Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-155/2023 23.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən və qeydiyyatdan çıxarılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı "xxxx" ASC 21 avqust 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 06 fevral 2020-ci il tarixli, KT0602/01 saylı kredit müqaviləsi üzrə 22 may 2023-ci il tarixə 16 379.89 (on altı min üç yüz yetmiş doqquz manat 89 qəpik) manat əsas borc, 3 471.28 (üç min dörd yüz yetmiş bir manat 28 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 19 851.17 (on doqquz min səkkiz yüz əlli bir manat 17 qəpik) kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 30.000 (otuz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli, 00638818 saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********75-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon, Çərçiboğan kəndində 0.0832 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1, X3, X2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, hazırki iddia tələbi üzrə işin “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1, X3, X2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” hissəsində icraata qəbul edilməsindən imtina edilməli və qalan hissədə iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Belə ki, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbləri baxımından, bunun üçün aşağıdakı 2 şərtdən ən azı birinin mövcud olması zəruridir: - yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması və ya; - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur. İpoteka predmeti olan fərdi yaşayış evindən və ya mənzildən, orada yaşayan şəxslərin çıxarılmasının ipoteka saxlayan tərəfindən tələb olunması qaydası “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4-cü maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda, iddia tələbinə dair mübahisəyə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir ki, hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş KT0602/01 saylı kredit müqaviləsi 06 fevral 2020-ci il tarixdə (28 dekabr 2018ci il tarixindən sonra) bağlanmışdır. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadının 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Tərəflər arasında mübahisəli ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, sözügedən iddia tələblərinə (“ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və qeydiyyatdan çıxarılması” hissəsinə) məhkəmələrdə baxıla bilməz. Belə olan halda Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və qeydiyyatdan çıxarılması” hissəsində icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlarla bağlı iddiaçıya izah edilir ki, hazırki iş üzrə iddia ərizəsinin “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və qeydiyyatdan çıxarılması” hissəsində icraata qəbul edilməsindən imtina edilməsi həmin hissədə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qalan hissədə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə bildirir ki, hazırki iş üzrə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən “Onlayn Kargüzarlıq” sistemindən müvafiq çıxarışlar iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Pretenziya bildirişi (xəbərdarlıq) iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilsə də, onun cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə uyğun olaraq elektron qaydada çatdırıldığını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, iddiaçı tərəfindən 200 manat məbləğində ödənilmiş mediasiya xərci iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 149,55 manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə bu məsləyə toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması tələbi barədə iddia ərizəsi üzrə işin “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1, X3, X2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” hissəsində icraata qəbul edilməsindən imtina edilməli, qalan hissədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması tələbi barədə iddia ərizəsi üzrə işin “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1, X3, X2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” hissəsində icraata qəbul edilməsindən imtina edilsin, qalan hissədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin qalan hissədə geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-155/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-155/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver