Məhkəmə qərarları › İş №e-2-2(123)-176/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-176/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-176/2025 04.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və hesablanmış cərimə borcunun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC 17 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 01 aprel 2022-ci il tarixli, “469” nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqı borcu 2.680,00 (iki min altı yüz səksən manat 00 qəpik) manat, 03 iyul 2023-cü il tarixli 06/2023 nömrəli borc öhdəliklərinin ötürülməsinə dair müqavilə üzrə ödənilməmiş icarə haqqı borcu 4.048,34 (dörd min qırx səkkiz manat otuz dörd qəpik) manat olmaqla – cəmi icarə haqqı borcu 6.728,34 (altı min yeddi yüz iyirmi səkkiz manat otuz dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 1.071,43 (bir min yetmiş bir manat qırx üç qəpik) manat olmaqla, yekun olaraq borc 7.799,77 (yeddi min yeddi yüz doxsan doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pul tələbinin və 98.00 (doxsan səkkiz manat 00 qəpik) manat dövlət rüsumu əvəzinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə subicarəçi Cavabdeh arasında 01 aprel 2022-ci il tarixli, 469 nömrəli icarə müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzal KompleksininTicarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “1612” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, subicarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 3.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay communal və sair xərclər daxil olmamaqla 220,00 (iki yüz iyirmi manat 00 qəpik) manat (ƏDV daxil) ödəməyi öhdəsinə götürdüyünü, icarəçi şəxs qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, İddiaçı baş direktoru tərəfindən icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdə 524 nömrəli əmrlə müqavilənin 10.2-ci və 10.3-cü bəndinə əsasən xitam verildiyini, bundan başqa subicarəçi Cavabdeh 03 iyul 2023-cü il tarixli 06/2023 nömrəli “xx.xx.2019-cu il tarixli 175 saylı icarə müqaviləsi üzrə borc öhdəliklərinin ötürülməsinə dair” müqaviləyə əsasən X3 4.048,34 (dörd min qırx səkkiz manat otuz dörd qəpik) manat borc öhdəliyinidə öz üzərinə götürdüyünü, beləki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə subicarəçi X4 arasında 01 aprel 2019-cu il tarixli, 175 nömrəli icarə müqaviləsi bağlandığını, icarəçi X4 həmin müqavilənin 4-cü bəndinin tələblərinə əməl etməyərək, üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və İddiaçı MMC-nə 4.048,34 (dörd min qırx səkkiz manat otuz dörd qəpik) manat icarə haqqı borcu yarandığını, icarəçi Cavabdeh “xx.xx.2019-cu il tarixli 175 saylı icarə müqaviləsi üzrə borc öhdəliklərinin ötürlməsinə dair” müqavilənin 3.1-ci hissəsinin “b” bəndinə əsasən əvvəlki icarəçi X3 icarəyə verən İddiaçı qarşısında yaranmış 4.048,34 (dörd min qırx səkkiz manat otuz dörd qəpik) manat icarə haqqı borcunu hər ayın 20-dən gec olmayaraq, 200 (iki yüz) manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü, lakin həmin öhdəliyidə icra etmədiyini, subicarəçi qeyd edilən müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, bununla da təqdim edilmiş: -03 mart 2025-ci il tarixli 04-02/Q-2025-A/39 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 01 aprel 2022-ci il tarixli, 469 nömrəli subicarə müqaviləsi üzrə 25 fevral 2025-ci il tarixə icarə haqqı borcu 2.680,00 (iki min altı yüz səksən) manat, 03 iyul 2023-cü il tarixli 06/2023 nömrəli borc öhdəliklərinin ötürülməsinə dair müqavilə üzrə 4.048,34 (dörd min qırx səkkiz manat otuz dörd qəpik) manat təşkil etdiyini, qeyd edilən icarə müqavilələri üzrə 25 fevral 2025-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 6.728,34 (altı min yeddi yüz iyirmi səkkiz manat otuz dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 1.071,43 (bir min yetmiş bir manat qırx üç qəpik) manat olmaqla, cəmi borc 7.799,77 (yeddi min yeddi yüz doxsan doqquz manat yetmiş yeddi qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçi şəxsin ünvanına məktub (pretenziya) göndərildiyini, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilmədiyini, pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərildiyini, bundan sonra, mübahisənin məhkəmədən kənar həll edilməsi Cavabdeh təklif olunduğunu, cavabdeh şəxsin təklifə münasibət bildirmədiyini, cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini və həmin öhdəliklərin icrasından boyun qaçırdığını bildirmişdir. 03 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, İddiaçı MMC olaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksini icarəyə götürüb digər sahibkarlara subicarəyə verdiklərini, mülkiyyətçinin Əmlak Məsələləri Dövlət Komitəsi, balans saxlayıcının Azərbaycan X1, həmin obyeklərin ikinci əldən subicarəyə verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilələri olduğunu, iddia tələbinə münasibətdə Cavabdeh arasında 01 aprel 2022-ci il tarixli, 469 nömrəli icarə müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, ünvan 8pleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “1612” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, subicarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 3.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 220,00 manat ödəməyi öhdəsinə götürdüyünü, icarəçi şəxsin qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, İddiaçı baş direktoru tərəfindən icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdə 524 nömrəli əmrlə müqavilənin 10.2-ci və 10.3-cü bəndinə əsasən xitam verildiyini, bundan başqa subicarəçi Cavabdeh 03 iyul 2023-cü il tarixli 06/2023 nömrəli “xx.xx.2019-cu il tarixli 175 saylı icarə müqaviləsi üzrə borc öhdəliklərinin ötürlməsinə dair” müqaviləyə əsasən X3 4.048,34 borc öhdəliyini də öz üzərinə götürdüyünü, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə subicarəçi X4 arasında 01 aprel 2019-cu il tarixli, 175 nömrəli icarə müqaviləsi bağlandığını, icarəçi X4 həmin müqavilənin 4-cü bəndinin tələblərinə əməl etməyərək, üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və İddiaçı MMC-nə 4.048,34 icarə haqqı borcu yarandığını, icarəçi Cavabdeh “xx.xx.2019-cu il tarixli 175 saylı icarə müqaviləsi üzrə borc öhdəliklərinin ötürlməsinə dair” müqavilənin 3.1-ci hissəsinin “b” bəndinə əsasən əvvəlki icarəçi X3 icarəyə verən İddiaçı qarşısında yaranmış 4.048,34 (dörd min qırx səkkiz manat otuz dörd qəpik) manat icarə haqqı borcunu hər ayın 20-dən gec olmayaraq, 200 manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürdüyünü, lakin həmin öhdəliyi də icra etmədiyini, subicarəçi qeyd edilən müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, 03 mart 2025-ci il tarixli 04-02/Q-2025-A/39 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 01 aprel 2022-ci il tarixli, 469 nömrəli subicarə müqaviləsi üzrə 25 fevral 2025-ci il tarixə icarə haqqı borcu 2.680,00 manat, 03 iyul 2023-cü il tarixli 06/2023 nömrəli borc öhdəliklərinin ötürülməsinə dair müqavilə üzrə 4.048,34 manat təşkil etdiyini, icarə müqavilələri üzrə 25 fevral 2025-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 6.728,34 manat, ona hesablanmış cərimə borcu 1.071,43 manat olmaqla, cəmi borc 7.799,77 manat məbləğinin və iddiaçının ödədiyi 98 manat dövlət rüsumunun əvəzini cavabdehdən tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini bildirmişdir. 04 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçı təşkilatın nümayəndəsinin və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını, mülahizələri və dəlilləri dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarına əlavə edilmiş: 30 yanvar 2018-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Bakı şəhəri Sumqayıt yolu 3 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki: ümumi sahəsi 140448,6 kv.m olan Avtovağzal kompleksi, sahəsi 89,5 kv.m olan qeyri-yaşayış binası və həmin torpaq sahəsinin üzərində yerləşən icarə verənə məxsus bütün digər əmlakların icarəyə verilməsi barədə razılıq olmuş, icarə müddəti 30 il müəyyən edilməklə icarə haqqı aylıq 34500 manat olmaqla ödəmənin ayın 1-ci və 10-cu günü arası ödənilməsi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin xx.xx.2018-ci il qeydiyyat tarixli ******* nömrəli vərəqəsindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Sumqayıt yolu 3 / əmlak kompleksi kimi müəssisə olan 140448,6 kv.m olan əmlak İddiaçı MMC-nin xeyrinə ********** qeydiyyat nömrəsi ilə 30 il müddətinə icarə kimi yüklü edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı 02-01/265 nömrəli xx.xx.2023-cü il tarixli Təmir-tikinti işlərinin aparılmasına və sahənin ikinci əldən icarəyə verilməsinə razılıq verilməsi barədə məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən, icarəyə götürdüyünüz qeyri-yaşayış sahəsində əsaslı təmir-tikinti işlərinin aparılmasına və sahənin ikinci əldən icarəyə verilməsinə razılıq istənilməsi barədə məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyd edilən ünvanda yerləşən, bağlanılmış xx.xx.2023-cü il tarixli, 3439 nömrəli icarə müqaviləsi əsasında icarəyə götürdüyünüz 13754,4 kv.m. qeyri-yaşayış sahəsində müəyyən tikinti norma və qaydalarına uyğun olaraq həyata keçiriləcək təmir-tikinti işlərini aidiyyəti icra orqanları ilə razılaşdırmaqla öz vəsaitiniz hesabına, gələcəkdə icarəyəverəndən tələb etməmək şərti ilə aparılmasına etiraz etmirik. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasındabağlanılmış 27 noyabr 2023-cü il tarixli 4141 nömrəli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən məlum olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 232 nömrəli Sərəncamına əsasəsn Bakı şəhəri Binəqədi rayonu Sumqayıt yolu 3 ünvanında 9 mərtəbəli binanın 1-ci, 2-ci və 5-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 4014,4 m2 təşkil edən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X5 balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə 1 il müddətinə illik 86711,04 manat, bir aylıq icarə haqqı 7876,25 manat olmaqla istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, Cavabdeh ünvan 8pleksinin Ticarət Mərkəzində yerləşən 1612 saylı mağazanın ona icarəyə verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin bağlanması üçün aktdan məlum olur ki, 1612 nömrəli mağaza aprel 2022 tarixdən 220 AZN ödənilməklə Cavabdeh icarəyə veriləcək. 01 aprel 2022-ci il tarixli 469 nömrəli subicarə müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şosesi 3 ünvanında ünvan 8pleksinin Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən, sahəsi 34 kv.m ölçüsündə olan qeyri-yaşayış sahəsinin hərbi geyim mağazası sahəsi kimi istifadəsi barədə müqavilə bağlanmışdır. 01 aprel 2019-cu il tarixli 175 nömrəli icarə müqaviləsindən görünür ki, X4 ilə İddiaçı MMC arasında Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şosesi 3 ünvanında ünvan 8pleksinin Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən, sahəsi 34 kv.m ölçüsündə olan “1605” nömrəli qeyriyaşayış sahəsinin icarəsi barədə müqavilə bağlanmışdır. 01 aprel 2019-cu il tarixli 175 saylı icarə müqavilələri üzrə borc öhdəliklərin ötürülməsinə dair 03 iyul 2023-cü il tarixli 06/2023 tarixli müqavilədən aydın olur ki, Cavabdeh "xxxx" MMC ile X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli "175" saylı icarə müqaviləsi üzrə Ümumilikdə 4048,34 (dörd min qırx səkkiz manat, otuz dörd qəpik) manat borcunu ödəməyi öhdəsinə götürmüşdür. 18 yanvar 2024-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin subicarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair pretenziya məktubundan görünür ki, Cavabdeh ödənilməmiş 2.170,00 manat icarə haqqı borcu olduğu, ödəmək üçün 15 gün möhlət verildiyi və əks-təqdirdə 3 gün ərzində akt tərtib olunaraq müqaviləyə xitam veriləcəyi barədə xəbərdar edilmişdir. 03 iyul 2024-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin subicarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair pretenziya məktubundan görünür ki, Cavabdeh ödənilməmiş 2.680,00 manat icarə haqqı borcu olduğu, ödəmək üçün 15 gün möhlət verildiyi və əks-təqdirdə 3 gün ərzində akt tərtib olunaraq müqaviləyə xitam veriləcəyi barədə xəbərdar edilmişdir. 15 iyul 2024-cü il tarixli subicarə müqaviləsinə xitam verilməsi üçün aktdan məlum olur ki, icarəçi Cavabdeh ilə bağlanılmış 01 aprel 2022-ci il tarixli 469 saylı müqaviləyə icarə verən İddiaçı MMC tərəfindən icarə haqqını tam ödəmədiyi üçün bir tərəfli qaydada xitam verilir. 15 iyul 2024-cü il tarixli 524 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə əmrdən məlum olur ki, 01 aprel 2022-ci il tarixli 469 nömrəli subicarə müqaviləsinə 15 iyul 2024-cü il tarixdən etibarən subicarə müqaviləsinin 10.2-ci yarım bəndinə və 10.3-cü bəndinə müvafiq olaraq xitam verilmişdir. 03 mart 2025-ci il tarixli Maliyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.680,00 manat icarə haqqı borcu, 06/2023 saylı müqaviləyə əsasən 4.048,34 manat borc öhdəliyi üzrə icarə haaqı borcu, ümumilikdə 6.728,34 manat borc və 1071,43 manat cərimə olmaqla, cəmi 7.799,77 manat borcu vardır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında icarə müqavilələrindən irəli gələn öhdəlik münasibəti mövcud olmuşdur. Belə ki, tərəflər iş materiallarında göstərilən müqavilələrilələr öz üzərinə öhdəlik götürmüşdürlər. Bununla bağlı olaraq cavabdeh tərəfin öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatından və təqdim olunan sübutlardan məlum olur ki, tərəflər arasında icarə münasibəti 01 aprel 2022-ci il tarixdən yaranmış, icarəyə veriləcək obyekt cavabdehin istifadəsinə verilmiş, müqaviləyə əsasən icarə haqqı olaraq aylıq 220 manat ödənilməsi razılaşdırılmış, ödəmənin hər ayın 5-dən gec olmayaraq icra olunmasının və ödənişin edilərək aylıq üzrə istifadə nəzərdə tutulmuşdur. Təqdim olunan sübutlardan məlum olur ki, cavabdeh 01 aprel 2022-ci il tarixli 469 nömrəli icarə müqaviləsi üzrə aylıq icarə haqqını tam icra icra etməmiş, 03 iyul 2023-cü il tarixli 06/2023 saylı müqavilə üzrə isə heç bir hərəkət yerinə yetirməmişdir. Bu fakt təqdim olunan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan 18 yanvar 2024-cü il və 03 iyul 2024-cü il tarixli pretenziya xəbərdarlıqlarından məlum olur ki, iddiaçı cavabdehdən icarə haqqına və istifadə müddəti yaranmış xərcin ödənilməsi üçün 15 gün möhlət vermiş və əks-təqdirdə 3 gün ərzində akt tərtib olunaraq müqaviləyə xitam veriləcəyi barədə xəbərdar etmişdir. Məhkəmə qeyd edir ki, təqdim olunan sənədlərdən də görünür ki, icarə müqaviləsinin və borc öhdəliklərinin ötürülməsinə dair müqavilənin şərtləri pozulmuş və tərəflər arasında narazlıq yaranmışdır. Məhkəmə belə qərara gəlir ki, iddiaçı 01 aprel 2022-ci il tarixli “469” nömrəli icarə müqaviləsi üzrə icarə haqqını, 03 iyul 2023-cü il tarixli 06/2023 nömrəli borc öhdəliklərinin ötürülməsinə dair müqavilə üzrə isə 4.048,34 manat tələb etməkdə haqlıdır və tələb həmin hissələrdə təmin olunmalıdır. Məhkəmə cərimə borcu tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından məlum olur ki, cavabdehin müqavilə üzrə gecikdirildiyi məbləğin hər gün üçün 1% dəbbə borcu hesablanması, bu zaman isə əsas borc məbləğindən daha artıq borc yaranması, buna görədə icarədarlara güzəşt məqsədi ilə hesablama təyin edildiyi, güzəştin ümumi borc məbləğini aylıq icarə haqqı məbləğinə bölüb, ümumi icarə haqqı borcu yaranan rəqəmin %-i qədər dəbbə borcu kimi hesablanması, bu halda ümumi borc məbləğinin “1605” icarə müqaviləsi üzrə 12.2%, “1612” nömrəli müqavilə üzrə isə 18.4% dəbbə borcu hesablanmışdır. Məhkəmə təqdim olunmuş maliyə arayışında qeyd olunan hesablanmanı aydın olmayan hesablanma ki, qəbul edir, belə ki, güzəştin olması ilə hesablanma qeyd olunsada hesablanma qaydası izahsız olduğu üçün tam olaraq aydın deyil. Məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilməyən 2680+4048,34=6728,34 manat, gecikdirilən ödənilməyən ümumi məbləğin illik 5% cəriməsinə uyğun olaraq 336,41 manat olmaqla, 7064,75 manat pul vəsaiti İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi əsas borcun və dəbbə pulunun tutulmasına dair hissələrdə xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, müqavilə tərəfləri bağladıqları müqaviləilə öhdəlik götürərək fəaliyyət göstərirlər və nəticə etibarilə yaranan əsas borcla yanaşı, ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etməmək üçün borclu borcunu vaxtında ödəməməklə müqavilə tərəfinə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. İddianın müqavilə müddəti bitəndən sonra ödənilməyən əsas borca əsasən hesablanmış faiz borcu tələbinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, həmin tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddədə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, İddiaçı MMC dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məzmunundan göründüyü kimi dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir. Borcun vaxtında ödənilməməsi tələbkarı vaxtında əldə etməli olduğu pul məbləğindən yenidən istifadə edib gəlir əldə etmək imkanından məhrum edir. Ona görə də qanunvericilik dəbbə pulu institutu ilə müqavilə tərəfləri olan kreditoru mümkün zərərdən qorumaqla borclunu öz öhdəliklərinin icrasında intizamlandırır. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən mübahisə tərəflərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəbbə pulunun 1071,43 manat məbləğində tələb edilməsi, öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, iddiaçıya dəymiş zərərə münasibətdə qeyri-mütənasibdir. Məhkəmə həmçinin gecikmə faizi olaraq 6728,34 manat məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə tələbin dəbbə pulunun məbləğinə dair hissəsi üzrə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə dəbbə pulunun məbləği azaldılaraq, 336,41 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia 7064,75 manat hissədə təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 98 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 90.65 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməli, ödənilmiş 7,35 manat isə iddiaçıya aid hesab edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində müəyyən olunur. 7064,75-1000=6064,75 x1%=60,65+30=90,65. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 7064,75 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-ə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 98 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 90.65 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməli, ödənilmiş 7,35 manat isə iddiaçıya aid hesab edilməli, iddia tələbi qalmış hissədə 735,02 manat hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlətrüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 7064,75 (yeddi min altmış dörd manat yetmiş beş qəpik) manat alınaraq İddiaçı MMC-ə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 90.65 (doxsan manat altmış beş qəpik) manat Cavabdeh alınaraq İddiaçı MMC-ə ödənilsin. Ödənilmiş 7.35 (yeddi manat otuz beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-ə aid hesab edilsin. İddia tələbi 735,02 (yeddi yüz otuz beş manat iki qəpik) manat hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar