Məhkəmə qərarları › İş №e-2-2(123)-16/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-16/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-16/2025 14.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 09 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 20 sentyabr 2023-cü il tarixli 593 nömrəli əmrinə əsasən tərəflər arasında bağlanılmış 20 sentyabr 2023-cü il tarixli 459 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi üzrə yaranmış 39984,0 manat icarə haqqının dövlət büdcəsinə ödənilməsi, eyni zamanda icarəyə verilmiş bina və avadanlıqların icarəyəverənə təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Naxçıvan Muxtar Respublikası X5 21 iyun 2023-cü il tarixli 324-06/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası X2 Mərkəzinin ləğv edildiyini, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli 80s nömrəli Sərəncamına əsasən ləğv edilmiş Naxçıvan Muxtar Respublikası X2 Mərkəzinin bina və avadanlıqlarının Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verildiyini, Cavabdeh 2023cü ilin sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə rəsmi müraciət edərək ünvan 1 ünvanda yerləşən nazirliyin sərəncamında olan ləğv edilmiş Naxçıvanşünaslıq Mərkəzinin avadanlıqlarla birgə Cəmiyyətə icarəyə verilməsinə köməklik göstərilməsini xahiş etdiyini, Nazirliyə daxil olmuş müraciətin qanunvericiliyə uyğun araşdırıldığını və Naxçıvan şəhəri, Nizami küçəsi-16 ünvanında yerləşən, ümumi sahəsi 778,5 m2 olan ləğv edilmiş Naxçıvanşünaslıq Mərkəzinin binasının avadanlıqlarla birgə 20 sentyabr 2023-cü il tarixli 593 nömrəli əmrə əsasən 1 il müddətinə Cavabdehnə icarəyə verilərək tərəflər arasında 20 sentyabr 2023-cü il tarixli 459 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin bağlanıldığını, Cəmiyyət tərəfindən 14 may 2024-cü il tarixdə Nazirliyə müraciət olunaraq 2023-cü ilin dekabr ayından fəaliyyətinin dayandırıldığının nəzərə alınması, icarə haqqının həmin tarixə kimi hesablanaraq xitam verilməsinə köməklik göstərilməsinin bildirildiyini, məlumat üçün Naxçıvan Muxtar Respublikası X5 2023-cü il 29 dekabr tarixli 225-Vİ FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturu təsdiq edilərək Əmlak Məsələləri Dövlət Xidməti və onun yerli bölmələri Nazirliyin strukturuna daxil edildiyindən muxtar respublikada dövlət əmlakının icarəyə verilməsi istiqamətində vəzifə və funksiyaların Əmlak Məsələləri Dövlət Xidmətinə keçdiyini bildirdiyini, müraciətinin araşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh fəaliyyətinin dayandırılması və ya davam etdirilməsi haqqında müvafiq məlumatın verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 22 may 2024-cü il tarixli 03/405 müraciətin göndərildiyini, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Xidmətə daxil olmuş 24 may 2024-cü il tarixli **********255000 nömrəli cavab məktubunda Cəmiyyətin fəaliyyətinin yalnız 18 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək dayandırıldığının, haliyyədə isə vergi ödəyicisinin fəaliyyətinin aktiv olduğunun bildirildiyini, Cavabdeh 14 may 2024-cü il tarixli tərəflər arasında bağlanılmış icarə müqaviləsinə xitam verilməsi barədə müraciəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdmətinin 31 may 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ilə tərəflər arasında bağlanılmış 20 sentyabr 2023-cü il tarixli 459 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə xitam verildiyini, icarə müqaviləsi qüvvədə olduğu müddətdə və eyni zamanda icarə müqaviləsinə xitam verildikdən sonra Cavabdeh tərəfindən icarə müqaviləsi üzrə yaranmış 39984,0 manat icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsi və eyni zamanda bina və avadanlıqların icarəyəverənə təhvil verilməsinin təmin edilmədiyini bildirdiyini, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə dəfələrlə şifahi və 06 iyun 2024-cü il tarixli 03/461 nömrəli məktubla yazılı müraciət olunaraq 10 gün müddətində dövlət büdcəsinə icarə haqqı borcunun ödənilməsinin təmin edilməsi, eyni zamanda bina və avadanlıqların icarəyəverənə təhvil verilməsi bildirilsə də heç bir müsbət nəticənin əldə olunmadığını, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 5.2-ci yarımbəndinə əsasən- “İcarəçi” tərəfindən icarə müddəti ərzində aylıq icarə haqqını hər ayın 10-dək ödənilməsinin nəzərdə tutulduğunu, müqavilənin 7.3-cü yarımbəndinə əsasən-İcarə müqaviləsinə xitam verildikdən sonra “İcarəçi”nin icarəsində olan əmlakı “İcarəyəverən”ə qaytarmağa borclu olduğunu, əgər “İcarəçi” əmlakı qaytarmasa, “İcarəyəverən”in əmlakın saxlanıldığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və “İcarəçi”dən saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bildiyini, müqavilənin 7.4-cü yarımbəndinə əsasən- Müqaviləyə xitam verilməsinin onun qüvvədə olduğu müddət ərzində icarə haqqı yaranmış borclarının ödənilməsindən və icra olunmamış öhdəliklərin icrasından “İcarəçi”ni azad etmədiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443.1-ci, 445-ci, 700-cü və 705-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Dövlət əmlakının icarəyə verilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli, 459 saylı İcarə müqaviləsindən görünür ki, bu müqavilə, bundan sonra “icarəyəverən” adlandırılacaq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri V.R.Rzayev şəxsində, digər tərəfdən bundan sonra “icarəçi” adlandırılacaq Cavabdeh direktoru X1 şəxsində müəyyən edilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə “icarəyəverən” Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 20 sentyabr 2023-cü il tarixli 592 saylı əmrinə əsasən Naxçıvan şəhəri Nizami küçəsi-16 ünvanında yerləşən, ümumi sahəsi 778,5 kv.m təşkil edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinə aid əmlaklarla birgə xidmət məqsədi ilə “icarəçi”nin bir il müddətinə istifadəsinə verir. 2.2-ci bəndindən görünür ki, ödənəcək illik icarə haqqının məbləği 59975,64 manatdır. 2.3-cü bəndindən görünür ki, bir aylıq icarə haqqının məbləği 4997,97 manatdır. 2.4-cü bəndindən görünür ki, aylıq icarə haqqının 100%-i, 4997,97 manat büdcəyə köçürülür. 3.1-ci bəndindən görünür ki, icarə müqaviləsinin müddəti 20 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək etibarlıdır. 5.2-ci bəndindən görünür ki, “icarəçi” icarə müddəti ərzində aylıq icarə haqqını hər cari ayın 10-dək ödəməlidir. 7.3-cü bəndindən görünür ki, icarə müqaviləsinə xitam verildikdən sonra “icarəçi” icarəsində olan əmlakı “icarəyəverən”ə qaytarmağa borcludur. 7.4-cü bəndindən görünür ki, müqaviləyə xitam verilməsi onun qüvvədə olduğu müddət ərzində icarə haqqı yaranmış borclarının ödənilməsindən və icra olunmamış öhdəliklərin icrasından “icarəçi”ni azad etmir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli 80s nömrəli Sərəncamına əsasən İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş, Cavabdehnə icarəyə verilən əmlaklar haqqında məlumat olan siyahıdan görünür ki, 01 ədəd inzibati bina, 05 ədəd kitab şkafı, 26 ədəd şkaf, 01 ədəd istilik qazanı, 12 ədəd şüşəli şkaf, 06 ədəd kondisioner media 30 m, 04 ədəd kondisioner 40 m, 08 ədəd L formalı stol, 11 ədəd anbar şkafı böyük, 01 ədəd ofis dəsti böyük, 10 ədəd kreslo, 06 ədəd şifoner, 08 ədəd şifoner qapaqsız, 01 ədəd mətbəx mebeli 3.7 m, 04 ədəd stol 1.2, 01 ədəd hidrofot jet, 03 ədəd verzalit stol, 01 ədəd seyf kassa, 01 ədəd kreslo böyük, 01 ədəd soyuducu, 01 ədəd təsisat şkafı boyalı, 01 ədəd L formalı stol müdür, 01 ədəd müdür otağı üçün etejer dəsti, 01 ədəd stol 120*60, 02 ədəd patchcord 24 prt, 01 ədəd Usb 650 Cavabdehnə icarə məqsədilə təhvil verilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24 may 2024-cü il tarixli, **********255000 nömrəli cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixdə hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, cəmiyyətin fəaliyyəti 18 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək dayandırılmışdır, hal-hazırda vergi ödəyicisinin fəaliyyəti aktivdir. Cavabdeh MMC-nin 14 may 2024-cü il tarixli məktubundan görünür ki, Tikilməkdə Olan Layihələrin İdarə Edilməsi” MMC dekabr 2023-cü il tarixdən etibarən fəaliyyətini dayandırdıqlarını, üzrlü səbəblərdən ünvan 1 ünvanında icarəyə götürülən obyekti dekabr ayında təhvil verə bilmədiklərini qeyd edərək, obyektin icarə haqqının dekabr 2023-cü ilə qədər hesablanması və icarə müqaviləsinə xitam verilməsi ilə bağlı köməklik edilməsinə dair Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 31 may 2024-cü il tarixli, 11 nömrəli Sərəncamından və sərəncama əlavə olan siyahıdan görünür ki, 20 sentyabr 2023-cü il tarixli, 459 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası X5 21 iyun 2023-cü il tarixli, 324-06/S nömrəli Sərəncamından görünür ki, Naxçıvan Muxtar Respublikası X2 Mərkəzi ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli, 80s nömrəli Sərəncamının 2-ci bəndindən görünür ki, Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası X2 Mərkəzinin balansında olan və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsi nəzərdə tutulan əmlakların siyahısı 2 nömrəli əlavə ilə təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli, 80s nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə müvafiq olaraq tərtib olunan siyahıdan görünür ki, Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası X2 Mərkəzinin balansında olan ümumi məbləği 1065089,60 manat olan, hesablanmış amortizasiya dəyəri 452719,58 manat olan, qalıq dəyəri 612837,12 manat olan 34 adda əmlak Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli, 593 nömrəli əmrindən görünür ki, həmin əmrin 2-ci bəndinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 778,5 m2 olan qeyri-yaşayış sahəsinin Cavabdehnə 1 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 20 sentyabr 2023-cü il tarixli, 593 nömrəli əmri əsasında iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında 20 sentyabr 2023-cü il tarixli, 459 saylı icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Naxçıvan şəhəri Nizami küçəsi-16 ünvanında yerləşən, ümumi sahəsi 778,5 kv.m təşkil edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş qeyri-yaşayış sahəsini həmin qeyri-yaşayış sahəsinə aid əmlaklarla birgə Cavabdeh MMC-yə icarəyə vermiş, icarəçi Cavabdeh MMC icarəyə verən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aylıq 4997,97 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin avadanlıqlarla birlikdə Cavabdeh MMC-yə təhvil verilməsi iş materiallarında olan, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli, 80s nömrəli Sərəncamına əsasən İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş, Cavabdehnə icarəyə verilən əmlaklar haqqında məlumat olan siyahı ilə təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında dövlət əmlakının icarəyə verilməsi haqqına icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə haqqında Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8.1-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, Cavabdeh MMC-nin 14 may 2024-cü il tarixli tərəflər arasında bağlanılmış icarə müqaviləsinə xitam verilməsi barədə müraciəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 31 may 2024-cü il tarixli, 11 nömrəli Sərəncamı ilə tərəflər arasında bağlanılmış 20 sentyabr 2023-cü il tarixli, 459 nömrəli icarə müqaviləsinə xitam verilmişdir. Lakin icarə müqaviləsinə xitam verildikdən sonra Cavabdeh MMC tərəfindən icarə müqaviləsi üzrə yaranmış 39984,0 manat icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsi və eyni zamanda bina və avadanlıqların icarəyə verənə təhvil verilməsi təmin edilməmişdir. İddiaçı ödənişin icra edilmədiyini görərək qarşı tərəfə 06 iyun 2024-cü il tarixli, 03/461 nömrəli xəbərdarlıq məktubu göndərmiş, həmin məktuba əsasən borc məbləğinin 10 gün müddətində dövlət büdcəsinə icarə haqqı borcunun ödənilməsini tələb etmiş, lakin bundan sonra da cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi müşayiət olunduğundan xx.xx.2024-cü il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.3-cü maddəsinə əsasən əgər bu məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. 9.1.14-cü maddəsinə əsasənən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən hazırkı vəziyyətdə iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti büdcə təşkilatı olduğundan dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. Hazırkı iş üzrə iddianın qiymətinin 39984 (otuz doqquz min doqquz yüz səksən dörd manat) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 209,95 (iki yüz doqquz manat doxsan beş qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu halda məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, habelə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 209,95 (iki yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu bütövlükdə Cavabdeh MMCdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh MMC-dən 39984 (otuz doqquz min doqquz yüz səksən dörd manat) manat icarə haqqı alınıb dövlət büdcəsinə ödənilməli, icarəyə verilmiş Naxçıvan şəhəri Nizami küçəsi-16 ünvanında yerləşən, ümumi sahəsi 778,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsi ilə birlikdə icarəyə verilmiş 05 ədəd kitab şkafı, 26 ədəd şkaf, 01 ədəd istilik qazanı, 12 ədəd şüşəli şkaf, 06 ədəd kondisioner media 30 m, 04 ədəd kondisioner 40 m, 08 ədəd L formalı stol, 11 ədəd anbar şkafı böyük, 01 ədəd ofis dəsti böyük, 10 ədəd kreslo, 06 ədəd şifoner, 08 ədəd şifoner qapaqsız, 01 ədəd mətbəx mebeli 3.7 m, 04 ədəd stol 1.2, 01 ədəd hidrofot jet, 03 ədəd verzalit stol, 01 ədəd seyf kassa, 01 ədəd kreslo böyük, 01 ədəd soyuducu, 01 ədəd təsisat şkafı boyalı, 01 ədəd L formalı stol müdür, 01 ədəd müdür otağı üçün etejer dəsti, 01 ədəd stol 120*60, 02 ədəd patchcord 24 prt, 01 ədəd Usb 650 Cavabdeh MMC-dən alınıb iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməli, iddiaçı dövlət rüsumundan azad edildiyindən və iddia təmin edildiyindən 209,95 (iki yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu bütövlükdə Cavabdeh MMC-dən alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdehndən (VÖEN:**********) 39984 (otuz doqquz min doqquz yüz səksən dörd manat) manat məbləğində icarə haqqı alınıb dövlət büdcəsinə ödənilsin. İcarəyə verilmiş Naxçıvan şəhəri Nizami küçəsi-16 ünvanında yerləşən, ümumi sahəsi 778,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsi ilə birlikdə icarəyə verilmiş 05 ədəd kitab şkafı, 26 ədəd şkaf, 01 ədəd istilik qazanı, 12 ədəd şüşəli şkaf, 06 ədəd kondisioner media 30 m, 04 ədəd kondisioner 40 m, 08 ədəd L formalı stol, 11 ədəd anbar şkafı böyük, 01 ədəd ofis dəsti böyük, 10 ədəd kreslo, 06 ədəd şifoner, 08 ədəd şifoner qapaqsız, 01 ədəd mətbəx mebeli 3.7 m, 04 ədəd stol 1.2, 01 ədəd hidrofot jet, 03 ədəd verzalit stol, 01 ədəd seyf kassa, 01 ədəd kreslo böyük, 01 ədəd soyuducu, 01 ədəd təsisat şkafı boyalı, 01 ədəd L formalı stol müdür, 01 ədəd müdür otağı üçün etejer dəsti, 01 ədəd stol 120*60, 02 ədəd patchcord 24 prt, 01 ədəd Usb 650 Cavabdeh MMC-dən (VÖEN:**********) alınıb iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (VÖEN: **********) təhvil verilsin. Cavabdehndən 209,95 (iki yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar