Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-175/2025 23.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin verilməsinə dair razılaşma üzrə borcun qaytarılması tələbi üzrə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC 17 aprel 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 792.65 AZN məbləğində əsas kredit borcu, 0 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 15.98 AZN məbləğində penya olmaqla,cəmi 808.63 AZN, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair Razılaşmaya əsasən Cavabdeh1 24 ay müddətinə illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə kredit, borcalanın ərizəsi əsasında Kreditverən tərəfindən Borcalanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin Borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu Razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu Razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə 45FİZAM170140901saylı xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 792.65 manat məbləğində əsas kredit borcu, 0 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 15.98 manat məbləğində penya olmaqla,cəmi 808.63 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 284-1-ci, 21-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci, 443.1-ci, 443.2-ci, 472.1-ci, 472.2-ci, 472.3-cü, 739.3-cü, 743.2-ci, 385, 423, 425, 442, 445, 739-745-ci, 4, 14, 77 və 284-1 – 284-6-cı maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında kreditin verilməsinə dair razılaşma üzrə borcun qaytarılması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-nə əsas borc 792.65 manat, cərimə borcu 15.98 manat olmaqla cəmi 808.63 manat borcu vardır. xx.xx.2022-ci il tarixli kreditin veriməsinə dair razılaşmadan görünür ki, dövrüyyə vəsaitlərinin artırılması üçün Cavabdeh1 İddiaçı ASC-i tərəfindən 22% dərəcəsi olmaqla xx.xx.2024-cü il tarixədək 8000 manat verilməsi razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC-i tərəfindən 22% dərəcəsi olmaqla xx.xx.2024-cü il tarixədək 8000 manat verilmiş vəsaitin qaytarılmasına zamin olmuşdur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC-i ilə Cavabdeh1 arasında 28 sentyabr 2022-ci il tarixli, kreditin verilməsinə dair razılaşma bağlanmış, həmin müqaviləyə görə borcalana dövrüyyə vəsaitlərinin artırılması məqsədilə 24 (iyirmi dörd) ay müddətinə 8.000 (səkkiz min) manat məbləğində kredit verilmiş, həmin müqavilənin 1-ci maddəsinə əsasən müqavilənin şərtləri ilə Borcverən Borcalana pul vəsaitinin borcu (bundan sonra kredit adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. Borcalan müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, cavabdehlər kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərlərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmış, kreditorun xx.xx.2025-ci il tarixdə etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini lazımi qaydada icra etməyərək icranı gecikdirmiş və barəsində qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaranmışdır. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 28 sentyabr 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmanın mühüm şərtləri hesab edilən hallar barədə tərəflər razılığa gələrək, maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmiş, nəticədə tərəflər arasında olan razılıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı). Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-175/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onlar tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Məhkəmə tərəfindən müəyyən edilən bir hal ondan ibarətdir ki, öhdəliklərin icrasının təminatı olaraq 28 sentyabr 2022-ci il tarixli 45FİZAM170140901 saylı Kredit müqaviləsinə əlavə olaraq zamin Cavabdeh2 ilə kreditor qismində İddiaçı ASC-in Naxçıvan filialının nümayəndəsi X1 şəxsində bir tərəfdən və digər tərəfdən zamin Cavabdeh2 şəxsində müvafiq şərtlər əsasında 28 sentyabr 2022-ci il tarixli 45FİZAM170140901 saylı zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli 45FİZAM170140901 saylı zaminlik müqaviləsinin 3.1-ci bəndində müəyyən edilir ki, zaminlik müqaviləsinin qüvvədə olma müddəti borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.1-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 808.63 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 (otuz) manatdır. Qeyd olunan dövlət rüsumunun məbləği İddiaçı ASC-i tərəfindən xx.xx.2025-ci il tarixli, **********52 nömrəli məxaric orderinə əsasən qanunvericiliyə uyğun olaraq ödənilmişdir. Nəticədə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 792.65 manat, penya üzrə 15.98 manat olmaqla ümumilikdə 808.63 manat və iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı ASC-nə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 792.65 (yeddi yüz doxsan iki manat altmış beş qəpik) manat, penya üzrə 15.98 (on beş manat doxsan səkkiz qəpik) manat olmaqla ümumilikdə 808.63 (səkkiz yüz səkkiz manat altmış üç qəpik) manat və iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı ASC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-175/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-175/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver