Məhkəmə qərarları › İş №e-2-2(123)-200/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-200/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-200/2024 28.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" ASC 12 fevral 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 28 fevral 2022-ci il tarixli, KT2802/07 saylı kredit müqaviləsi üzrə 08 fevral 2024-cü il tarixə 550.99 (yeddi yüz bir manat 34 qəpik) manat əsas borc, 47.02 (qırx yeddi manat 02 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 598.01 (beş yüz doxsan səkkiz manat 01 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 04 fevral 2022-ci il tarixli, KT0402/01 saylı kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 24 ay müddətinə 2 000 (iki min) manat məbləğində kredit verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 04 fevral 2022-ci il tarixli, ZM0402/01 saylı Zaminlik müqaviləsi bağlandığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində xx.xx.2024-cü il tarixə adına 154 gecikmə günü qeydə alındığını, Borcalanın Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəflərindən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını və Borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb edildiyini, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1079-VİQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında 26 dekabr 2023-cü il tarixdən kommersiya mübahisələrinin mediasiya təşkilatlarında mediasiyanın tətbiq dairəsinə daxil olmadığını, Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 2.10-cu bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının Kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən müəyyənləşdirildiyini, Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zaminin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış fazilərin kreditora tam ödənilməsini öhdəsinə götürdüyünü, zaminlik müqaviləsinin 2.2-ci bəndində isə Zamin Borcalanın kreditor qarşısında Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşımasının müəyyənləşdirildiyini, Cavabdeh2 04 fevral 2022-ci il tarixli, KT0402/01 saylı kredit müqaviləsi üzrə 08 fevral 2024-cü il tarixə 550.99 (yeddi yüz bir manat 34 qəpik) manat əsas borc, 47.02 (qırx yeddi manat 02 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 598.01 (beş yüz doxsan səkkiz manat 01 qəpik) manat kredit borcu öhdəliyi olduğunu bildirmişdir. 11 mart 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə 08 fevral 2024-cü il tarixli iddia tələbində “Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 04 fevral 2022-ci il tarixli, KT0402/01 saylı kredit müqaviləsi üzrə 08 fevral 2024-cü il tarixə olan 550.99 (beş yüz əlli manat 99 qəpik) manat əsas borc, 47.02 (qırx yeddi manat 02 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 598.01 (beş yüz doxsan səkkiz manat 01 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq Borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə çıxarasınız” qaydada düzəlişin nəzərə alınması xahiş edilmişdir. Məhkəmə qeyd edilən halın cavabdeh tərəfin mübahisələndirilməyən hüquq və vəzifələrinə aid olduğunu müəyyən etdiyindən məhkəmə hazırkı mübahisə üzrə işə 12 fevral 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədə qeyd olunan həcmdə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılmasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 04 fevral 2022-ci il tarixli, KT0402/01 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana heyvandarlıq üçün 24 ay müddətinə 2000 (iki min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kənd təsərrüfatı kreditinin verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Əlavə 2.1-ci bəndindən görünür ki, kredit, ona hesablanmış faizlər və cərimələrin ödənilməsi kreditin verildiyi valyuta ilə (AZN) müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 04 fevral 2022-ci il tarixli, ZM0402/01 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün bir tərəfdən "xxxx" ASC-nin Naxçıvan filialının müdiri X1 şəxsində, ikinci tərəfdən Cavabdeh1 şəxsində və üçüncü tərəfdən Cavabdeh2 şəxsində bağlanmışdır. Həmin zaminlik müqaviləsinin: 1-ci bəndinə əsasən zamin 04 fevral 2022-ci il tarixli, KT0402/01№-li Kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. 2.3-cü bəndinə görə Zamin və Borcalan göstərilən Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı Bank qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2024-cü il tarixli, 101 nömrəli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə 550.99 (beş yüz əlli manat 99 qəpik) manat əsas borcu, 47.02 (qırx yeddi manat 02 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 598.01 (beş yüz doxsan səkkiz manat 01 qəpik) manat kredit borcu mövcuddur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: 04 fevral 2022-ci il tarixli, 7011 nömrəli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 hesabına 1962,00 (bir min doqquz yüz altmış iki 00 qəpik) manat məbləğində pul köçürülmüşdür. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 09 fevral 2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq məktubu ünvanlanaraq kredit borcunun, eyni zamanda bu borc icra olunanadək hesablanacaq faiz və cərimələrin ödənilməsinin 5 (beş) iş günü müddətində təmin edilməsi tələb edilmiş, qeyd olunan müddət ərzində yuxarıda göstərilən kredit borcu ödənilmədikdə, ondan verilmiş kreditin məhkəmə qaydasında tələb olunmasına başlanılacağı bildirilmişdir. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 13 fevral 2024-cü il tarixli, e-2-2(123)-200/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 550.99 (beş yüz əlli manat 99 qəpik) manat əsas borc, 47.02 (qırx yeddi manat 02 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 598.01 (beş yüz doxsan səkkiz manat 01 qəpik) manat kredit borcu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.1-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 598.01 (beş yüz doxsan səkkiz manat 01 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 (otuz) manatdır. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq dövlət gəlirinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 284-6, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 (FİN-xxxxxxx) və Cavabdeh1 (FİN-xxxxxxx) 550.99 (beş yüz əlli manat 99 qəpik) manat əsas borc, 47.02 (qırx yeddi manat 02 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 598.01 (beş yüz doxsan səkkiz manat 01 qəpik) manat kredit borcu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia təmin edildiyindən, qanunvericiliyə uyğun olaraq iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar