Məhkəmə qərarları › İş №e-2-2(123)-158/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-158/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-158/2023 05.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov iddiaçı "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin nümayəndəsi Nümayəndə1 24 avqust 2023-cü il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4513.00 AZN, faiz borcuna görə 1195.35 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5708.35 (beş min yeddi yüz səkkiz manat otuz beş qəpik) AZN məbləğində borcun və 100 manat məbləğində ödənilmiş Mediasiya Xidmət Haqqının İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" QBKT MMM ərizəsində İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0050 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri üçün illik 29.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min manat) AZN məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 278 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsinin razılaşdırıldığını, kredit məbləğinin Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilən kredit kartında təqdim edildiyini, həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0050 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olduğunu, zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zaminin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsinin borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 4513.00 AZN, faiz borcuna görə 1195.35 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5708.35 (beş min yeddi yüzsəkkiz manat otuz beş qəpik) AZN təşkil etdiyini, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixində Pretenziya və xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyini, lakin X1 verdiyi xx.xx.2023-cü il tarixli F-933 nömrəli arayışdan X5 sonra proses davam etdirilə bilmədiyinin göründüyünü, eləcə də Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alanın 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verənin məhkəmə orqanlarına müraciət edəcəyini, lakin bu tələbin Kredit alana təqdim edilməməsinin Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməyəcəyini, müqavilənin bu müddəasının heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməyəcəyini qeyd edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 462.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci, 284-3-cü maddələrinə, X12 Qanunun 9.1-1-ci maddəsinə istinad edərək “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfin çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyini, qeyd olunan maddənin tələbini rəhbər tutaraq tərəflərindən mediasiya prosesinin tətbiqi üçün X2 ödənilən 100 (yüz manat) AZN rüsum məbləğində məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilməli olan rüsumdan azad olduğunu qeyd etməklə əsaslandırmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-158/2023 saylı qərardad ilə iddiaçı "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş əsaslandırılmış etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: Ölkədaxili #005XOH********** nömrəli ödənişin edilməsini təsdiq edən sənəddən görünür ki, Finca Azərbaycan QBT MMM tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xidmət haqqı ödənilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2023-cü il tarixdə iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisə predmeti kommersiya mübahisəsi olan mediasiya prosesinin tətbiqinə dair təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixli, F-933 nömrəli X5 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0050 saylı kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilən X6 İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 iştirak etmiş, İMS-nin keçirilməsi ilə bağlı bildirişin göndərilməsinə baxmayaraq digər Cavabdeh1 X6 iştirak etməmiş, 100 (bir yüz) manat məbləğində mediaisya xərci iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən ödənilmişdir. Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli **********0050 saylı kredit müqaviləsinin şərtləri pozularaq öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən bağlanmış müqaviləyə əsasən əsas borc üzrə 4513.00 AZN, faiz borcuna görə 1195.35 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5708.35 (beş min yeddi yüz səkkiz manat otuz beş qəpik) AZN məbləğində borcun qısa zaman ərzində təşkilata ödənilməyi tələb olunmuş, əks təqdirdə kedit müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMM QBKT ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh1 ünvanlanmış 31 may 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilə əsasında yaranan borc məbləğinin qısa zaman ərzində Təşkilata ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsi üzrə əmələ gələn borcun və məhkəmə xərclərinin məcbur qaydada alınaraq İddiaçı MMM QBKT-yə ödənilməsi tələbi məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 16 fevral 2022-ci il tarixli, **********583753 nömrəli qəbzdən görünür ki, 5000 (beş min) manat məbləğində kredit vəsaiti Cavabdeh2 **********0050 saylı hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli **********0050 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı X8-Bank Kredit Təşkilatı onun şəxsində etibarnamə əsasında fəaliyyət göstərən X9 və digər tərəfdən kredit alan Cavabdeh2 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA*******) tərəfindən bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 5000.00 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, kredit üzərində 29.00 % illik faiz (bundan sonra nominal faiz) hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. 1.4-cü bəndindən görünür ki, kredit alan kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan kreditin qaytarılma cədvəlinə müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. 1.6-cı bəndindən görünür ki, kredit kredit alana “Fincard” kredit kartı vasitəsilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin Akt bu müqavilənin tərkib hissəsi hesab edilir. 2.1.3-cü bəndindən görünür ki, kredit alan müqavilə şərtlərinə əməl etmədikdə, bu müqavilə və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərə əl atmaq kredit verənin hüququdur. 2.1.4-cü bəndindən görünür ki, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək kredit verənin hüququdur. 3.2.1-ci bəndindən görünür ki, krediti faizləri ilə birlikdə və Cədvələ uyğun tərzdə qyatarmaq kredit alanın vəzifəsidir. 7.1-ci bəndindən görünür ki, bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minir. 8-ci bəndindən görünür ki, müqavilənin tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə əsasən (müştəri İD-si 1246223) illik 29 % dərəcəsi ilə 24 ay müddətinə verilən 5000 manat əsas məbləğ, 1662.00 manat faiz məbləği olmaqla ümumilikdə 6662.00 manat məbləğin aylar üzrə 278.00 manat miqdarında ödəniş edilməsi şərtləndirilmişdir. xx.xx.2022-ci il tarixli Kredit kartının mədaxil qəbul aktından görünür ki, xx.xx.2022-ci il tarixli **********0050 saylı kredit müqaviləsi üzrə kredit alan, kredit məbləğinin nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********583753 saylı kredit kartında ona təqdim edildiyini təsdiq edir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, illik 29% dərəcəsi ilə 24 ay müddətinə verilmiş 5000 (beş min) manat məbləğində kredit vəsaiti və ona hesablanmış 1662.00 (bir min altı yüz altmış iki) manat məbləğində faiz olmaqla, ümumilikdə cəmi ödənilməli olan 6662.00 (altı min altı yüz altmış iki) manat məbləğdən, əsas borc üzrə 487.00 (dörd yüz səksən yeddi) manat, faiz borc üzrə 466.65 (dörd yüz altmış altı manat 65 qəpik) manat, cərimə üzrə 165.35 (bir yüz altmış beş manat 35 qəpik) manat olmaqla cəmi 1119.00 (bir min yüz on doqquz) manat ödənilmiş, nəticədə, əsas borc üzrə 4513.00 (dörd min beş yüz on üç) manat, müqavilə müddətinin sonuna hesablanmış faizlər üzrə 1195.35 (bir min yüz doxsan beş manat 35 qəpik) manat, cərimə 0.00 (sıfır) manat olmaqla cəmi qalıq borc 5708.35 (beş min yeddi yüz səkkiz manat otuz beş qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar tədqiq edilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə **********0050 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcluya biznes məqsədləri üçün illik 29.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilməsi şərtləndirilmiş, kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilən **********583753 saylı kredit kartında ona təqdim edilmiş, kredit alan da kredit kartının mədaxil (qəbul) aktını imzalamaqla kredit məbləğinin ona verildiyini təsdiq etmiş, bununla da kredit verən kredit müqaviləsinin 2.3.1-ci bəndinin tələblərinə uyğun olaraq üzərinə düşən vəzifəsini yerinə yetirmişdir. Beləliklə, qarşılıqlı razılıq əsasında bağlanılan bu müqavilə tərəflər arasında hüquq və vəzifələr müəyyən etməklə kredit münasibətlərini tam şəkildə əhatə edərək, öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuşdur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmasına baxmayaraq Cavabdeh2 kredit müqaviləsinin 1.4-cü bəndinin tələblərini pozaraq, kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan kreditin qaytarılma cədvəlinə müvafiq olaraq ödəməmiş, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün iddiaçı tərəfdən cavabdehə xx.xx.2023-cü il tarixində Pretenziya məktubu göndərilərək əsas borc üzrə 4513.00 AZN, faiz borcuna görə 1195.35 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5708.35 (beş min yeddi yüz səkkiz manat otuz beş qəpik) AZN məbləğində borcun qısa zaman ərzində təşkilata ödənilməyi tələb olunmuş, əks təqdirdə kedit müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMM QBKT ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 47.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı). Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Nəticədə, məhkəmə tərəfindən cavabdehlərə 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş əsaslandırılmış etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək hüququ barədə bildiriş göndərildiyi təqdirdə, tərəflərindən iddia tələbini təkzib edən sübut və ya etiraz məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MPM-in 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb və onlardan istifadə edərək öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Beləliklə, öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçı tərəfindən iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 4513.00 (dörd min beş yüz on üç) manat, faiz borcuna görə 1195.35 (bir min yüz doxsan beş manat 35 qəpik) manat, cərimə borcuna görə 0.00 (sıfır) manat olmaqla, cəmi 5708.35 (beş min yeddi yüz səkkiz manat otuz beş qəpik) manat borcu yaranmışdır. Həmin maliyyə arayışının faiz borcuna dair hissəsinə münasibətdə məhkəmə bildirir ki, AR MM-nin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 1.4-cü bəndindən aydın olu ki, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləği ilə yanaşı faiz ödənişlərindən də ibarət olmaqla aylıq bərabər hissələrlə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla da qeyd edilənlərə əsasən məhkəmə tələbin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4513.00 (dörd min beş yüz on üç) manat, faiz borcuna görə 1195.35 (bir min yüz doxsan beş manat 35 qəpik) manat, cərimə borcu olmadığından 0.00 (sıfır) manat olmaql cəmi 5708.35 (beş min yeddi yüz səkkiz manat otuz beş qəpik) manat məbləğində borcun ödənilməsi hissəsində əsaslı olduğunu hesab edir. Qeyd edilənlərdən əlavə, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq bir tərəfdən İddiaçı MMM QBKT, onun şəxsində etibarnamə əsasında fəaliyyət göstərən X10 və digər tərəfdən (bundan sonra Zamin adlandırılacaq) Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Zamin xx.xx.2022 tarixli, **********0050 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan olan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərini hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz və cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. 1.2- bəndindən görünür ki, zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur. 2.1-ci bəndindən görünür ki, tərəflər razlaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyır. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Belə ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edən zaminlik müqaviləsi aksessor xarakteri daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birətərfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfdən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddələrin tələblərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli, **********0***- ******* saylı zaminlik müqaviləsinin 2.1-ci bəndindən də göründüyü kimi zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından kredit verən qarşısında əsas borc və həmin borca hesablanmış faizlər üzrə kredit alanla birgə məsuliyyət daşıyır. Subsidiar məsuliyyət dedikdə isə Kreditorun bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməsi nəzərdə tutulur. (MM-in 453-cü maddəsi). Hazırkı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə tam məsuliyyət götürmüşdür. Belə ki, o həmin müqavilənin 2.1-ci bəndinə əsasən yuхarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı bütün öhdəliklərini birgə icra еtməlidir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zərur hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin nömrəsi **********0050 olduğu halda, xx.xx.2023-cü il tarixli, F-933 nömrəli X3 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın “müzakirə edilən mübahisənin predmeti” nə dair hissədə tərəflər arasında bağlanmış kredit müqaviləsinin xx.xx.2022-ci il tarixli, **********0050 nömrəli qeyd edilsə də məhkəmə həmin arayışda işdə iştirak edən şəxlərin və müqavilənin tarixinin doğruluğunu, o cümlədən iş materiallarında olan digər sənədləri nəzərə alaraq **********0050 olaraq qeyd edilən müqavilənin nömrəsini texniki səhv olaraq qəbul etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4513.00 (dörd min beş yüz on üç) manat, faiz borcuna görə 1195.35 (bir min yüz doxsan beş manat 35 qəpik) manat, cərimə borcu olmadığından 0.00 (sıfır) manat, ümumilikdə 5708.35 (beş min yeddi yüz səkkiz manat otuz beş qəpik) manat məbləğində borcun "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin xeyrinə tutulması barədə tələbi əsaslı hesab edildiyindən iddia tam təmin edilməli, X7 keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat məbləğində mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “X12” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti əsas borc üzrə 4513.00 (dörd min beş yüz on üç) manat, faiz borcuna görə 1195.35 (bir min yüz doxsan beş manat 35 qəpik) manat olmaqla ümumilikdə 5708.35 (beş min yeddi yüz səkkiz manat 35 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat +47.08 ( 4708,35 x 1 %)=77,08 (yetmiş yeddi manat 08 qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Beləliklə, iddiaçı tərəfindən X7 keçirilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat məbləğində ödənilmiş mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 77.08 qəpik (yetmiş yeddi manat 08 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən, bununla da iddiaçı məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X6 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Hazırkı vəziyyətdə, xx.xx.2023-cü il tarixli, F-933 nömrəli X5 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0050 saylı kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilən X6 İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 iştirak etdiyi, İMS-nin keçirilməsi ilə bağlı bildirişin göndərilməsinə baxmayaraq digər cavabdeh (zamin) Cavabdeh1 X6 iştirak etmədiyi, 100 (bir yüz) manat məbləğində mediasiya xərcinin iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən ödənildiyi müəyyən edilir. Beləliklə, tərəflər İMS-də iştirak etdiyindən məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş qaydada mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. xx.xx.2022-ci il tarixli **********0050 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4513.00 (dörd min beş yüz on üç) manat, faiz borcuna görə 1195.35 (bir min yüz doxsan beş manat 35 qəpik) manat olmaqla cəmi 5708.35 (beş min yeddi yüz səkkiz manat otuz beş qəpik) manat borc məbləği cavabdehlər Cavabdeh2 (Şəxsiyyət vəsiqəsinn seriya nömrəsi AA*******, FİN: xxxxxxx) və Cavabdeh1 (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi; AA*******, FİN: xxxxxxx) müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 77,08 (yetmiş yeddi manat 08 qəpik) manat məbləğində dövlət rüsumu iddia tam təmin edildiyindən, bütövlükdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət gəlirlərinə ödənilsin. İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 İMS-də iştirak etdiyindən X7 keçirilməsi ilə əlaqədar iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülərək, 50 manat məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinə ödənilsin, qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar