır. İddiaçın iddia tələbini onunla əsaslandırmışdır ki, ona qarşı mülki hüquq pozuntusu törədilmiş, ona hər hansı mal təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş, malları təhvil vermişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən İddiaçı iş üzrə əsl olmayan cavabdehin əsl olan cavabdehlə əvəz edilib-edilməməsinə dair fikirlərini soruşduqda iddiaçı əsl olmayan cavabdehin əsl olan cavabdehlə əvəz edilməsinə razı olmadığını, iddiaya cavab verməli olan şəxsin Cavabdeh olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçı məhkəməyə təqdim etdiyi fotoşəkili sübut kimi göstərməklə malların bir qisminin Cavabdeh geri qaytarıldığını bildirsə də, cavabdeh məhkəmə iclasında mal təhvil almadığını, malların Şahid1 tərəfindən geri götürüldüyünü bildirmiş və bu hal Şahid1 tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi İddiaçı qarşı Cavabdeh tərəfindən mülki hüquq pozuntusunun törədilməsi işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 8000 (səkkiz min manat) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 100 (yüz manat) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu halda məhkəmə qeyd edir ki, iddia təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalı, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməklə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar