Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-154/2024 04.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı “X4” MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “X4” MMC 25 yanvar 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 24 aprel 2023-cü il tarixdə bağlanmış 24 nömrəli icarə müqaviləsi üzrə yaranmış 2548 (iki min beş yüz qırx səkkiz) manat 39 qəpik məbləğində icarə borcu, 458 (dörd yüz əlli səkkiz) manat 71 qəpik məbləğində ƏDV borcu, müqavilə üzrə gecikən ödəniş günləri üçün 60 (altmış) manat məbləğində cərimə və 53 (əlli üç) manat 88 qəpik məbləğində enerji haqqının və 60 (altmış) manat məbləğində mediasiya rüsumunun, ümumilikdə 3180 (üç min yüz səksən) manat 98 qəpik məbləğində borcun cavabdehdən tutularaq “X4” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində 24 aprel 2023-ci il tarixində Cavabdeh ilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 nömrəli İcarə müqaviləsinin bağlanıldığını, 24 aprel 2023-cü ildə bağlanmış 24 nömrəli İcarə müqaviləsinə əsasən “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan Naxçıvan sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 163 m2 olan qeyri-yaşayış sahəsinin kafe-restoran kimi fəaliyyət göstərməsi üçün 1 (bir) il müddətinə Cavabdeh icarəyə verildiyini, cavabdehin isə öz növbəsində, bu müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda icarə haqqını ödəməyi öz öhdəsinə götürdüyünü, bu müqavilənin qiymət və ödəniş qaydasında göstərilən İcarə sahəsi üçün bir aylıq icarə haqqının məbləğinin icarəyə verilən 163 m2 olan qeyri-yaşayış sahəsinə görə hər ay üçün 1000 (bir min) manat əsas və 180 (bir yüz səksən) manat ƏDV məbləğində müəyyən edildiyini, cavabdehin 2023-cü ilin may və iyun ayları üçün ödəməli olduğu 2549 (iki min beş yüz qırx səkkiz) manat 39 qəpik məbləğində icarə borcu, 458 (dörd yüz əlli səkkiz) manat 71 qəpik məbləğində ƏDV borcu, müqavilə üzrə gecikən ödəniş günləri üçün 60 (altmış) manat məbləğində cərimə və 53 (əlli üç) manat 88 qəpik məbləğində enerji haqqı olmaqla ümumilikdə 3120 (üç min yüz iyirmi) manat 98 qəpik məbləğində borcun ödənilməsi üçün iddiaçı tərəfindən elektron qaimələr göndərilməsinə baxmayaraq, həmin qaimələr üzrə indiyədək iddiaçıya heç bir ödəmənin edilmədiyini, bu müqaviləyə edilən Əlavə №1-də göstərilən qiymət və ödəniş qaydasının 1.5-ci bəndinə uyğun olaraq icraçıdan icarə haqqının hər ödənilmədiyi gün üçün icarə haqqının 0.1% (sıfır nöqtə bir faizi) məbləğində dəbbə pulu ödənilməsinin nəzərdə tutulduğunu, ödənilməmiş icarə haqqının və enerji haqqının ödənilməsi üçün cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edərək məsələnin həll edilməsinə çalışıldığını, buna baxmayaraq cavabdehin icarə haqqını ödəməkdən imtina etdiyini, cavabdehə müqavilədə təyin olunmuş icarə haqqlarının tam şəkildə Cəmiyyətin hesabına ödənilməsi üçün “X5” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə, 13-1- 10/2-115/2023 nömrəli və xx.xx.2023-cü il tarixdə, 13-1-10/2-131/2023 nömrəli məktubların göndərildiyini, bununla belə göndərilən məktubların tələblərinə məhəl qoyulmadığını, qeyd olunanların heç bir nəticə verməyəcəyini düşünərək AR MPM-in 149-cu maddəsinin tələbinə əsasən cavabdeh ilə “X4” MMC arasında olan, kommersiya mübahisələrindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi məqsəd ilə mediasiya təşkilatına müraciət edildiyini, lakin, cavabdeh ilə heç bir razılıq əldə edilmədiyini, ona görə də, cavabdehə qarşı yaranan pul öhdəliyinin icra edilməsi tələbi ilə Məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirərək ərizəsini əsaslandırmışdır. Məhkəmə, “X4” MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli, e-2-2(123)-154/2024 saylı qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərmişdir. Cavabdeh bildiriş ona rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 24 saylı icarə müqaviləsindən görünür ki, bu müqavilə “X4” MMC-nin direktoru X3 (icarəyəverən, mülkiyyətçi) ilə Cavabdeh (icarəyəgötürən, icarəçi) oğlu arasında bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndindən görünür ki, icarəyəverən bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, mülkiyyətçiyə məxsus Naxçıvan sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 163 kv.m təşkil edən icarə sahəsini (əmlak) kafe-restoran kimi fəaliyyət göstərmək məqsədilə icarəçiyə müddətli icarəyə (qısa müddətli istifadəyə) verir, icarəyəgötürən isə həmin əmlakı icarəyə götürür və bunun əvəzində bu müqaviləyə Əlavəyə (Qiymət və ödəniş qaydası) əsasən icarə haqqını icarəyəverənə ödəyir. 3.1-ci bəndindən görünür ki, bu müqavilə 24 aprel 2023-cü il tarixdən qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətinə qüvvədə qalır. 5.1.7-ci bəndindən görünür ki, icarəçi əmlakın istifadəsinə görə icarə haqqından əlavə icarəyə götürdüyü daşınmaz əmlakın saxlanması və istismarı ilə bağlı və istənilən xərcləri, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş ödəmə və rüsumları (vergi və.s.) vaxtında ödəməlidir. 5.1.15-ci bəndindən görünür ki, icarəçi bu müqavilənin 4.1-ci bəndində müəyyən olunmuş icarə haqqını vaxtında ödəməlidir. 5.1.16-ci bəndindən görünür ki, icarə sahəsi elektrik enerjisi ilə bu sahədə mövcud olan qanunvericiliyin tələbinə uyğun olaraq icarəyə götürən tərəfindən öz hesabına təmin olunur. Müqavilənin tarixi ilə bağlı məhkəmə bildirir ki, müqavilənin 3.1-ci bəndində həmin müqavilənin 24 aprel 2023-cü il tarixdən qüvvəyə minməsi göstərilmiş, lakin müqavilənin hansı tarixdə bağlandığı qeyd edilməmişdir. Ona görə də, məhkəmə müqaviləni 24 aprel 2023-cü il tarixdə bağlanmış hesab edir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində və cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunda da müqavilənin 24 aprel 2023cü il tarixli olduğu qeyd edilmişdir. Lakin müqaviləyə 1 saylı əlavədə onun 20 aprel 2023-cü il tarixli, 24 saylı müqaviləyə əlavə olduğu bildirilmişdir ki, məhkəmə həmin tarixi texniki səhvlik kimi qiymətləndirərək belə qənaətə gəlir ki, 24 saylı müqavilə 24 aprel 2023-cü il tarixdə bağlanmışdır. “X4” MMC-nin direktoru X3 (icarəyəverən, mülkiyyətçi) ilə Cavabdeh (icarəyəgötürən, icarəçi) oğlu arasında bağlanmış 24 aprel 2023-ci il tarixli, 24 saylı icarə müqaviləsinə Əlavə 1də icarə haqqının tərkibi təsvir olunmuşdur. Belə ki, həmin əlavənin: 1.1-ci bəndindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi icarə sahəsi üçün bir aylıq icarə haqqı cədvələ uyğun olaraq 1180 (bir min yüz səksən) AZN müəyyən olunmuşdur. 1.2-ci bəndindən görünür ki, bir aylıq icarə haqqı 1000 AZN (bir min) manatdır. 1.3-cü bəndindən görünür ki, aylıq icarə haqqına əlavə dəyər vergisi (ƏDV) 180 manat vəsait isə X1 qeydiyyatda olan “X4” MMC-nin hesabına ödənilir. 1.4-cü bəndindən görünür ki, obyektdə istifadə olunan elektrik enerjisinin dəyəri quraşdırılmış sayğacın göstərişinə əsasən “X4” MMC-nin hesabına ödənilir. 1.5-ci bəndindən görünür ki, icarəçi icarə haqqını 24 aprel 2023-ci il tarixdən cari aylar üzrə hər ayın 10-dan (onundan) gec olmayaraq bu Əlavənin 1.2 və 1.3-cü bəndlərində qeyd olunan məbləğə uyğun olaraq icrəyəverənin təqdim etdiyi EQF əsasında icarə haqqını icarəyəverənin hesabına bank köçürməsi və ya nağd ödəniş yolu ilə həyata keçirir. Əgər icarəçi icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə icarəçi tərəfindən hər ödənilməyən gün üçün 0.1% (sıfır nöqtə bir faiz) məbləğində dəbbə pulu əlavə olunacaqdır. Dəbbə pulunun ümumi məbləği ödənilməli olan, ancaq ödənilməyən icarə haqqının ümumi məbləğinin 25%-i miqdarından çox olmamaqla tətbiq oluna bilər. Əgər icarəçinin ödədiyi hər hansı məbləğ onun icarəyəverən qarşısında bütün borclarının bağlanmasına kifayət etməzsə, o zaman ödənilən məbləğ ilkin olaraq dəbbə pulun ödənilməsinə yönələcəkdir, sonra icarəçinin icarəyəverən qarşısında digər borclarına və daha sonra isə icarə haqqının ödənilməsinə yönələcəkdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2023-cü il tarixdə tərəflər arasında 24 saylı icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Naxçıvan sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 163 kv.m təşkil edən icarə sahəsi (əmlak) kafe-restoran kimi fəaliyyət göstərilməsi üçün 1 (bir) il müddətinə Cavabdeh hər təqvim ayının əvvəlində 1000 (bir min) AZN ödənilməsi şərtilə müddətli icarəyə vermiş, cavabdeh müqavilə ilə və həmin müqaviləyə 1 saylı əlavə ilə tanış olub, şərtlərilə razı olduğunu, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə məsuliyyət daşımağa hazır olduğunu nəzərdə tutan müqaviləni və həmin müqaviləyə 1 saylı əlavəni imzalamaqla təsdiq etmişdir. Eyni zamanda, həmin müqavilənin 9.3-cü bəndində müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəfin digər tərəfə vurduğu real zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıdığı və qarşı tərəfə vurduğu real zərəri tam həcmdə ödəməli olduğu qeyd olunmuşdur. Beləliklə, məhkəmə qeyd edilən hallara əsasən hesab edir ki, tərəflər arasında icarə müqaviləsi xx.xx.2023-cü il tarixdən hüquqi qüvvə alaraq, hər iki tərəf üçün hüquq və öhdəliklərin yaranmasına əsas olmuşdur. Bu hal da onu deməyə əsas verir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilədə adı sadalanan və mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarə müqaviləsini imzalamaqla cavabdehə icarəyə verdiyini təsdiq etmiş, bununla da öz üzərinə düşən öhdəliyi lazımı qaydada yerinə yetirmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. “İcarə haqqında” Azərbaycan Respublikası qanununun: 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 3-cü maddəsinə əsasən icarəyə xalq təsərrüfatının bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər. 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8.1-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi şərtləri müqavilə ilə müəyyənləşdirilir. Yuxarıda qeyd edilən maddələrin ümumi məzmunundan görünür ki, icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı, əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh xəbərdarlıq məktubu ünvanlanaraq yaranmış borcun 3 (üç) gün müddətində “X4” MMC-nin hesabına ödənilməsi, ödənilmədiyi təqdirdə toplanmış materialların aidiyyəti üzrə məhkəmə orqanına təqdim ediləcəyi bildirilmişdir. Həmçinin, iddiaçı “X4” MMC tərəfindən Cavabdeh icarə haqqı üzrə borcun ödənilməsini təmin etmək üçün EBDF seriyalı, 851506 nömrəli, xx.xx.2023 tarixli, EBDJ seriyalı, 069758 nömrəli, xx.xx.2023 tarixli, EBDK seriyalı, 927015 nömrəli, xx.xx.2023 tarixli elektron qaimələr göndərilmiş, lakin cavabdeh tərəfindən qaimələr üzrə ödəniş edilməmişdir. Beləliklə, məhkəmə borclu tərəfindən öhdəliyin icrasının pozulduğunu müşayiət etdiyindən icarəyəverənin öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 25 yanvar 2024-cü il tarixli, e-2-2(123)-154/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı “X4” MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə ərizəsinin təmin edilməsi, Cavabdeh 2548 (iki min beş yüz qırx səkkiz) manat 39 qəpik məbləğində icarə borcunun, 458 (dörd yüz əlli səkkiz) manat 71 qəpik məbləğində ƏDV borcunun, müqavilə üzrə gecikən ödəniş günləri üçün 60 (altmış) manat məbləğində cərimənin və 53 (əlli üç) manat 88 qəpik məbləğində enerji haqqının və 60 (altmış) manat məbləğində mediasiya rüsumunun, ümumilikdə 3180 (üç min yüz səksən) manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 3120,98 (üç min bir yüz iyirmi manat 98 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 51,21 (əlli bir manat 21 qəpik) manatdır. (30 + 2120,98-in 1%i = 30 + 21,21 = 51,21) Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və X2 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı “X4” MMC-nə ödənilməsi qənaətindədir. Həmçinin, hazırki iş üzrə iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 51,21 (əlli bir manat 21 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət gəlirinə ödənilməsi qanunamüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 284-6, 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2548 (iki min beş yüz qırx səkkiz) manat 39 qəpik məbləğində icarə borcu, 458 (dörd yüz əlli səkkiz) manat 71 qəpik məbləğində ƏDV borcu, müqavilə üzrə gecikən ödəniş günləri üçün 60 (altmış) manat məbləğində cərimə və 53 (əlli üç) manat 88 qəpik məbləğində enerji haqqı və 60 (altmış) manat məbləğində mediasiya rüsumu, ümumilikdə 3180 (üç min yüz səksən) manat 98 qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 51,21 (əlli bir manat 21 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-154/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-154/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver