Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-178/2025 22.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən 17 dekabr 2024-cü il tarixdə 26 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli MT 2412 seriya nömrəli 11423639 nömrəli elektron qaimə əsasında SUPRA-4002 qarkürüyən texnikasının təmiri üçün “X2” MMC-yə satılmış malların ödənilməmiş 58322.90 (əlli səkkiz min üç yüz iyirmi iki manat doxsan qəpik) manat pulun, vəkil xərcinə görə 680 ( altı yüz səksən) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 265 (iki yüz altmış beş) manat pulun ümumillikdə 59267.90 (əlli doqquz min iki yüz altmış yeddi nabat doxsan qəpik) manat pulun cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsində bildirmişdir ki, “X2” MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə 26 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən “X2” MMC-yə məxsus olan SUPRA-4002 qarkürüyən texnikasının təmiri "xxxx" MMC-yə həvalə edilmişdir. SUPRA-4002 qarkürüyən texnikasının təmiri üçün ümumillikdə 63371.90 (altmış üç min üç yüz yetmiş bir manat doxsan qəpik) manat qiymətləndirmə aparılmış və razılaşma ilə bağlı “X2” MMC-yə məktub (təklif) göndərilmişdir. X2” MMC 11 oktyabr 2024-cü il tarixli, 2- 213/2024 nömrəli məktubunda nasazlığın aradan qaldırılması üçün vermiş olduğumuz təklif ilə razılaşdıqlarını (aksept) bildirmişdir. Razılaşmaya əsasən 63371.90 (altmış üç min üç yüz yetmiş bir manat doxsan qəpik) manat pul dəyərində SUPRA-4002 qarkürüyən texnikasının təmirinə xərc qoyulmuşdur. Hazırda SUPRA-4002 qarkürüyən texnikasının təmiri üçün xərclənilmiş 63371.90 (altmış üç min üç yüz yetmiş bir manat doxsan qəpik) manat xərclərin xx.xx.2024-cü il tarixli, MT2412 11423639 nömrəli elektron qaiməsi mövcuddur. Qeyd edim ki, X2” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 26 nömrəli müqavilənin 7-ci bəndinin 7.1-ci hissəsinə əsasən müqavilə məbləği 30000 manatdan çox olduqda təchizatçı müqaviləni imzaladıqdan sonra 5 iş günü ərzində satınalınan təşkilata müqavilə məbləğinin 10 faizi həcmində və müqavilənin yetinə yetirilməsi müddətindən 30 iş günü çox qüvvədə olan icra təminatını təqdim edir. Hazırda SUPRA- 4002 qarkürüyən texnikasının üzərində 19185.62 manat dəyərində təmir işləri aparılmış və bir sıra avadanlıqlar quraşdırılmış, təmir edilərək özlərinə verilmişdir. Həmin dövr “X2” MMC üçün dəyəri ödənilməklə təmir üçün sifariş verilmiş avadanlıqların bir hissəsi 26455.60 manat dəyərində avadanlıq Naxçıvan Motors MMC-nin anbarında, 17730.68 manat dəyərində avadanlıq isə Türkiyə Respublikasının anbarında gözləməkdədir. “X2” MMC-yə Naxçıvan Motors MMC-nin anbarında saxlanılan borclu qaldıqları avadanlıqların götürülməsi ilə bağlı dəfələrlə bildirilsə də, borclu qaldıqları müqavilə üzrə pulun ödəniş öhdəliklərini yerinə yetirilməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə “X2” MMC-yə bildiriş göndərilsə də bu günədək “X2” MMC-dən "xxxx" MMC-yə heç bir ödəniş edilməmişdir. Sonuncu dəfə SUPRA-4002 qarkürüyən texnikasının təmiri üçün aramızda bağlanmış xx.xx.2024-cü il tarixli 26 nömrəli müqaviləyə əsasən X2” MMC-nin ödəməli olduğu 63371.90 (altmış üç min üç yüz yetmiş bir manat doxsan qəpik) manat pul vəsaitini ödənilməsi ilə bağlı X2” MMC-yə pretenziya ərizəsi göndərilmişdir. Pretenziya ərizəsi göndərildikdən sonra xx.xx.2025-ci il tarixdə “X2” MMC tərəfindən Naxçıvan Motors” MMC-nin hesabına 5049 (beş min qırx doqquz) manat (ƏDV məbləği ödənilməmişdir) ödəniş edilmişdir. Hazırda yekun olaraq “X2” MMC-nin "xxxx" MMC-yə 58322.90 (əlli səkkiz min üç yüz iyirmi iki manat doxsan qəpik) manat borcu qalmaqdadır. Həmçinin bu mülki mübahisə ilə bağlı 680 (altı yüz səksən) manat ödəniş edib vəkil tutaraq, vəkildən hüquqi yardım alıram. Həmin pulun da cavabdehdən alınıb Naxçıvan Motors” MMC-yə qaytarılmasını da istəyirəm. Hesab edirəm ki, iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, “X2” MMC tərəfindən "xxxx" MMC-yə ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 58322.90 (əlli səkkiz min üç yüz iyirmi iki manat 90 qəpik) manat borc məbləğinin, vəkil xərcinə görə 680 (altı yüz səksən) manat və 265 (iki yüz altmış beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. 03 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının vəkili Vəkil izahatında qiymətləndirmə barədə cavabdehə yazılı təklif göndərildiyini, “X2” MMC-ə yəni cavabdehə xx.xx.2024-cü il tarixli göndərilmiş təklifi aksept etmiş yəni razılığını ifadə edərək qəbul etdiyini, tərəflər arasında görülmüş işlərlə bağlı xx.xx.2024-cü il tarixli müqavilə bağlandığını, cavabdeh tərəf görülən işlərlə bağlı verilən təkliflərə razılığını ifadə edərək təsdiq etdiyini, daha sonra tərəflər razılığa gəldiklərinə görə xx.xx.2024-cü il tarixdə aralarında 26 nömrəli müqavilə bağlanaraq cavabdeh quruma məxsus olan Supra 4002 qar kürəyən texnikasının təmiri üçün müqavilədə göstərilən təklifə münasibətdə xərclər çəkildiyini, xərclərin qaiməsinin elektron qaydada cavabeh təşkilata vurulduğunu, həmin xərclərə münasibədə çəkilmiş xərclər bu günə qədər cavabeh təşkilat tərəfindən ödənilmədiyini, cavabdeh təşkilatın iddiaçı təşkilata 5049 manat vəsait ödəniş etdiyinə görə 63.371,90 manat borcundan onu çıxaraq cavabeh təşkilatdan 58.322,90 və digər xərcləri tələb etdiklərini, tələblərinin müqavilədəki öhdəliklərdən irəli gələn məsələ olduğunu, bununla əlaqədar müvafiq sübutları məhkəməyə təqdim etdiklərini bildirmişdir. 03 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında vəkilin bildirdiyi fikirləri təsdiqlədiyini, cavabdehin nümayəndəsinin qeyd etdiyi kimi 17.000 manatlıq hissə olduğunu ondan da imtina elədiklərinə görə onu çıxardıqlarını, ümumi siyahıdan həmin 63 min manatdan çıxaraq 17 min manat ordan azaldığını və 5500 manat da onlara endirim etdiklərinə razılığa gəldiklərini, məhkəmədən kənar razılığa gəldiklərini, ancaq bu günə qədər onlara pul ödənilmədiyini, iddia tələbini hazırki vəziyyətdə müdafiə etdiklərini bildirmişdir. 03 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 Elşlad oğlu izahatında vəkilin qeyd etdiyi kimi işlər görüləndən sonra qaimə vurulduğunu, amma Supra üçün beyinin orda qeyd olunmadığını, həmin malın təhvil verilməmiş daha sonra razılığa gələrək beynin alınmayacağını müqavilə məbləğində də təxminən 5500 manat məbləğində endirim olunması tələb olunduğundan iki tərəf arasında qarşılıqlı razılaşma olmuş bunun əsasında müqavilə məbləği 40.140 manat məbləğinə azaldılmış onun da 5049 manatı ödənildiyi üçün 36.000 manata yaxın borclarının qaldığını bildirmişdir. 20 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 Elşlad oğlu izahatında bağlanan müqavilədən 5500 manat ödənilmiş qalıq məbləğdən də 17000 manat kontrol turbonun istənilmədiyini nəzərə alaraq qarşılıqlı razılaşma protokolu tərtib olunaraq müqaviləyə əlavə olunduğunu, ödənişlərlə bağlı Maliyyə Nazirliyinə ödənişlər göndərildiyini, sadəcə bu ödənişlərin icra olunması və qarşı tərəflə razılıq üçün vaxt verilməsinə ehtiyac olduğunu bildirmişdir. 02 iyul 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının vəkili Vəkil izahatında 63.371,90 manat dəyərində "xxxx" MMC ilə “X2” MMC arasında xx.xx.2024-cü il tarixdə 26 nömrəli müqavilə bağlandığını, müqavilə bağlanmamışdan əvvəl “X2” MMC-yə məktub göndərildiyini, “X2” MMC xx.xx.2024-cü l tarixdə məktubunda nasazlığın aradan qaldırılması üçün vermiş olduqları təklifin razılaşdırılması, aksepti ilə bağlı bildiriş göndərdiyini, razılaşmaya əsasən pul dəyərində Supra 4002 qar kürəyən texnikasının təmiri üçün müqavilədə göstərilən təklifə münasibətdə xərclər çəkildiyini, hazırda Supra 4002 qar kürəyən texnikasının təmiri üçün çəkilmiş 63.371,90 manat xərclərin müvafiq qaimələri qarşı tərəfə yazılaraq vurulduğunu və onların da bu günə qədər həmin elektron qaimələrlə bağlı heç bir narazılıq və etirazlarını bildirmədiklərini, ortada müqavilə öhdəliyindən irəli gələn mübahisə mövcud olduğunu, may ayında qarşı tərəfə pretenziya ərizəsi ilə müraciət etdikdən sonra müqavilə dəyərindən 5049 manat "xxxx" MMC-nə ödəniş olunduğuna görə həmin hissəyə münasibətdə iddia tələbindən çıxılaraq məhkəməyə 58.322,90 manat pulun, vəkil xərcini və ödənilmiş dövlət rüsumu ilə bağlı tələb qoyularaq iddia ərizəsi ilə müraciət olunduğunu, hazırda isə borclu borc öhdəliyindən irəli gələn öhdəliyini yerinə yetirməyərək 58.322,90 manat pulu iddiaçıya ödəmədiyini, iddialarını müdafiə etdiklərini, bütün sübutları sistem üzərindən təqdim etdiklərini əlavə sübutlarının olmadığını bildirmişdir. 02 iyul 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 Elşlad oğlu izahatında iddiaçı tərəfin dediklərində haqlı olduqlarını, çünki dəfələrlə onun da qarşı tərəfin bir nümayəndəsi olaraq müdiriyyətin ona dediyi sözlərə nəzərən vaxt tələb elədiklərini, qarşı tərəfə borcla bağlı hər hansı bir addım ataq olmadığını, tələblə bağlı ortada razılaşma protokolu olduğunu, onu da nəzərə alsaq 35.000 manat borclarının olduğunu, iddia tələbini tam qəbul etmədiklərini, elektron formada yox amma gələn dəfə məhkəməyə sübut təqdim edəcəklərini bildirmişdir. 22 avqust 2025-ci il tarixdə məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında iddia tələbini müdafiə etdiklərini, tələblərini iddia ərizəsində bildirdiklərini, müqavilə əsasında Supra 4002 qar kürəyən texnikasının təmiri üçün ehtiyat hissələri alıb gətirdiklərini, cavabdeh tərəflə bağlanan müqaviləni icra etdiklərini, bir detalı isə cavabdeh tərəfin qəbul etməməsi səbəbindən anbarda gözləməkdə olduğunu, həmin hissənin 15026 manat dəyərində supra mobile control olduğunu, ƏDV daxil olmaqla dəyərinin 17730 manat olduğunu, cavabdeh tərəfin götürmək istədiyi vaxtı həmin detalı təhvil verəcəklərini, onun gətirilməsi üçün vəsait xərclədiklərini, həmin detalında cavabdeh tərəfin olduğunu, cavabdeh təşkilatla aralarında razılıq əldə olunmadığını, bunların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 22 avqust 2025-ci il tarixdə məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 Elşlad oğlu izahatında iddia tələbini qismən qəbul etdiklərini, müqavilə əsasında iddiaçı tərəfin öhdəliklərini yerinə yetirdiyini, yalnız supra mobile control detalın ehtiyac olmadığından istəmədiklərini, həmin detalı qəbul etməmədiklərindən anbarda gözləməkdə olduğunu, bu hissədə iddianı qismən qəbul etdiklərini, iddiaçı tərəfin müqavilə əsasında həmin hissəni gətirdiklərini, lakin onların qəbul etmədiklərini, bunların nəzərə alınaraq iddianın qismən təmin olunması barədə qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının vəkili məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçının vəkilinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 11 oktyabr 2024-cü il tarixli 2-122/2024 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin balansında olan 1 ədəd SUPRA-4002 qarkürüyən texnikasında yaranmış nasazlığın aradan qaldırılması üçün “X3” MMC tərəfindən "xxxx" MMC-ə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron satış qaiməsindən görünür ki, "xxxx" MMC tərəfindən “X2” MMC-yə 63371,90 manat dəyərində mallar təqdim edilmişdir. 14 noyabr 2024-cü il tarixli 2-166/2024 nömrəli məktubundan görünür ki, “X2” MMC 1 ədəd SUPRA-4002 qarsovuran texnikasının ehtiyat hissələrinin satınalması və təmiri üçün təchizatın uyğunluq göstəricilərini təsdiq edən sənədləri tələb etmişdir. "xxxx" MMC-nin 15 noyabr 2024-cü il tarixli 11/01 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin 22 yanvar 2024-cü il tarixdən "xxxx" MMC olaraq fəaliyyətini davam etdirməsi barədə “X2” MMC-ə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli Təklif məktubundan görünür ki, Təchizatçı "xxxx" MMC “X2” MMC-ə tələb olunan işləri vergi və rüsumlar daxil olmaqla 63371,90 (altmış üç min üç yüz yetmiş bir manat doxsan qəpik) məbləğddə yerinə yetirməyi təklif edib. Oxşar satınalma predmeti üzrə təcrübə Forma 3-dən görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarxiləri arasında "xxxx" MMC ilə SUPRA-4002 qarsovuran texnikanın dayanma səbəbinin aşkarlanması, MOBİL CONTROL CR0233 kodlu parçanın dəyişilməsi və ümumi baxımın həyata keçirilməsi üçün 27044,54 manat məbləğində müqavilə bağlanmış və 100% icra olunmuşdur. Fəaliyyət cədvəlindən (xidmətlər üçün) görünür ki, Yol-Servisi, Müayinə işçiliyi, Bir günlük əlavə servis dəyəri, Supra mobile control, Hidravlik filtir, Second hidravlik filtir, Əsas yanacaq filtiri, Yanacaq filtiri, Yağ filtiri, Hava filtiri, 10-40 partiküllü mühərrik yağı, Hidravlik system yağı, Differensiyal dişli yağ N:80, Tambur yağı, Qırmızı antifriz cəmi 53705 manat, 9666,9 manat ƏDV olmmaqla, ümumilikdə 63371,9 manat məbləğindədir. 27 noyabr 2024-cü il tarixli 001 nömrəli aktdan görünür ki, 1 ədəd Supra hava filtiri, 1 ədəd supra primary fuel filter, 1 ədəd supra fuel filter, 1 ədəd supra oil filter, 1 ədəd supra hydraulic filter, 1 ədəd supra second hydraulic filter, 36 litr 10-40 patriküllü mühərrik yağı, 120 litr hidravlik system yağı, 20 litr differensiyal dişli yağ N:80, 20 litr tambur yağı, 20 litr qırmızı antifriz "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə tam və sağlam təhvil verilmişdir. 27 noyabr 2024-cü il tarixli Ağır vasıta servis satış fakturasından görünür ki, 36 litr 10w40 motor yağı, 120 litr ATF 220 yağı, 20 litr Mobil Gear 600XP320 yağı, 20 litr antifriz, 1 ədəd supra hava filtiri, 1 ədəd supra primary fuel filtir, 1 ədəd supra fuel filter, 1 ədəd supra oıl filtir, 1 ədəd supra hydraulic filter, 1 ədəd supra second hydraulıc filter, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 12591,85 manat məbləğində satılmışdır. 14 aprel 2025-ci il tarixli ödənişdən görünür ki, 5049 manat məbləğində pul bir günlük əlavə servis dəyəri 937 manat, muayinə işçiliyi 2250 manat və yol servis dəyəri 1862 manat cəmi 5049 manat hesaba "xxxx" MMC-ə Cavabdeh MMC tərəfindən ödənilmişdir. 21 oktyabr 2025-ci il tarixli OX2 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən X5. Havacılık San. X6 Ltd. Sti bank hesabına “sifaris edilen filtirlerin avans deyeri odenilir muqavile no55 xx.xx.2024 xif kod ********* prepayment” köçürmə məzmunu ilə 4000 avro ödəniş edilmişdir. 20 dekabr 2025-ci il tarixli XVxh7rz1 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən X5. Havacılık San. X6 Ltd. Sti bank hesabına “Pay for Car spare parts by 55/16.10.24” köçürmə məzmunu ilə 3172 avro ödəniş edilmişdir. 23 dekabr 2025-ci il tarixli XvjE4aM2 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən X5. Havacılık San. X6 Ltd. Sti bank hesabına “payment for servis, elektirik sisteminin temir xidmeti deyeri odenilir muqavile no57 xx.xx.2024 . xx.xx.2024 tarixli invoice .xx.xx.2024 tarixli tehvil teslim akti” köçürmə məzmunu ilə 2155 avro ödəniş edilmişdir. Supra 4002 qarsovuran Texnikanın Təmiri Xidmətlərinin Satınalma müqaviləsində 26 nömrəli razılaşmadan görünür ki, "xxxx" MMC Supra 4002 qarsovuran Texnikanın Təmiri Xidmətlərinin Satınalmasını 63371.90 manat məbləğində fəaliyyət cədvəli bölməsində müəyyənləşdirilmiş vergilər daxil icra qrafikasında müəyyənləşdirilmiş 3 ay ( xx.xx.2025-ci il) müddətinə göstərməyi “X2” MMC isə müqavilənin nəticələrini təhvil alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən təchizatçı xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib xidmətləri Satınalan təşkilata müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən satınalan təşkilat müqavilə üzrə göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 13.3-cü bəndinə əsasən müqavilənin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində Satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhviltəslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ Təchizatçıya ödənilir. Müqavilənin xüsusi şərtlərinin 7.1-ci bəndinə əsasən icra təminatının məbləği 3168.60 (üç min bir yüz altmış səkkiz manat altmış qəpik) təşkil edir. Müqavilənin xüsusi şərtlərinin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər xidmətlər (görülmüşişlərin və xidmətlərin) Sifarişçiyə təhvil-təslim aktına müvafiq olaraq təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim olunacaq ödəniş sənədləri əsasında ödəniləcəkdir. İcraçı tərəfindən ödəniş üçün sənədlər (hesabfaktura, qaimə, akt, bildiriş) təqdim edildikdən 15 (on beş) bank günündən gec olmayaraq Sifarişçi tərəfindən nağdsız qaydada ödəniləcəkdir. Avansödənişi: Nəzərdə tutulmayıb. Təklifin akseptinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə Supra 4002 qarsovuran Texnikanın Təmiri Xidmətlərinin Satınalması üçün keçirilən satınalmada "xxxx" MMC-nin təqdim etdiyi 63371.90 Azn məbləğindəki xx.xx.2024-cü il tarixli təklif X3” MMC tərəfindən qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli təklif məktubundan görünür ki, "xxxx" MMC X3” MMC-ə tələb olunan bütün işləri vergi və rüsumlar daxil olmaqla 63371.90 (altmış üç min üç yüz yetmiş bir manat doxsan qəpik) məbləğdə yerinə yetirməyi təklif etmişdir. Beləliklə, məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, yuxarıda göstərilən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tələbində haqlıdır. Belə ki, tərəflər aralarında xidmət müqaviləsi bağlayaraq üzərlərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin icrası vəziyyəti ilə bağlı sənədlər təqdim olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı tərəf müqavilənin icrasını başa çatdırdığını sübuta yetirmişdir. Bundan əlavə cavabdehin üzərinə xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını təmin etmək vəzifəsi qoyulmuşdur, iddiaçı iddia ərizəsində “X2” MMC üçün dəyəri ödənilməklə təmir üçün sifariş verilmiş avadanlıqların bir hissəsi Türkiyə Respublikasının anbarında gözləməkdə olduğu qeyd olunmuş, lakin iddiaçı tərəfdən malların təqdim edilməsi ilə bağlı maneə olmadığı müəyyən olunduğundan cavabdeh tərəfin malı qəbul etməməsi halı baş verdiyindən məhkəmə bu halı müqavilə üzrə öhdəliyi icra etmə kimi müəyyən edir. Yekun olaraq müqavilənin icra olunmasını təsdiq edəcək sübutlar iş materialları və tərəflərin izahatı ilə təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddiaçının hazırki mərhələdə cavabdehə qarşı iddiası əsaslı olduğundan təmin edilməlidir. Həmçinin iddiaçı "xxxx" MMC-i elektron qaimə-fakturası məhkəməyə sübut kimi təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi müqaviləyə münasibətdə və iş üzrə ümumilikdə mötəbər və təsdiqedici sübutlar təqdim edilməklə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 115.0 və 115.0.6-cı maddələrinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 58322.90 (əlli səkkiz min üç yüz iyirmi iki manat doxsan qəpik) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 265 (iki yüz altmış beş) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən 265 (iki yüz altmış beş) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC tərəfindən ödənildiyi görünür. Hazırki iş üzrə iddia tələbi təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 265 (iki yüz altmış beş) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətə görə vəkilə ödənilmiş 680 (altı yüz səksən) manat xərc cavabdeh təşkilatdan alınıb iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmaqla cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 58322,90 (əlli səkkiz min üç yüz iyirmi iki manat doxsan qəpik) manat, iddiaçı tərəfindən ödənilmiş 265 (iki yüz altmış beş) manat məbləğində dövlət rüsumu, hüquqi yardım üçün vəkilə ödənilmiş 680 (altı yüz səksən) manat qanunvericiliyə uyğun olaraq cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 58322,90 (əlli səkkiz min üç yüz iyirmi iki manat doxsan qəpik) manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 265 (iki yüz altmış beş) manat məbləğində dövlət rüsumu cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hüquqi yardım üçün vəkilə ödənilmiş 680 (altı yüz səksən) manat qanunvericiliyə uyğun olaraq cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-178/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-178/2025
22.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver