Məhkəmə qərarları › İş №e-2-2(123)-198/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-198/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-198/2025 11.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış əsas borcun və dəbbə pulunun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 28 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 icra edilməmiş öhdəliyə görə 4559.58 (dörd min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində icarə haqqı, 196 (yüz doxsan altı) manat dəbbə pulu və 68 (altmış səkkiz) manat dövlət rüsumu olmaqla cəmi 4823,58 (dörd min səkkiz yüz iyirmi üç manat əlli səkkiz qəpik) manat alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY), (“İcarəyə verən”/“Mülkiyyətçi”) adından xx.xx.2023-cü il tarixli 13-1-2/3-30-435/2023 nömrəli etibarnamə əsasında hərəkət edən "xxxx" MMC-nin direktoru ilə X5 (İcarəçi) arasında xx.xx.2023-cü il tarixli 13-1-2/2-694/2023 nömrəli icarə müqaviləsi (bundan sonra - Müqavilə) imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən İcarəyə verən bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, Mülkiyyətçiyə məxsus ünvan 1 ünvanında, "xxxx" MMC-nin istehsalat bazasının ərazisində yerləşən, ümumi sahəsi 0,04 ha təşkil edən İcarə sahəsini (açıq torpaq sahəsi (bundan sonra “Əmlak” adlandırılacaq)) mövcud vəziyyətdə qanuna müvafiq fəaliyyəti təşkil etmək məqsədilə istifadə etmək üçün İcarəçiyə müddətli icarəyə (qısa müddətli istifadəyə) verir, İcarəyə götürən isə həmin əmlakı (açıq torpaq sahəsini) icarəyə götürür və bunun əvəzində bu müqaviləyə Əlavəyə (Qiymət və ödəniş qaydası) əsasən X7 verənə ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 11 (on bir) ay müddətində qüvvədə qalır. Müqavilənin 7.2-ci bəndinə əsasən İcarəçi bu Müqaviləyə Əlavəyə əsasən müəyyən olunmuş aylıq İcarə haqqını 1 (bir) ay ərzində ödəmədikdə İcarəyə verən bu müqaviləyə bir tərəfli qaydada xitam verə bilər. Müqaviləyə Əlavə 1-in 1.1-ci bəndinə əsasən 05 Dekabr 2023-cü il tarixdən İcarə sahəsi üçün bir aylıq icarə haqqı 600 manat müəyyən edilir. Müqaviləyə Əlavə 1-in 1.4-cü bəndinə əsasən İcarəçi icarə sahəsindən 05 Dekabr 2023-cü il tarixdən istifadə edir və icarə sahəsi üçün həmin aydan bu müqavilədə müəyyən edilmiş qaydada icarə haqqı hesablanır. Müqaviləyə Əlavə 1-in 1.5-ci bəndinə əsasən əgər X8 vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə İcarəyə verən tərəfindən hər ödənilməyən gün üçün 0.1% (sıfır nöqtə bir faizi) məbləğində dəbbə pulu əlavə oluna bilər. Cavabdeh X5 tərəfindən icarə müqaviləsi bağlanılan tarixdən 2323 (iki min üç yüz iyirmi üç) manat icarə haqqı ödənilmiş, 4559,58 (dörd min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat icarə haqqı ödənilməmişdir. Cavabdehə bu barədə xx.xx.2025-ci il tarixli 13-1-2/2-130/2025 nömrəli pretenziya məktubu göndərilmiş, telefon ilə əlaqə saxlanılmış, buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Həmçinin, müqavilə üzrə ödənilməmiş məbləğ 4559.58 (dörd min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat təşkil etdiyi üçün həmin məbləğin 0.1 %-i (sıfır nöqtə bir faizi) 4.56 (dörd manat əlli altı qəpik) manat təşkil edir və bu dəbbə pulu xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi hesablandıqda cəmi dəbbə pulu 196 (yüz doxsan altı) manat təşkil edir. Beləliklə, hüquqları kobud şəkildə pozulduğuna görə ADY pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə əsaslandırmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında müqavilədə də göstərdiyi qaydada cavabdehin üzərinə götürdüyü öhdəlik üzrə ödəniş cədvəlinə uyğun ediləcək ödənişlərin qeyd edildiyini, maliyyə arayışına əsasən cavabdehin cəmi 4 ay ödəniş etməsini, ondan sonrakı ödənişlərin heç birini ödəmədiyini, cavabdeh tərəfin hansı öhdəlikləri öz üzərinə götürdüyündən məlumatlı olduğunu, həm şifahi danışıqlar həm pretenziya şəkilində ərizə ilə müraciət etdiklərini, yenə də ödənişlər olmadıığından məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını, dəbbə pulunu müqavilənin əlavə 1-in 1.5-ci maddəsinə əsasən “əgər X8 vaxtında ödəməzsə onun tərəfindən ödənilməli olan ancaq ödənilməyən məbləğin üzərinə icarəyə verən tərəfindən hər ödənilməyən gün üçün 0.1 faiz məbləğində dəbbə pulu əlavə oluna bilər” hissəsinə əsasən tələb etdiklərini, lakin tam olaraq hesablanmadığını güzəşt olunduğunu hesab etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdeh X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli maliyə arayışından məlum olur ki, X2 xx.xx.2023-cü il tarixli 13-1-2/2- 694/2023 nömrəli icarə müqaviləsi üzrə hesablanmış əsas borcu 4559.58 manat, dəbbə pulu üzrə borcu 196 manat olmaqla, ümumilikdə 4755,58 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 13-1-2/2-694/2023 nömrəli icarə müqaviləsindən görünür ki, X5 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında ünvan 1 ünvanında, "xxxx" MMC-nin istehsalat bazasının ərazisində yerləşən, ümumi sahəsi 0,04 ha təşkil edən ərazini icarə vermək barədə 11 ay müddətinə müqavilə bağlanılmışdır. İcarə müqaviləsinə 1 nömrəli əlavənin 1.1-ci və 1.2-ci bəndlərindən məlum olur ki, icarə haqqı 05 dekabr 2023-cü il tarixdən başlayaraq aylıq 600 manat məbləğindədir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan məlum olur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X3 müraciət edərək icarə müqaviləsi üzrə yaranan borcu xx.xx.2025-ci il tarixə kimi ödəməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti mövcud olmuşdur. Belə ki, tərəflər iş materiallarında göstərilən müqavilələr ilə öz üzərinə öhdəlik götürmüşdürlər. Bununla bağlı olaraq cavabdeh tərəfin öhdəliklərinin icrasını təmin edilməsi məqsədi ilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdə aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həmdə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə iş güzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyənedilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeydedir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hərkəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hərkəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edirki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunan sübutlardan məlum olur ki, tərəflər arasında icarə münasibəti 05 dekabr 2023-cü il tarixdən yaranmış, icarəyə veriləcək obyekt cavabdehin istifadəsinə verilmiş, müqaviləyə əsasən icarə haqqı olaraq aylıq 600 manat ödənilməsi razılaşdırılmış, ödəmənin hər ayın 10-undan gec olmayaraq icra olunmasının və ödənişin edilərək aylıq üzrə istifadənin nəzərdə tutulmuşdur. Təqdim olunan sübutlardan məlum olur ki, cavabdeh aylıq icarə haqqını dekabr 2023-cü il, 2024-cü il üzrə yanvar, fevral və mart üzrə tam, yanvar ayı ərzində 0.42 manat əlavə olaraq ödəmiş, lakin digər aylar üzrə aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr üzrə heç bir ödənişi icra etməmişdir. Bu fakt təqdim olunan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan xəbərdarlıq məlumatından məlum olur ki, iddiaçı icarə müqaviləsinin şərti pozulduğundan xx.xx.2025-ci il tarixdə cavabdehə icarə müqaviləsi üzrə borcu xx.xx.2025-ci il tarixədək ödənilməsi barədə xəbərdarlıq hazırlayıb göndərmişdir. Məhkəmə qeyd edir ki, təqdim olunan sənədlərdən də görünürki, icarə müqaviləsinin şərtləri pozulmuş və tərəflər arasında narazlıq yaranmışdır. Məhkəmə belə qərara gəlir ki, iddiaçı 2024-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları üzrə icarə haqqını tələb etməkdə haqlıdır və tələb həmin hissələrdə təmin olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh tərəfindən ödənilməyən 4559,58 manat, gecikdirilən ödənilməyən ümumi məbləğin 0.1% cəriməsinə uyğun olaraq 196 manat olmaqla, 4755,58 manat pul vəsaiti iddiaçı "xxxx" QSC-nə ödənilməlidir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi əsas borcun və dəbbə pulunun tutulmasına dair hissələrdə xarakterinə, tutulma qaydasına və həcminə görə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, müqavilə tərəfləri bağladıqları müqavilə ilə öhdəlik götürərək fəaliyyət göstərirlər və nəticə etibarilə yaranan əsas borcla yanaşı, ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etməmək üçün borclu borcunu vaxtında ödəməməklə müqavilə tərəfinə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. İddianın müqavilə müddəti bitəndən sonra ödənilməyən əsas borca əsasən hesablanmış faiz borcu tələbinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, həmin tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddədə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı "xxxx" QSC dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi tənasüb sürətdə güzəştli qiymətləndirildiyinə görə həmin məbləğ qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məzmunundan göründüyü kimi dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir. Borcun vaxtında ödənilməməsi tələbkarı vaxtında əldə etməli olduğu pul məbləğindən yenidən istifadə edib gəlir əldə etmək imkanından məhrum edir. Ona görə də qanunvericilik dəbbə pulu institutu ilə müqavilə tərəfləri olan kreditoru mümkün zərərdən qorumaqla borclunu öz öhdəliklərinin icrasında intizamlandırır. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən mübahisə tərəflərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəbbə pulunun 196 manat məbləğində tələb edilməsi, öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməklə, iddiaçıya dəymiş zərərə münasibətdə mütənasibdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia 4755,58 manat hissədə təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 68 manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4755,58 manat məbləğində pul cavabdeh X1 alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 68 manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 4755,58 (dörd min yeddi yüz əlli beş manat əlli səkkiz qəpik) manat alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar