Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-223/2025 03.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Bank olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Bank olmayan Kredit X2 Cəmiyyəti 20 may 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 20696,10 (iyirmi min altı yüz doxsan altı manat 10 qəpik) manat əsas borc, 2678.7 (iki min altı yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat cari faiz borcu və 2000.00 (iki min) manat dəbbə borcu olmaqla, cəmi 25374.8 (iyirmi beş min üç yüz yetmiş dörd manat səksən qəpik) manat kredit borcunun və işə məhkəmədə baxılması ilə bağlı ödənilmiş 166.2 (yüzaltmış altı manat iyirmi qəpik) manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28 mart 2024-cü il tarixli BAKU 1-50222-521 saylı Kredit müqaviləsinə əsasən ikinciyə 22% faizlə 24 ay müddətinə 25000 (iyirmi beş min) manat məbləğində kredit "dövriyyə vəsaitlərinin artırılması" üçün verildiyini, və kreditin aylıq 1 300.00 (min üç yüz) manat olmaqla qaytarılmasının müəyyən edildiyini, Yuxarıda qeyd olunan "Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə məsuliyyətini müəyyən edən 28 mart 2024-cü il tarixli BAKUİ-50222-521+SUMG2-2482 saylı Zaminlik müqaviləsi bağlandığını, Cavabdeh2 04 aprel 2025-ci il tarixinədək 6817.89 (altı min səkkiz yüz on yeddi) manat əsas borc, 2678.7 (iki min altı yüz yetmiş səkkiz) manat cari faiz borcu və 6124.33 (altı min yüz iyirmi dörd) manat dəbbə borcu olmaqla, cəmi 15629.92 manat məbləğində borcunun yarandığını və ödənilmədiyini, Kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" bank olmayan kredit X2 cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəldiyini, İddiaçı xx.xx.2025-ci il tarixli Pretenziya ilə 20696,10 (iyirmi min altı yüz doxsan altı) manat əsas borc, 1 188.05 manat cari faiz borcu və 981.8 manat dəbbə borcunun, cəmi 22865.95 manat kredit borcunun ödənilməsini tələb etdiyini, əks halda kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyini və borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyinin qeyd edildiyini, Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bildiyini, həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə biləcəyini, AR MM-nin 443.1-ci maddəsinin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olduğunu, həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, AR-sı Mülki Məcəlləsinin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi həmin öhdəliyin gecikdirilməsi sayıldığını bildirmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə daxil olmuş vəsatətində Mən, Nümayəndə2, nümayəndəsi olduğum atam Cavabdeh1 maraqlarını müdafiə edərək, baxılmaqda olan iş üzrə aşağıdakıları məhkəmənin diqqətinə çatdırmaq zərurəti yaranmışdır. Əvvəla, atamın yaşayış yeri üzrə qeydiyyat ünvanı dəyişmişdir. Belə ki, o, əvvəl Şəmkir rayonu üzrə qeydiyyatda olmuş, lakin hal-hazırda Ordubad rayonu, Vənənd kəndində daimi qeydiyyata alınmışdır. Bununla bağlı Ordubad Rayon Polis Şöbəsinə müraciət edilmiş və yeni nəsil şəxsiyyət vəsiqəsinin alınması prosesi başlamışdır. Sənəd əldə olunduqdan dərhal sonra iş materiallarına əlavə ediləcəkdir. Bu səbəbdən, Mülki Prosessual Məcəllənin (MPM) 138-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən bütün bildirişlərin, çağırış vərəqələrinin, məktubların və digər rəsmi yazışmaların məhz göstərilən yeni ünvana göndərilməsinin təmin olunmasını xahiş edirik. Nəzərinizə çatdırmaq istərdik ki, iş üzrə xx.xx.2025-ci il tarixində təyin olunmuş baxış iclasında iştirak etməyim iş qrafikimlə bağlı mümkün olmayacaq, həmçinin nümayəndəsi olduğum atamın səhhətindəki ağır problemlər onun şəxsən iştirakını çətinləşdirir. Bu baxımdan, MPM-in 185.3 və 189-cu maddələrinin tələblərinə uyğun olaraq, tərəflərin məhkəmə iclaslarında tam və hərtərəfli iştirakının təmin edilməsi üçün, ədalətli məhkəmə araşdırması prinsiplərinə uyğun olaraq, məhkəmə baxış iclasının daha münasib tarixə keçirilməsini barədə qərar qəbul edilməsini xahiş edirik. Belə ki, işin mahiyyəti ilə bağlı qeyd etmək istəyirik ki, atam Cavabdeh1 faktiki olaraq aldadılaraq kredit müqaviləsinə zamin qismində cəlb edilmişdir. Belə ki, "xxxx" ASC-nin əməkdaşı dəfələrlə atamla görüşərək, sənədlərə imza atmasının heç bir hüquqi və maliyyə məsuliyyəti daşımayacağını, əsas öhdəliyin digər zaminlərin üzərində olduğunu bildirmiş və əlavə olaraq, guya gələcəkdə bu halın onun kredit tarixçəsinə müsbət təsir göstərəcəyini qeyd etməklə, atamı faktiki olaraq yanıldaraq hüquqi nəticələr doğuran müqavilə bağlamağa sövq etmişdir. Bu hallar isə Mülki Məcəllənin 339 və 347-ci maddələrində nəzərdə tutulan “aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı” və “əhəmiyyətli aldatma halında müqavilənin etibarsız sayılması” qaydalarına tam uyğun gəlir. Həmçinin, Mülki Prosessual Məcəllənin 186-cı maddəsinə əsasən, işin hərtərəfli və obyektiv araşdırılması üçün bu şəxsin – "xxxx" ASC əməkdaşının məhkəmə iclasına cəlb olunaraq izahatının alınması zəruridir. Əlavə olaraq, kreditin rəsmiləşdirilməsi zamanı mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Mərkəzi Bankının daxili normativ qaydalarının pozulması da mövcuddur. Belə ki, Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi qaydaları”na əsasən, kredit müqavilələrinin bağlanması zamanı zaminlərin maliyyə vəziyyətinin, öhdəlik daşıma qabiliyyətinin və müqavilə şərtlərinin aydın izahının təmin olunması bankın birbaşa vəzifəsidir. Lakin bu öhdəliklər pozulmuşdur. Buna görə də Mülki Prosessual Məcəllənin əsasən, iş üzrə Mərkəzi Bankın da üçüncü tərəf qismində prosesə cəlb edilməsi zəruridir. Nəhayət, diqqətinizə çatdırmaq istəyirik ki, atam Cavabdeh1 Vətən uğrunda Qarabağ döyüşlərində iştirak etmiş, aldığı xəsarətlər nəticəsində İİ qrup Qarabağ əlili kimi tanınmışdır və dövlət tərəfindən müvafiq təqaüd alır. Onun sosial təminat məqsədilə aldığı bu təqaüdün haqsız olaraq kredit öhdəliklərinin icrasına yönəldilməsi, Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuş sosial təminat hüququnun, habelə beynəlxalq hüquqi öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Buna görə də, məhkəmənin ədalətli qərar qəbul edərkən bu mühüm sosial faktoru nəzərə alması vacibdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edirik ki: iş üzrə bütün bildirişlərin və məktubların yeni qeydiyyat ünvanına – Ordubad rayonu, Vənənd kəndinə göndərilməsi təmin olunması; xx.xx.2025-ci il tarixində təyin olunmuş baxış iclası daha münasib tarixə keçirilməsi; "xxxx" ASC əməkdaşı məhkəmə iclasına cəlb olunaraq dinlənilməsi; Azərbaycan Respublikası Mərkəzi Bankı iş üzrə üçüncü tərəf qismində prosesə dəvət edilməsi; atamın Qarabağ əlili statusu və sosial təminatla bağlı vəziyyəti nəzərə alınaraq, işin hərtərəfli və ədalətli araşdırılması təmin edilməsi barədə qərar çıxarılsın bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlərin və Nümayəndə2 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli Baku1-50222-521 saylı kredit müqaviləsinəndən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmaqla 24 ay müddətinə illik 22 % olmaqla 25000 manat kredit verilmişdir. xx.xx.2024-cü il tarixli Baku1-50222-521 saylı ödəniş qrafikinə əsasən xx.xx.2024-xx.xx.2026-ci il tarixləri arasında ayda 1300 manat, xx.xx.2026-ci il tarixdə 1296,74 manat, olmaqla cəmi 31196,74 manat məbləğində pul vəsaitini X6 banka ödəməlidir. xx.xx.2024-cü il tarixli məxaric orderindən görünür ki, "xxxx" MMC tərəfindən X5 25000 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X6 6519 manat banka ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli cədvəldən görünür ki, X6 25000 manat kredit borcuna əsasən 20696,10 manat əsas borc, 2678,7 manat faiz borcu, vardır. xx.xx.2024-cü il tarixli Baku1-50222-521+SUMG2-2482 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə zamin Cavabdeh1, Cavabdeh3 və borc alan X6 öhdəliyin tamamilə icra edilməsi üçün zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyır. 28 iyul 2025-ci il tarixli, 752 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin 02 iyul 2025-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" MMC ilə borcalan X6 arasında xx.xx.2024-cü il tarixli Baku1-50222-521 saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank Borcalana sahibkarlıq fəaliyyətinin maliyələşdirilməsi məqsədilə 24 ay müddətinə 25000 manat kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik Bank tərəfindən lazımi qaydada icra olunmuş, kredit məbləğinin borcalanın hesabına köçürülməsini təsdiq edən Xəzinə məxaric orderi iş materiallarına əlavə edilmişdir. Borcalan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, cavabdeh X6 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən borcalana borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə kredit müqaviləsi üzrə X3 adına banka 20696,10 manat əsas, 2678,7 manat faiz, 2000 manat dəbbə borcu olmaqla cəmi 25374,8 manat borc öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana və zaminlərə qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc, ona hesablanmış faizlərin və dəbbə borcunun ödənilməsi hissədə cavabdehlərə qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxslərin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 02 iyul 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 29 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 752 nömrəli ekspert rəyindən görünür ki, X6 ilə "xxxx" MMC arasında bağlanmış 28 mart 2024-cü il tarixli, BAKU1-50222-521 saylı kredit müqaviləsinə əsasən cavabdeh X3, "xxxx" MMC 07 aprel 2025-ci il tarixə kredit üzrə olan əsas borcu 20690,70 manat, faiz borcu 2705,88 manat olmaqla, ümumilikdə borcu 23396,58 manat təşkil etdiyi, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmır. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə, ekspert rəyi ilə razılaşaraq, cavabdehin əsas borcunun 20690,70 manat, faiz borcu 2705,88 manat olmaqla, ümumilikdə borcu 23396,58 manat olduğu qənaətindədir. Məhkəmə Cavabdeh1 nümayəndəsi Nümayəndə2 vəsatətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, atası Cavabdeh1 faktiki olaraq aldadılaraq kredit müqaviləsinə zamin qismində cəlb edilməsini bildirsədə real olaraq bu faktın təsdiqi barədə mötəbər sübutları təqdim etməmişdir. Həmçinin "xxxx" ASC-nin əməkdaşının dəfələrlə atası ilə görüşərək, sənədlərə imza atmasının heç bir hüquqi və maliyyə məsuliyyəti daşımayacağını bildirsədə real olaraq bankın əməkdaşının kimliyi və vəzifəsi görüşün olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Bundan başqa kreditin rəsmiləşdirilməsi zamanı mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Mərkəzi Bankının daxili normativ qaydalarının pozulmasının mövcud olması qeyd edilsədə bu halın təsdiqi üçün sübutlar təqdim edilməmişdir. Həmçinin atası Cavabdeh1 Vətən uğrunda Qarabağ döyüşlərində iştirak etməsi, aldığı xəsarətlər nəticəsində İİ qrup Qarabağ əlili kimi tanınması və dövlət tərəfindən müvafiq təqaüd alması barədə sənədlər təqdim olunmamışdır. Məhkəmə bu halları qeyd edərək vəsatətdə qeyd edilənləri əsaslı hesab etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə 20690,70 manat, faiz borcu 2705,88 manat olmaqla, ümumilikdə borcu 23396,58 manat olmaqla ümumilikdə 23396,58 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 25374,8 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 166.2 manat olaraq müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 166.2 manat məbləğində müəyyən edilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasibətdə qismən təmin olunmalı olduğundan, cavabdehlərdən 160,18 manat alınıb iddiaçıya ödənilməli, qalan 5,82 manat isə İddiaçıya aid hesab edilməlidir. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 752 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlərdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Nəticədə, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 20690,70 manat, faiz borcu üzrə 2705,88 manat olmaqla ümumilikdə 23396,58 manat alınıb iddiaçı "xxxx" Bank olmayan Kredit X2 Cəmiyyətə ödənilməli, cavabdehlərdən müştərək qaydada 160,18 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı"xxxx" Bank olmayan Kredit X2 Cəmiyyətinə ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 752 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlərdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 20690,70 (iyirmi min altı yüz doxsan manat yetmiş qəpik) manat, faiz borcu üzrə 2705,88 (iki min yeddi yüz beş manat, səksən səkkiz qəpik) manat olmaqla ümumilikdə 23396,58 (iyirmi üç min üç yüz doxsan altı manat, əlli səkkiz qəpik) manat alınıb iddiaçı "xxxx" Bank olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" Bank olmayan Kredit X2 Cəmiyyəti tərəfindən ödənilmiş 160,18 (yüz altmış manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı "xxxx" Bank olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 5,82 (beş manat səksən iki qəpik) manat isə iddiaçıya aid hesab edilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 752 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(123)-223/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-223/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver