Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-215/2024 14.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və şahidlər Şahid4, X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 16 fevral 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2916 (iki min doqquz yüz on altı) manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 51 (əlli bir) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində, Gömür kənd sakini İddiaçı Babək rayonu Qahab kənd sakini Cavabdeh 19 keçi, 98 qoyun, 98 quzu, 5 qoç, 4 şişək aldığını, alanda 1000 (min) manatı ödədiyini, 26000 (iyirmi altı min) manatın 20000 (iyirmi min) manatını oktyabr ayının axırına qədər ödəməyi və qalan 6000 (altı min) manatı da gələn il oktyabr ayında ödəməyi ilə bağlı razılığa gəldiklərini, aldığı heyvanlarda xəstəlik olduğunu bilmədiyini, heyvanların ona tam sağlam adı ilə satıldığını, yolda heyvanların 10 dənəsinin tələf olduğunu, həmin ölən heyvanların ikisini Cavabdeh apardığını, heyvanları kəndə gətirib yaylağa çıxardığını, xx.xx.2022-ci il tarixinə qədər dağda yaylaqda otardığını, heyvanlardan xəstə olanların çoxaldığını görüb Gömür kənd baytarı X1 heyvanları müayinə etdirmək məqsədi ilə dağa yaylağa apardığını, həkimin bir neçə dəfə heyvanları müayinə edərək müxtəlif xəstəliklərin heyvanlarda olduğunu dediyini, həmin xəstəliklərin: qan xərçəngi, brazot, çiçək və s. olduğunu, həmin xəstəliklərdən dolayı 700 (yeddi yüz) manat məbləğində iynədərman preparatları alaraq heyvanların müalicəsində istifadə etdiyini, bundan əlavə 500 (beş yüz) manat dağ pulu verdiyini, çoban haqqı almadığını, çobanların aylıq dağda bir xırdaboynuzlu heyvanı 3 manata otardığını, 230 heyvanın saxlanmasını 2 ay 12 gün hesablayanda 1416 ( min dörd yüz on altı) manat etdiyini, 1 duz pulu heyvan güdən 3 itə 2 aylıq yemək pulu xərclədiyini, bunların da 300 (üç yüz) manat etdiyini, heyvanları müalicə etdirməyinə baxmayaraq əlavə 21 heyvanın daha tələf olduğunu, heyvanları aldığı il hər kəsin aran zonasının vəziyyətini bildiyini, ona satılanda baytar tərəfindən qeydiyyata alınan quzunun artıq 3 kilo yox, 20 kilo olduğunu, 2 ay ərzində bütün gedişatda şahidləri Gömük kənd baytarı X3, Şahid3, Şahid1, Şahid2 olduğunu, Cavabdeh da 3 dəfə gəlib, heyvanların xəstəlikdən öldüyünü öz gözləri ilə gördüyünü, iyun ayının 12-si Cavabdeh onun qapısına gələrək ailəsində problemlər olduğundan, ailəsi heyvanların satılmağından narazı olduğundan ondan və ailəsindən xahiş edirək “Ölən də mənim, itən də mənim (heyvanları nəzərdə tutaraq) heyvanlarımı qaytar” deyə bildirdiyini, ailəsinin təkidi ilə razılıq verib qaytardığını, heyvanları dağda onun kəndçisi İbrahimin yanında qaytardığını, heç bir narazıçılıq bildirmədiyini, ondan şikayət edən Cavabdeh ona heyvanları müftə müsəllə 2 ay 12 gün otardığını, ona nə çoban pulu, nə dərman pulu, nə duz pulu, nə yaylaq pulu, nə də yemək pulunu vermədiyini, hamısını özünün ödədiyini, heyvanların ölməsinə gəldikdə isə, 31 heyvanı öz hesabına müalicə etdirməyinə baxmayaraq xəstəlikdən tələf olduğunu, Məhəmmədin onun çəkdiyi xərcləri ödəmədiyini, məcbur qalaraq məhkəməyə müraciət etdiyini, Cavabdeh Şahbuz rayon məhkəməsində iddia qaldıraraq, ondan ölən heyvanların pulununun alınmasını tələb etdiyini, Şahbuz rayon Məhkəməsinin 31,08.2023-cü il tarixli 2(090)-97/2023 nömrəli qətnaməsi ilə Cavabdeh iddiasının qismən təmin olunduğunu və ondan 1680 (min altı yüz səksən) manat alınaraq idiaçı Cavabdeh ödənilməsinin qət edildiyini, onun heyvanlarının saxlanılmasına çəkdiyi xərcin ondan alınıb verilməsi üçün iddia qaldırdığını qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci, 777.2-ci, 783.1-ci, 783.2-ci, 783.3-cü maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı 01 aprel 2024-cü il tarixli məhkəmə iclasında nökər haqqını istədiyini, 2 ay yarım heyvanını otardığını, 2022-ci ilin may ayında cavabdehdən 235 heyvan götürdüyünü, onlardan 98-i quzu, 98-i qoyun, 19-u keçi, 5-i qoç, 4-ünün şişək olduğunu, 4-ü də onun hesabına (cavabdehin) heyvanlar olduğunu, qabaqcadan 1000 (bir min) manat verdiyini, 26000 (iyirmi altı min) manat da verəcəyini, 6000 (altı min) manatı qalmaq şərtilə 20000 (iyirmi min)-in də oktyabrın axırında verəcəyini, 1000 (bir min) manatı da götürən kimi verdiyini, may ayında, may ayının 5 i ya neçəsində, 1000 (bir min) manatdan başqa heç nə vermədiyini, cavabdehin iyun ayı onun üstünü kəsdiyini, iyun ayı “Heyvanı qaytar” dediyini, onun da “Mən qaytarmıram” dediyini, qaytarmaq da istəmədiyini, ailə-uşağını yığıb, gətirib dağa heyvanları qaytardığını, cavabdehin “Heyvanın üstündə ailəm dağılır” dediyini, onun isə “Heyvanın ölüb, haqqın var, mən səndən haqq almıram, sən də heyvanı alma” dediyini, cavabdehin onu məhkəməyə verib, pulunu aldığını, bu adama borcunun olmadığını, ödədiyini, nökər haqqının verilmədiyini, 235 heyvanın birini 3 (üç) manatdan otardığını, heyvanları iki ay yarım otardığını, iyulun hardasa 17-si cavabdehin heyvanları apardığını, düzünü desə 2 ay 10 gün otardığını, cavabdehin çiçək xəstəliyi olan heyvanı ona verdiyini, 700 (yeddi yüz) manat iynə-dərmana, həkiminə verdiyini, 500 (beş yüz) manat da heyvan üçün, dağa, dövlətə verdiyini, heyvan üçün 500 (beş yüz) manat dövlətə ödəməyinə dair sənədin çıxara biləcəyini, sənədlə aldığını, cavabdehin ona üç itini, eşşəyini də verdiyini, hamısını saxladığını, 1000 (bir min) manatının da 500 (beş yüz) manatını cavabdehin qaytardığını 500 (beş yüz) manatına da 2 dənə quzu verdiyini, cavabdehdə qısır olmadığını, 8 dənə şişək olduğunu, onun ikisini qoyuna hesabladıqlarını, çiçəkdən heyvanların qırıldığını, 12 iyun 2024-cü il tarixli məhkəmə iclasında izahatında- may ayının yeddisində cavabdehdən heyvan götürdüyünü, may ayının yeddisindən sonra Qahabdan aparıb Gömürə çıxdığını, Gömürdə Cin dağı deyilən yerdə tavla olduğunu, heyvanları aparıb ora yığıb otarmağa başladığını, heyvanlarının xəstəlikdən qırılmağa başladığını, demə quzuda çiçək xəstəliyi olduğunu, Türkiyədən iynə-dərmanlar gətirdiyini, qaçaqaça düşdüyünü, yuxarı dağa gəlib çıxdığını, dağda da quzuların tələf olmağa başladığını, həkimi gətirdiyini, həkimin axırda “çiçək xəstəliyidir” dediyini, çiçək xəstəliyinə də dərman vurduqlarını, qurd dərmanı da verdiklərini, cavabdehlə danışdığını, 6000 (altı min) qalmaq şərtilə oktyabr ayının axırında pulunu verəcəyini, Məhəmmədin “Mənim ailəm dağılır, heyvanımı qaytar özümə” dediyini, evə gəldiyini, yoldaşının ona “Apar camaatın heyvanını qaytar ver özünə” dediyini, “Yox qaytarmıram, bu qədər əziyyət çəkən niyə qaytarsın?” dediyini, ailəsinin onu bir təhər yola gətirdiyini, heyvanı Məhəmmədə verdiyini, cavabdehin İbrahimin yanında “Ölən mənim, itən mənim. Haqqını götür” dediyini, 5 heyvanının kəsir olduğunu, ona 7 heyvan qaytardığını, heyvanın qutardığını, bu da onların haqq-hesabları olduğunu, heyvanını yığdığını, 3 itini, bir eşşəyini nə gətirmişdisə özünə verdiyini götürüb getdiyini, cavabdehlə haqq hesabının burada qutardığını, İbrahimin yanında “qutardıq” dediyini, Məhəmmədin özünün uşaqların yanında “öz haqqını tut” dediyini, İbrahimin də orda olduğunu, onun da (iddiaçının özü) “sənin 18 dənə heyvanın ölüb mən səndən haqq istəmirəm” dediyini, Uşaqların “ata bu qədər əziyət çəkmisən niyə haqqını istəmirsən?” dediyini, “Oğul, 18 heyvanı ölən kişiyə haqq düşmür” dediyini, Şahbuz Rayon Məhkəməsində 1700 (bir min yeddi yüz) manat pul ödədiyini, 1700 (bir min yeddi yüz) manatın 18 ədəd 3 kiloluq quzuların pulu olduğunu, iynələrin, dərmanların alınmasına dair çek verilmədiyini,14 avqust 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edərək haqqının cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh 01 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddia qaldıranda iddiaçının dəftərində 241 baş heyvan qeyd etdiyini, iddiaçıyla əlaqəsinin məqsədinin heyvan satmaq olduğunu, X8 adında kəndçisinin olduğunu, onu iddiaçıyla telefonda həmkəndlisinin tanış etdiyini, “Satım getsin, mən nə edəcəm bundan sonra, pensiya alıram, uşaqlarım oxuyub gedib” deyə düşündüyünü, bir müddət sonra iddiaçının, öz oğlu və iki kəndçisiylə gəldiyini, Şernov deyilən yerdə heyvanlara baxdığını bildirərək “Hər bir qoyunu quzu ilə bir yerdə 250 manata verirəm” deyə bildirdiyini, sonra bir də iddiaçının zəng etdiyini, gəldiyini, heyvanları rənglədiyini, heç boyasının da olmadığını, 98 qoyun, 98 quzu olduğunu, 2 dənə əlavə ora qoyun ötürdüyünü, 2 dənə də şişək ötürdüyünü, 100 qoyun, 100 quzu olduğunu, 25000 (iyirmi beş min) pul etdiyini, bununla danışıqların belə olduğunu, 10 dənə keçi 7 dənə də çəpiş olduğunu, keçilərin 1700 (bir min yeddi yüz) manat etdiyini, 5 dənə də qoç olduğunu qoyun qiymətinə 1250 (bir min iki yüz əlli) manat bunlar etdiyini, əlavə olaraq da orada 6 şişəyinin bir də qısırlarının qaldığını, 13 dənə də qısır verdiyini, onları da hesabladıqlarını, qısırları 140 (bir yüz qırx) manatdan verdiyini, şişəkləri də 140 (bir yüz qırx) manata razılaşdıqlarını, iddiaçının “Mən 120 (bir yüz iyirmi) manatdan verəcəyəm” dediyini, onun haradasa, 31000 (otuz bir min) verəcəyi olduğunu, Qurban bayramında bir qismini verəcək, deyə danışdıqlarını Qurban bayramının iyulun 9 yaxud 10-u olduğunu, həmin gün heyvanı seçdiyini, iyulda iddiaçının 15000 (on beş min) verməli, yarısının qalmalı olacağını, bunu (iddiaçını) qısnıyandan sonra hardasa 1 aya yaxın idi heyvanları apardığını, əlli manat verdiyini, bir aydan sonra gəlib min manat verdiyini, may ayının 8-də iddiaçıya heyvanı verdiyini, iyun ayında iddiaçının min manat verdiyini, dəftərdə də olduğunu, hər şeyə də qol çəkdiyini, “Demək, öz quzularımı satıb, mənə göndərib” deyə bildirərək, iddiaçının “payıza kimi mallarımı satacağam, sənin pulunu verəcəyəm” dediyini, eşşəklə iti də hədiyyə verdiyini, “31000 (otuz bir min) manatlıq heyvan vermişəm, eşşəyi iti versəm nolacaq ki” dediyini, Zeynəddində İlham adında bir oğlan olduğunu, zəng vurduğunu, bunun həmkəndlisi, özü də yaxın qonşusu olduğunu, ona “Sən heyvanını kiməsə hədiyyə etmisən?” dediyini, onun da (cavabdeh) “yox” dediyini, həmin şəxsin “Gündə biri gedir” dediyini, təqribən, iyulun 1-i Şahid5 ilə getdiyini, Xaliqin quzu gətirib satdığını, gedəndə iddiaçının gəlib “Gedək oğlumun obasında çörək yeyək” dediyini, ancaq ona quzuların kimə gəldi dağıdılması barədə məlumat gəldiyini, iddaçının “5-6 heyvan oğurlamışam. Heç kəsin xəbəri yoxdur” dediyini, içib hər sözü dediyini, Xaliqin ona, “Tezdən gələcəm, quzu gətirəcəm” dediyini, bunun xırda obası olduğunu, iki nəfərin ancaq yönləşdiyini, A.Təmonun “Heyvanları ver mənə” dediyini, cavabdehin “pulun ver, götür dediyini” iddiaçının “Gedirəm qəssablarla əlaqə saxlayam, filan satacağam, pulunu verəcəyəm” dediyini, cavabdehin “Tələs, nə edirsən, et, mənim pulumu ver. Mənim işim var. Mən uşaq oxuduram, mən çıxıb getməliyəm” dediyini, 1 gün keçdi, Xaliqlə gəldiyini, iddiaçının yoldaşı ilə söhbət elədiyini, “Qurban bayramının səhərisi gələcəm üstünüzə” dediyini, oğlunun da gəldiyini, dağa getdiklərini, gəlib “Tələs, quzunu sat, mənim pulumu ver” dediyini, 3-cü dəfə idi, yenə axşamçağı onların yanına getdiyini, ayın 10-u Qurban bayramı olanda, bunların evindən “Biz qəssablarla danışdıq. Quzu əti ucuzlaşıb, sata bilmirik, gəl malını yığ apar” deyə zəng gəldiyini, evlərindən oğlu Əhmədin zəng etdiyini, “Tezdən gəl, heyvanını yığaq” dediyini, 11-i tezdən gəldiyini, ora çatanda iddiaçının qaynı Vaqifin orda olduğunu, Vaqifin “sən kimsən, bu heyvanı aparırsan” dediyini, onun isə “Pulunu ver, heyvan sənin olsun” dediyini, heyvanını yığıb gətirdiyini, ondan qabaq da 2-3 dəfə zəng edib “Gəl, heyvanını apar” dediyini, oğlanlarının onun üstünə gəlib “Dədəmin haqqını verməmisən” dediyini, yarım saat keçməmişdi ki, X7 ora gətirdiyini, heyvanları seçəndə Əhmədlə Elvinin gəldiyini, qəssab olduqlarını, “quzu alırıq” dediklərini, quzulara göy lilə vurduqlarını, “Quzular mənimdir” dediyini, keçilərin də sağıldığını, “Bunun nə ixtiyarı var ki, keçimi sağa? Sağmısan pulunu qoy ortaya” deyə izahında bildirərək, keçən il həmin keçilərdən 3 aya 1000 manatlıq pendir satdığını, bütün yol xərcinin hamısını o keçilərin çıxardığını, qoyununun sağılmadığını, keçini ayıranda qaynının da kiməsə zəng elədiyini, “quzu var, pul götür, gəl” dediyini, keçiylə qoçu ayırınca quzuları satdıqlarını, iddiaçının 2 ay 2 gün heyvan otardığını, çünki ayın onu qurban bayramı olduğunu, ayın 11-i seçdiyini, səkkizi də Gömürdə təhvil verdiyini, Cəhrili Yolçu deyilən şəxslə oğlunun gəldiyini, heyvanı saydığını, 187 baş qoyun-quzu çıxdığını, hardasa, 25 quzunun, 10 dənə də qoyunun olmadığını, X4 “Mənim heyvanım yoxdur” dediyini, ayın 20-nə yaxın gəldiklərini, oradan, yolçunun yerindən 4 quzu, 3 qoyun apardığını, Cəhrili Yolçunun fermer olduğunu, İbrahimin də gəldiyini, 7 heyvanı apardığını, 187-sinin üstünə 7-sini gələndə 194 baş elədiyini, orada qalan 31 baş xırdabuynuzlu qoyunun olmadığını, Çəpişin yerində olduğunu, heyvanlarının, 100 qoyunun yunun qırxıb götürdüyünü (iddiaçının), 10 baş keçini də 2 ay sağdığını, indi “1800 manat heyvan haqqı" dediyini, yediyi 40 heyvanın da pulunu üstünə saldığını, “Mən bunun haqqını verirəm, mənim 31 baş heyvanımı versin” deyə əlavə edib, Şahbuz rayon məhkəməsinin qismən təmin edərək qərar çıxardığını, 31 qoyundan 26 sının qeyd olunduğunu, 26-sının da qismən təmin olunduğunu, iddiaçının “Çiçək iynəsi vurmuşam” dediyini, bunun dövlət tədbiri olduğunu, baytarın hər birinə heyvana 15 qəpikdən pul verildiyini, heyvanına Şahid6 iynə vurduğunu, çiçək iynəsini öz baytarından alıb, göndərdiyini, ona 10000 (on min) ziyan vurduğunu, iddiaçının “Türkiyədən gətirib dərmanları” dediyini, Türkiyədən gətirmək üçün müqavilə və lisenziyanın olmalı olduğunu, Payız vaxtı polis şöbəsindən onu çağırdıqlarını “heyvanlarını tapmışıq” dediklərini, Ocaqquliyev Məhəmmədi, Seyidov Nəsibi tanımadığını, polis şöbəsində tanış olduqlarını, orda ərizə yazıb verdiyini, Ocaqquliyev Məhəmmədin “Bir dənə qısırını mən apardım. 27 kilo əti var idi” dediyini, Nəsibin “Quzunun birini mən apardım, 13 kilo gəldi” deyə izahat verdiyini, İddiaçı ondan 241 heyvan götürdüyünü, 98 qoyun, 98 quzu olduğunu, 12 iyun 2024-cü il tarixli məhkəmə iclasında izahatında-kənddə olanda iddiaçının dediyi İbrahim adlı şəxslə onu telefonla birləşdirdiyini, “satıram getsin, pensiya alıram, uşaqlarım da oxuyub” dediyini, həmkəndlisi İbrahim, Qulu, Təmo, bir də oğlunun gəlib heyvana baxdıqlarını, “Mən 250 manatdan aşağı vermirəm dediyini” gəlib baxıb, bəyəndiyini, üstündən 3,4 gün keçəndə zəng edib “Gəlirəm alam” dediyini, ayın yeddisi heyvanın yanına gəldiyini, heyvanları bir-bir rənglədiklərini, quzunu saydıqlarını düz çıxmadığını, sonra bir də sayanda 98 quzu çıxdığını, aşağı-yuxarı 236 ağ tüklü qoyun gəldiyini, ikisini özünün quzunun üstünə qoyduğunu, “olsun 100 qoyun, 100 quzu. Olsun 25 000 pul” dediyini, orda 4 dənə ağ tüklüsünün qaldığını, 10 dənə keçi 7 dənə çəpiş, 1 dənə də sibir olduğunu, razılaşdıqlarını pulhaqq hesabına gəldiklərini, pul haqq-hesabına gələndə 100 qoyun, 100 balası 25 000 (iyirmi beş min) pul etdiyini, 5 qoç 1250 (bir min iki yüz əlli) manat pul etdiyini, 10 keçi də 1700 (bir min yeddi yüz) manat etdiyini, sonra qısırları da hesabladıqlarını, “Aşağı ver dediyini”, “Yox elə qiymət 140 (bir yüz qırx) manatdır” deyə bildirdiyini, hardasa 30 000 (otuz min)-ə yaxın pul elədiyini, iddiaçının pulun bir hissəsini Qurban Bayramında verəcəyini bildirdiyini, “payızda oktyabrda malımı satıb verəcəm, əgər malımı sata bilməsəm, olar da min manat, iki min manat qalar, min manatdan yana danışma” dediyini, “Ayıbdı otuz mindən yana 1000 manata danışaram?” deyə (cavabdehin) bildirdiyini, iddiaçıya 4 dənə qoyun ötürdüyünü, “1 dənə də sibir ötürürəm qalacaq burda” dediyini, “ancaq 4 qoyunu payızda gəlib çıxdaş heyvan harda qocası var, mən sənə qısırın verəcəm qocasını ver, mən aparım qovurum” dediyini, bununla belə getdiklərini, iddiaçı heyvanı aparanda, “sənə 5000 (beş min) pul verəcəm mal satmışam, pulun almamışam” dediyini, Heyvanı apardığını üstündən 1 ay keçdi, pul gəlmədiyini, “mənim pulumu ver” deyə dirəşdiyini, 5000 (beş min) verəcəyini dediyini, 1000 (bir min) manat göndərdiyini, kəndliləri “sənin heyvanın gedir” deyə məlumat verdikdən sonra “Mən gəlib Qurban bayramında səndən pulu alacam” dediyini, ancaq “heyvanlarım gedir” demədiyini, bunların evinə gəlib “mənim heyvanımı verin mən uşaq oxuduram, heyvanı sənə hədiyyə eləməmişəm” dediyini, Qurban bayramı keçən günü oğlu (iddiaçının) Əhmədin ev telefonuna zəng elədiyini “gəl heyvanı götür, get” dediyini, gedəndə qaynı Vaqif, bir də Məhəmmədin orda olduğunu, heyvanı seçməyə gəldiklərini, 60 dənə ya 70 dənə quzu gəldiyini, Zeynəddinli Elvinin də heyvan almağa gəldiyini, Vaqifin çıxıb qıraqda telefonla danışmağa başladığını, “gəl quzu var aparacağıq” dediyini, “Quzular mənimdi siz neynirsiz?” deyə bildirərək, heyvanı saydığını, quzuyla 185 dənə ağ tüklü olduğunu, 20 quzu, 11 qoyunun yerində olmadığını, keçilərinin yerində olduğunu, 4 dənəsini qısır kimi verdiyini siyahıya salmadığını, 38 heyvanı kəsr çıxartdığını, iddiaçının “Mən sənin qoyununa çiçək iynəsi vurmuşam” dediyini, heyvanına Xaliqlə Gülağanın iynə vurduğunu, Çiçək iynəsinin dövlət tədbiri olduğunu bildirərək 14 avqust 2024-cü il tarixli məhkəmə iclasında iddianı qəbul etmədiyini qeyd etmişdir. Məhkəmə tərəfindən verilmiş sualları cavablandıran zaman İddiaçı heyvanları cavabdehin özünün qaytardığını, oktyabr ayında pulunun verilməsi barədə danışıqların olduğunu, Cavabdeh isə danışığın iddiaçının dediyi kimi olmadığını, danışığın Qurban bayramında, bir də oktyabr ayında verilməsinə dair olduğunu, bu danışıqda heç kimin olmadığını, ikisinin olduğunu bildirmişdir. Şahid5 12 iyun 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində iddiaçının heyvan almağa gəldiyini, iddiaçını kənd mərkəzində gördüyünü, “Heyvan almağa gəlmişəm” demədiyini, işim var gəlmişəm dediyini, bir gün keçdi həmin gün axşam Məhəmmədin zəng vurub “belə bir adam gəlibdir, mən buna heyvan vermək istəyirəm” dediyini, onun da “vermək istəyirsən sən bilərsən” dediyini Məhəmmədin “sən zamin durursan ki, heyvan verirəm?!” dediyini, qarşılığında “yox” dediyini, aralarında nə söhbət olubsa bilmədiyini, bir neçə dəfə cavabdehi bunların (iddiaçının) obasına apardığını, itlərin yeməyini yığıb apardığını, itlərin yeməyini ya Əhmədə, ya da Hasilə verdiyini, Məhəmmədin sadəcə “Dağa gedirsənsə məni də apar gedim heyvanlarıma baxım, biraz da veşim var, itlərə yemək aparacam” dediyini, aparıb, orda saldığını, ordan da obasına getdiyini, Nivasının da, Uvazının da olduğunu, hansıyla getdiyinin yadından çıxdığını, neçə kisə çörək apardığını saymadığını, heyvanlara çiçək iynəsini özlərinin (Şahid5) vurduqlarını, iddiaçının çiçək iynəsinə görə pul vermədiyini, çiçək iynəsini onlara baytarın verdiyini, adının Baxşəli olduğunu, Babək rayonunun baytar idarəsinin onların kənd üzrə nümayəndəsi olduğunu, ildə kimin nə qədər heyvanı varsa qeydiyyatdan keçdiklərini, buna qarşı dövlətin başqa dövlətlərdən dərmanları alıb gətirdiyini, onlara pulsuz verdiyini, onlar da öz heyvanlarına da vurduqlarını, iddiaçının da heyvanına çiçək xəstəliyi düşdüyünü, qırıldığını, özünə “Sənin heyvanın gəl bax çiçəkdən qrılır” dediklərini, Baxşəli həkimin dərmanı verdiyini, aparıb heyvana vurduqlarını, quzulu, qoyunlu, keçili, çəpişli hamısına vurduqlarını bildirmişdir. Şahid X5 14 avqust 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində Təmonun gedib Məhəmməddən heyvan alıb gətirdiyini, Şahbuz rayon Keçili kəndində saxladıqlarını, xəbəri olandan sonra rayona getdiyini, quzulara, qoyunlara baxdıqda pis vəziyyətdə olduqlarını, Təmonun gəlib razılaşdığını, Heyvanı götürüb Gömürün sahəsinə gəldiyini, orda baxanda həkimlərin “Yolu gedə biləcək vəziyyətdədilər, ötüşdürsün heyvanları aparsın sahəyə” dediyini, Cin dağı deyilən yerdə heyvanı saxladığını, 2-3 gündən bir çağırıb “Süleyman, belə bir xəstəlik var. Gəl heyvana bax” dediyini, gedib baxdığını, xəstəliyin arıqlıqdan olduğunu, sonra Təmonun özünün gəlib “Heyvan brazot xəstəliyinə düşüb” dediyini, elə bir xəstəlikdir ki, bir heyvana düşsə sürüdə ən karlı heyvanları tutduğunu, Təmonun gəlib “Brazot xəstəliyidir” deyə bildirdiyini, dərmanın hardan, necə tapıldığını deyə bilməyəcəyini, sonra Təmonun onu çağırıb “Ola bilsin bu çiçək xəstəliyi də olar” dediyini, gedib dərmanı tapıb gətirdiyini çiçək iynəsini də vurduğunu, Kolanlı Cəbiylə oğlu, bir də Təmonun oğlunun, heyvanı tutduqlarını, hamısını dərmanladığını, 2 qramla brazotu vurduğunu, aradan 20-21 gün keçəndən sonra brazotu 3 qramla vurduğunu, çiçək iynəsini də vurduğunu, brazot və ya çiçək xəstəliyinə tutulmasına dair analiz vermədiklərini, görüntüdən hiss etdiklərini, brazot ya çiçək olduğunu bilmədiklərini, dərmanı tədbir məqsədilə vurduqlarını, ondan sonra bir də onu çağırdığını, dağa çıxartdığını, “Qurda qarşı dərman atacıyıq quzunun boğazına” dediyini, quzuya qoyuna dərman verdiklərini, 3-4 dəfə gedib gəldiyini, qurd xəstəliyi olub-olmadığına dair analiz vermədiklərini, quzuda hiss olunduğunu, heç bir analiz vermədən dərmanları vurduqlarını, Təmoya dərman vermədiyini, təsərrüfatda olan hər bir heyvanın sayına dərman aldığını, Təmonun onu 5 dəfə dağa çıxardığını, dağa maşının 45-50 manata çıxdığını, heyvanın hardasa 2 aydan artıq dağda qaldığını, Mart ayı gətirdiyini, heyvanı nə vaxt aparmağının yadında olmadığını, Təmonun gəlib “alqı satqı eləmişik. Aparıram dağa saxlayam sonra da pulunu verəcəm” dediyini, malı nisyə aldığını bildirmişdir. Şahid4 14 avqust 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində - quzu almağa gedəndə cavabdehin də heyvan seçməyə gəldiyini, cavabdehin onun quzusunu apardığını dediyini, o quzuları Təmodan aldığını, quzunu alandan sonra onların ayrılanda haqq-hesab etdiklərini, cavabdehin “otur hesablaşaq” dediyini, onda aralarında alqı-satqı söhbəti olduğunu bildiyini, onlar ayrılanda Məhəmmədin “Mən sənin haqqını ödəyəcəm” dediyini, Təmonun da “Problem yoxdur” dediyini, Təmonun oğlunun dəfələrlə “Ata haqqını al” dediyini, Təmodan 25 quzu aldığını, öz quzusu olduğunu, Təmonun orda 100 dən artıq quzusu olduğunu, cavabdeh heyvanı seçib çıxandan sonra heyvan aldığını, heyvanı alandan sonra qatıb qabağına gətirdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid6 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şahidlərin dindirilməsi üçün vəsatət vermiş tərəflərdən onların bir hissəsinin Türkiyədə olduğunu və Məhkəmə iclasında iştirak edə bilmədiklərini əsas götürərək qanunla müəyyən olunmuş qaydada şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid6 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 51 (əlli bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(090)-97/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 1680 (bir min altı yüz səksən) manat alınaraq iddiaçı Cavabdeh verilməsi, cavabdeh İddiaçı müvafiq məbləğdə dövlət rüsumu alınaraq iddiaçıya qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh tərəfindən 03 may 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış əlyazmadan görünür ki, İddiaçı xx.xx.2022-ci ildə 236 xırdabuynuzlu heyvan yəni 120 qoyun, 98 quzu, 10 keçi, 7 baş çəpişi Cavabdeh özünə aldığını, pulunu vermədiyini, bu il nə gücü çatdı onu verəcəyini, gələn il hamısını verəcəyini qeyd edərək öz imzası ilə təsdiq etmişdir. (Məhkəmə iclasında İddiaçı əlyazma ilə tanış olaraq onun tərəfindən tərtib edildiyini təsdiq etmişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar tərəflərin izah və izahatları, o cümlədən, şahid ifadələri ilə qarşılıqlı şəkildə əlaqələndirilərək müəyyən edilmişdir ki, İddiaçı (alıcı) xx.xx.2022-ci il tarixdə 120 qoyun, 98 quzu, 10 keçi, 7 baş çəpiş olmaqla 235 xırdabuynuzlu heyvanı Cavabdeh (satıcıdan) alaraq, icra müddəti dəqiq müəyyən edilməməklə “bu il və gələn il” zaman kəsiyində heyvanların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan hal Cavabdeh tərəfindən 03 may 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış və İddiaçı tərəfindən tərtib olunmuş əlyazma ilə təsdiq olunaraq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Belə ki, satıcı Cavabdeh öhdəliyin icra müddətinin əlyazmada dəqiq müəyyən edilmədiyini, heyvanların dəyərinin iki dəfə olmaqla hissə-hissə ödənilməsinin razılaşdırıldığını, lakin müəyyən edilmiş vaxt ərzində razılaşdırılmış ilkin ödənişin həyata keçirilmədiyini görərək öhdəliyin dərhal icrasını (alıcı) İddiaçı tələb etmişdir. Öhdəlik icra edilmədiyindən heyvanları qaytarmaq məqsədilə cavabdeh şəxs 11-i (iyulun) tezdən gəlmiş, ora çatanda iddiaçının qaynı Vaqifin orda olduğunu, Vaqifin “sən kimsən, bu heyvanı aparırsan” dediyini, cavabdehin (satıcı) isə “Pulunu ver, heyvan sənin olsun” deyə bildirdiyini qeyd etmişdir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, əlyazmada heyvanların dəyərinin hissə-hissə ödənilməsi razılaşdırıldığından, lakin müəyyən edilmiş vaxt ərzində ilkin ödəniş həyata keçirilmədiyindən satıcı Mülki qanunvericiliklə müəyyən edilmiş hüquqlara əsaslanaraq alıcıdan öhdəliyin dərhal icrasını tələb etməkdə, alıcı isə öhdəliyini ağlabatan müddətdə icra etmədiyindən ödənilməmiş malın ona qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Həmçinin iş üzrə cavabdehin iyul ayının 11-də heyvanlarını seçərək yaylaqdan arana yəni isti yerə endirməsi, aralarında olan münasibətlərin daha davam etməsinin mümkün olmadığı halını təsdiq etməklə cavabdehin məcbur qaldığının göstəricisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Alıcı İddiaçı heyvanlara düşmüş xəstəlik səbəbindən ümumilikdə 31 heyvan tələf olduğundan (iddia ərizəsinin əsaslandırıcı hissəsində göstərilməklə), ailəsinin təkidi ilə heyvanları qaytaran zaman, Cavabdeh “öz haqqını tut” deməsinə baxmayaraq “18 heyvanı ölən kişiyə haqq düşmür” deyə qarşılığında bildirərək satıcı Cavabdeh haqqını tələb etməmiş, daha sonra Cavabdeh İddiaçı qarşı Şahbuz rayon Məhkəməsində iddia qaldıraraq ölən heyvanların dəyəri olan 4500 (dörd min beş yüz) manatın və dövlət rüsumu olaraq ödənilən 60 (altmış) manatın, sonradan isə “iddia tələbinin azaldılması” barədə ərizə verərək 4150 (dörd min bir yüz əlli) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 61,50 (altmış bir manat əlli qəpik) manat pulun alınıb ona verilməsini xahiş etmiş, Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(090)- 97/2023 nömrəli qətnaməsi əsasında iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 1680 (bir min altı yüz səksən) manat alınaraq iddiaçı Cavabdeh verilməsi, cavabdeh İddiaçı müvafiq məbləğdə dövlət rüsumu alınaraq iddiaçıya qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Nəticədə isə, hazırkı iş üzrə iddiaçı, vaxtilə heyvanları qaytaran zaman ölən heyvanın dəyəri alınmadığından və bu əsasla ona ödənilməli olan haqqın əvəzinin 18 heyvanın ölməsi ilə əvəzləşdirildiyini hesab etdiyindən, lakin sonradan satıcı tərəfindən ona qarşı Şahbuz rayon məhkəməsində iddia qaldırılaraq iddia tələbi qismən təmin edildiyindən, öz hüquqlarını tələb etmək qənaətində olub heyvanları saxladığı müddətdə çəkilmiş xərcləri və çoban haqqının ona ödənilməsini tələb etməklə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən isə məhkəmə belə hesab edir ki, öhdəliyini icra etməməsi nəticəsində heyvanların qaytarıldığını nəzərə aldıqda iş üzrə İddiaçı, həmin müddətdə yaranmış xərclərin, o cümlədən, 1416 (bir min dörd yüz on altı) manat məbləğində iddia etdiyi çoban haqqının cavabdehdən tutularaq ona ödənilməsini tələb etməklə Cavabdeh qarşı iddia qaldırmaqda subyektiv hüququ yoxdur. İş üzrə müəyyən edilmiş hallar əsasında məhkəmə qeyd edir ki, iddiaçı heyvanları geri qaytardıqdan sonra haqqını və çəkilmiş xərcləri tələb etməsinə baxmayaraq alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərində alıcının həmin hüquqları və səlahiyyətləri Azərbaycan Respublikası Mülki qanunvericiliyi ilə tənzimlənməməkdədir. Belə ki, müəyyən edilmiş şərtlər əsasında muzd müqabilində heyvanlar, otarılmaq məqsədilə vəkalət alana verilərək tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış olsaydı bu halda geri qaytarıldıqdan sonra vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməkdə müvafiq hüquqları yaranmış olacaqdı. Lakin tərəflər arasında bağlanmış müqavilənin alğı-satqı müqaviləsi olduğunu nəzərə aldıqda, tərəflər həmin müqavilədən irəli gələn müəyyən hüquqlara malik olmaqla həmin hüquqların pozulması nəticəsində məsuliyyət daşıyırlar. Bu halda AR Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən “əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər” müddəası sözügedən müqaviləyə aid edilməklə satıcının hüququnu müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən əlavə məhkəmə iddiaçının iddia tələbini əsassız hesab etməklə, eyni zamanda həmin tələblərə aydınlıq gətirməyi zəruri hesab edərək iddia tələbinin “700 (yeddi yüz) manat məbləğində iynə-dərman preparatları alaraq heyvanların müalicəsində istifadə edilməsi” hissəsinə dair münasibətdə qeyd edir ki, iddiaçı ərizəsində heyvanların xəstə olduğunu iddia edərək Gömür kənd baytarı X1 heyvanları müayinə etdirmək məqsədi ilə dağa yaylağa apardığını, həkimin bir neçə dəfə heyvanları müayinə edərək müxtəlif xəstəliklərin heyvanlarda olduğunu dediyini, həmin xəstəliklərdən dolayı 700 (yeddi yüz) manat məbləğində iynə-dərman preparatları alaraq heyvanların müalicəsində istifadə etdiyini bildirmişdir. Bununla bağlı isə məhkəmənin “İynələri, dərmanları almağına dair qəbzin, sübutun varmı?” sualına İddiaçı “İynələrin, dərmanların alınmasına dair çek vermirlər” deyə cavab verərək 700 (yeddi yüz) manat məbləğində iynə-dərmanlara ödəniş edilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Bu halın şahidi olaraq məhkəmə iclasında iddiaçı tərəfindən iştirakı təmin edilmiş X5 məhkəmənin suallarını cavablandıran zaman analiz vermədən, öz mülahizələri əsasında heyvanların əlamətlərindən brazot və ya çiçək xəstəliyinə tutulduqlarını güman edərək tədbir məqsədilə heyvanlara iynədərman verdiklərini bildirmiş, lakin onların dəyəri barədə heç bir ifadə səsləndirməmişdir. Bununla yanaşı iddiaçı heyvanların çiçək xəstəliyinə tutulduğundan onlara çiçək iynəsi vurduğunu həmin dərmanların da dəyəri ilə birlikdə 700 manat məbləğində xərc çəkdiyini iddia etməsinə baxmayaraq Şahid5 12 iyun 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində heyvanlara çiçək iynəsini özünün vurduğunu və iddiaçının çiçək iynəsinə görə pul vermədiyini, çiçək iynəsini onlara, Baxşəli adında baytarın verdiyini bildirməklə iddiaçının və onun şahidinin həmin hissədə həqiqətə uyğun olmayan izahat verməsi öz əksini tapmışdır. İddia edilən hallar öz əksini tapdığı təqdirdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan: 570.1-ci və 570.1.1-ci maddələrinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı, ərizəsində Gömür kənd baytarı X3 adlı şəxsi şahid qismində məhkəmədə dindirilməsini xahiş etmiş, lakin elekton məhkəmə informasiya sistemindən həmin şəxs barəsində məlumatlar əldə edilmədiyindən, iştirakının vəsatət verən şəxs tərəfindən təmin edilməsi təklif edilmişdir. 14 avqust 2024-cü il tarixli məhkəmə iclasında iştirakı təmin edilən həmin şəxs, şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim edərkən ad, soyad, ata adının “X5” olduğu müəyyən edilmiş, bu hal ilə əlaqədar olaraq iddiaçı məsələyə aydınlıq gətirərək el arasında “X9” oğlu adlandırıldığından iddia ərizəsində elə qeyd etdiyini bildirmişdir. Məhkəmə iddia tələbinin “500 (beş yüz) manat dağ pulu verilməsi” hissəsinə dair münasibətdə qeyd edir ki, iddiaçı məhkəmənin sualına cavab olaraq heyvan üçün 500 (beş yüz) manat dövlətə ödəməyinə dair sənədi çıxara biləcəyini, sənədlə aldığını bildirməsinə baxmayaraq həmin sənədi məhkəməyə təqdim etmədiyindən, nəticədə öz tələblərini istinad etdiyi halları sübut edə bilməmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz Məhkəmə iddia tələbinin “3 itə 2 aylıq yemək puluna 300 (üç yüz) manat xərclənməsi” hissəsinə münasibətdə bildirir ki, Şahid5 12 iyun 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində cavabdehi iddiaçının obasına aparan zaman, itlərin də yeməyini yığıb apardığını bildirmişdir. Qeyd edilən şahid ifadəsi ilə iddiaçının izahatları arasında ziddiyyət təşkil edildiyi göz önündədir. Lakin, cavabdehin vəsatəti əsasında şahid qismində məhkəmə iclasına dəvət edilərək ona məlum olan hallar barədə məlumat verməklə və iş üzrə əhəmiyyət kəsb edən halların sübut edilməsi məqsədilə ifadəsinin alındığını nəzərə aldıqda məhkəmə hesab edir ki, şahid ifadəsi mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Əvvəla, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 51 (əlli bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddianın qiymətinin 2916 (iki min doqquz yüz on altı) manat olduğunu nəzərə aldıqda iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 49,16 (qırx doqquz manat 16 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmiş və iddiaçı tərəfindən 51 (əlli bir) manat məbləğində dövlət rüsumu ödənilərək xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz iş materiallarına əlavə edilmişdir. Nəticədə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməli, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun 49,16 (qırx doqquz manat 16 qəpik) manat məbləği iddiaçının özünə aid edilməklə təmin edilməməli, artıq ödənilmiş 1,84 (bir manat 84 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun 49,16 (qırx doqquz manat 16 qəpik) manat məbləği iddiaçının özünə aid edilməklə təmin edilməsin. Artıq ödənilmiş 1,84 (bir manat 84 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-215/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-215/2024
14.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver