Məhkəmə qərarları › İş №e-2-2(123)-24/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-24/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-24/2023 26.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdeh qarşı avadanlıqların dəyəri və icarə haqqına görə pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı 25 yanvar 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5550 manat avadanlıqların dəyəri, ödənilməmiş icarə haqlarına görə 950 manat, hüquqi xidmətə görə 300 manat, mediasiyaya görə 100 manat və dövlət rüsumuna görə 92 manat, cəmi 6992 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər nəzərdən keçirilərkən iddia ərizəsinin geri qaytarılmasını zəruri edən hallar müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə iddia ərizəsinin forması və məzmununa dair tələblər nəzərdə tutulmuşdur. Belə ki, MPM-in 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçı və cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, elektron poçt ünvanı, o cümlədən iddiaçının mobil telefon nömrələri elektron formada göndərilmiş iddia ərizəsinin əvvəlində göstərilsə də elektron formada göndərilmiş iddia ərizəsinin tərəflərə dair məlumatların əks olunduğu hissəsində, yəni elektron iddia ərizəsinin formasının müvafiq qrfalarında qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, ərizənin elektron nüsxəsi onun Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət edilməli elektron variantı olduğundan həmin məlumatlar elektron iddia ərizəsində dəqiq göstərilməlidir. Bununla da iddiaçı iddia ərizəsinin qanunla nəzərdə tutulmuş forma və məzmununa dair tələblərinə əməl etməmişdir. X1 Respublikasının Kommersiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2- 2(123)-103/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi geri qaytarılmış və qərardad qanuni qüvvəsini almışdır. Həmin qərardadla ərizə təqdim edilərkən xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzlə ödənilmiş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Hazırki işin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, ********* saylı dövlət rüsumunun ödənilməsi barədə qəbzi təkrar hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzlə ödənilmiş dövlət rüsumu həmin iddia ərizəsi təqdim edilərkən istifadə olunduğundan və məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmış dövlət rüsumu olduğundan hazırkı iddia ərizəsinə görə ödənilmiş rüsum kimi qəbul edilə bilməz. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 100 manat məbləğində mediassiya xərci ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, iddiaçı tərəf hazırki iş üzrə ödədiyi mediasiya xərci hazırkı iddia ərizəsinə görə ödəməli olduğu dövlət rüsumunu əhatə etdiyi üçün dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə rüsumun ödənilməməsini nəzərə almamaqla, mediasiya xərcinin ödənilməsinə dair qəbzin məhkəməyə təqdim edilməli olduğunu iddiaçının diqqətinə çatdırır. Məhkəmə iddiaçıya bildirir ki, Bakı şəhəri 66 saylı MİS-nin arayışı və hüquqi xidmət haqqının ödənilməsi haqqında qəbz iddia ərizəsinin “Qoşma” hissəsində göstərilməsinə baxmayaraq iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin “Mediasiya arayışı və ödəniş qəbzi” adlı sənədin qoşma olaraq ərizəyə əlavə edilməsi göstərilsə də mediasiya arayışının ərizəyə əlavə edildiyi lakin ödəniş qəbzinin ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. Qeyd edilən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən bu barədə akt tərtib edilmişdir. İddiaçının nəzərinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edəcəyi təqdirdə həmin sənədlərin tamlığı təmin edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Hazırkı iddianın qiyməti on min manatdan az olduğundan işə sadələşdirilmiş qaydada baxılmasına yol verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı avadanlıqların dəyəri və icarə haqqına görə pul tələbi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı avadanlıqların dəyəri və icarə haqqına görə pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar