Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-156/2025 01.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı “X3” MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 mart 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 2023-cü il tarixdə bağlanmış, 18 saylı icarə müqaviləsi üzrə yaranmış 202,41 (iki yüz iki manat 41 qəpik) manat məbləğində icarə borcu, 36.43 (otuz altı manat 43 qəpik) manat məbləğində ƏDV borcunun, 30 (otuz) manat məbləğində cərimə borcunun, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 298,84 (iki yüz doxsan səkkiz manat 84 qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq "X3" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində 01 aprel 2023-ci il tarixində Cavabdeh ilə "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 18 saylı İcarə müqaviləsi bağlanıldığını ,01 aprel 2023-ci ildə bağlanmış 18 saylı İcarə müqaviləsinə əsasən "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Şərur sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 10 m2 olan İcarə sahəsinin kosmetoloji mərkəz kimi fəaliyyət göstərməsi üçün 1 (bir) il müddətinə Cavabdeh icarəyə verildiyini, cavabdehin isə öz növbəsində, bu müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda icarə haqqını ödəməyi öz öhdəsinə götürdüyünü, bu müqavilənin qiymət və ödəniş qaydasında göstərilən İcarə sahəsi üçün bir aylıq icarə haqqının məbləğinin icarəyə verilən 10 m2 olan İcarə sahəsinə görə hər ay üçün 100 (yüz) manat əsas və 18 (on səkkiz) manat ƏDV məbləğində müəyyən edildiyini, cavabdehin 2024-cü ilin fevral və mart ayları üçün ödəməli olduğu 202,41 (iki yüz iki manat 41 qəpik) manat məbləğində icarə borcu, 36,43 (otuz altı manat 43 qəpik) manat məbləğində ƏDV borcu olmaqla ümumilikdə 238,84 (iki yüz otuz səkkiz manat 84 qəpik) manat məbləğində borcun ödənilməsi üçün tərəflərindən elektron qaimələr göndərilməsinə baxmayaraq, həmin qaimələr üzrə indiyədək bizə heç bir ödəmə edilmədiyini, bu müqaviləyə edilən əlavə №1-də göstərilən qiymət və ödəniş qaydasının 1.5-ci bəndinə uyğun olaraq icraçıdan icarə haqqının hər ödənilmədiyi gün üçün icarə haqqının 0.1% (sıfır nöqtə bir faizi) məbləğində dəbbə pulu ödənilməsinin nəzərdə tutulduğunu, ödənilməmiş icarə haqqının ödənilməsi üçün cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edərək məsələnin həll edilməsinə çalışıldığını, buna baxmayaraq cavabdehin icarə haqqını ödəməkdən imtina etdiyini, cavabdehə müqavilədə təyin olunmuş icarə haqqlarının tam şəkildə Cəmiyyətin hesabına ödənilməsi üçün "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə 13-1/2-557/2025 saylı xəbərdarlıq məktubu göndərildiyini, bununla belə göndərilən məktubun tələblərinə məhəl qoyulmadığını, ona görə də cavabdehə qarşı yaranan pul öhdəliyinin icra edilməsi tələbi ilə Məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirərək ərizəsini əsaslandırmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci, 385-ci, 425-ci, 427.1-ci, 442-ci, 443-cü, 445-ci, 449-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü, 8.1-ci, 9-cu, 76.1-ci, 77.1-ci, 88-ci, 217.3-cü və 218.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə, iddiaçı “X3” MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 18 saylı icarə müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən “icarəyəverən” qismində bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş əmlakın mülkiyyətçisi Azərbaycan Respublikası qanunlarına əsasən təsis olunmuş və 04 mart 2010-cu il tarixdə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərən “X3” MMC-nin direktoru X2 və digər tərəfdən isə “icarəyə götürən”, “icarəçi” qismində Şərur rayoonu, Şərur şəhərində qeydiyyatda olan fiziki şəxs Cavabdeh arasında Naxçıvan şəhərində bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən İcarəyəverən bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus Şərur sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 10 m2 təşkil edən İcarə sahəsini kosmetoloji mərkəz kimi fəaliyyət göstərmək məqsədilə İcarəçiyə müddətli icarəyə verir, İcarəyə götürən isə həmin əmlakı icarəyə götürür və bunun əvəzində müqaviləyə Əlavəyə (qiymət və ödəniş qaydası) əsasən icarə haqqını İcarəyəverənə ödəyir. 3.1-ci bəndinə əsasən bu müqavilə 01 aprel 2023-cü il tarixdən qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətində qüvvədə qalır. 4.1-ci bəndinə əsasən icarayəverən əmlakı icarəçiyə təhvil verilmə gününə olan mövcud vəziyyətdə təqdim edir. 5.1.15-ci bəndinə əsasən İcarəçi bu müqavilənin 4.1-ci bəndində müəyyən olunmuş icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürür. 7.2-ci bəndinə əsasən İcarəçi bu müqavilənin 4.1-ci bəndində müəyyən olunmuş aylıq İcarə haqqını ardıcıl olaraq 2 (iki) ay vaxtında ödəmədikdə İcarəyəverən dərhal bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Həmçinin xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış 18 saylı icarə müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi icarə sahəsi üçün bir aylıq icarə haqqı olaraq 100 (yüz) manatın və əlavə Dəyər Vergisi kimi 18 (on səkkiz) manat vəsaitin X1 qeydiyyatda olan "X3" MMC-nin hesabına ödənilməsi, 01 aprel 2023-cü il tarixdən cari aylar üzrə hər ayın 10-dan (onundan) gec olmayaraq bu Əlavənin 1.2 və 1.3-cü bəndlərində qeyd olunan məbləğə uyğun olaraq İcarəyəverənin təqdim etdiyi EQF əsasında icarə haqqını İcarəyəverənin hesabına (yəni “X3” MMC; VÖEN: **********; Bankın adı: Kapital Bank ASC; VÖEN:**********; Kod:200015; M/h: AZ37ABZ**********000001944; SWİFT: AİİBAZ2XXXX) bank köçürməsi və nağd ödəniş yolu ilə həyata keçirilməsi, əgər icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə İcraçı tərəfindən hər ödənilməyən gün üçün 0.1% (sıfır nöqtə bir faiz) məbləğində dəbbə pulunun əlavə olunacağı, dəbbə pulunun ümumi məbləğinin ödənilməli olan ancaq ödənilməyən İcarə Haqqının ( və ya İcarə Haqlarının) ümumi məbləğinin 25%-i miqdarından çox olmamaqla tətbiq oluna biləcəyi, əgər İcarəçinin ödədiyi hər hansı məbləğ onun İcarəyəverən qarşısında bütün borclarının bağlanmasına kifayət etməzsə, o zaman ödənilən məbləğin ilkin olaraq dəbbə pulunun ödənilməsinə yönəldiləcəyi, sonra İcarəçinin İcarəyəverən qarşısında digər borclarına və daha sonra isə icarə haqqqının ödənilməsinə yönələcəyi şərtlərilə razı olduğunu, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən məsuliyyət daşımağa hazır olduğunu nəzərdə tutulan müqaviləni imzalamaqla təsdiq etmişdir. Belə ki, məhkəmə qeyd edilən hallara əsasən hesab edir ki, tərəflər arasında icarə müqaviləsi bağlandığı andan hüquqi qüvvəsin alaraq, hər iki tərəf üçün hüquq və öhdəliklərin yaranmasına əsas olmuşdur. Bu hal da onu deməyə əsas verir ki, tərəflər arasında icarə müqaviləsindən yaranan öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı (icarəyəverən) Şərur sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 10 m2 təşkil edən icarə sahəsini icarə müqaviləsini imzalamaqla cavabdehə (icarəçiyə) müddətli icarəyə verdiyini təsdiq etmiş, bununla da öz üzərinə düşən öhdəliyi lazımı qaydada yerinə yetirmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. “İcarə haqqında” Azərbaycan Respublikası qanununun: 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 3-cü maddəsinə əsasən icarəyə xalq təsərrüfatının bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər. 5-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8.1-ci maddəsinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə 13-1/2-557/2025 saylı xəbərdarlıq məktubu ünvanlanaraq "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18 saylı icarə müqaviləsinə əsasən 1( bir) il müddətində "X3" MMC-nin mülkiyyətində olan Şərur sərnişin vağzalının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 10 m2 təşkil edən icarə sahəsinin ona icarəyə verildiyini, sözügedən müqavilənin müddətinin xx.xx.2024-cü il tarixində bitdiyini və müqaviləyə xitam verildiyi, lakin həmin müqavilə üzrə icarə haqqı olaraq 238.84 (iki yüz otuz səkkiz manat səksən dörd qəpik) manat ödənilməmiş borc öhdəliyinin yarandığını və hələ də ödənilməmiş olaraq qaldığını, yaranmış borcun 10 (on) təqvim günü müdddətində "X3" MMC-nin bank hesabına ödənilməsinin təmin edilməsini, ödənilmədiyi təqdirdə isə mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hərəkətsizlik müşayiət olunaraq, borcun ödənilməsi istiqamətində irəliləyiş mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-156/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflərin razılığı əsasında müəyyənləşdirilmiş müqavilə şərtlərindən irəli gələrək iddiaçının 202,41 (iki yüz iki manat 41 qəpik) manat məbləğində icarə haqqı və 36.43 (otuz altı manat 43 qəpik) manat məbləğində ƏDV borcunu tələb etməkdə subyektiv hüququ vardır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə AR MM-in 462.2-ci maddəsinə uyğun olaraq tərəflər arasında bağlanmış icarə müqaviləsində icarəçi tərəfindən hər ödənilməyən gün üçün 0.1% məbləğində dəbbə pulunun əlavə olunacağını nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış dəbbə pulunun məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.1-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 268,84 (iki yüz altmış səkkiz manat səksən dörd qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 (otuz) manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı vəziyyətdə iddia təmin ediləcəyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, iddiaçı "X3" MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbi barədə ərizəsi təmin edilməli, xx.xx.2023-cü il tarixli 18 saylı icarə müqaviləsinə əsasən 202,41 (iki yüz iki manat qırx bir qəpik) manat məbləğində icarə borcu, 36,43 (otuz altı manat qırx üç qəpik) manat məbləğində ƏDV borcu, 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 268.84 (iki yüz altmış səkkiz manat səksən dörd qəpik) manat məbləğində bоrcun və 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеh Cavabdeh tutularaq iddiaçı "X3" MMC-nin хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdеh Cavabdeh (FİN: xxxxxxx, Ş/V Seriya və nömrəsi: AA*******, VÖEN: **********) 202,41 (iki yüz iki manat qırx bir qəpik) manat məbləğində icarə haqqı, 36,43 (otuz altı manat qırx üç qəpik) manat məbləğində ƏDV borcu, 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 268.84 (iki yüz altmış səkkiz manat səksən dörd qəpik) manat məbləğində bоrc məbləği alınaraq iddiaçı "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) ödənilsin. Cavabdеh Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-156/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-156/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver