Məhkəmə qərarları › İş №e-2-2(123)-256/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-256/2025

25.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-256/2025 25.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, iddiaçı X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh X5 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 11 iyun 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 borclu olduğu 2000 (iki min) manat, əldən çıxmış fayda kimi 1000 (min) manat, hüquqi yardım olaraq vəkilə ödənilmiş 250 manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat olmaqla, ümumilikdə 3300 (üç min üç yüz) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizədə uzun müddətdir ki, Naxçıvan şəhərində ticarət fəaliyyəti ilə məşğul olduğunu, ticarət fəaliyyətinin kosmetika vasitələrin, manikür-pedikür ləvazimatlarının və avadıanlıqlarının satışından ibarət olduğunu, cavabdeh X3 manikür-pedikür ustası kimi 2024-cü ilin iyun ayından tanıdığını, Nuray Hüseynova 2024-cü ilin avqust ayında onların mağazasından 2000 manatlıq manikürpedikür üçün vasitələr və ləvazimatlar götürərək işlədib qısa müddətdə pulunu ödəyəcəyinə söz verdiyini, bu günədəkdə pulunu qaytarmadığını, cavabdehin ona olan borcunu qaytarmaması mal döviyyəsində kəsir yaratdığını, cavabdehin pulunu təxminən 1 ildən artıq qaytarmaması və özündə saxlaması nəticəsində ona 1000 manatdan artıq ziyan dəydiyini və hər ötən ay ərzindədə həmin ziyan artdığını, cavabdeh X5 dəfələrlə telefonla müraciət edərək pulunu qatarmasını tələb etsədə pulunu qaytarmadığını, o da pulunun alınıb ona qaytarılması ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə şikayət etdiyini, Polis İdarəsində müraciəti ilə bağlı araşdırma aparıldığını və müraciəti mülki məsələ kimi qiymətləndirilərək material işə alınmış və ona məhkəməyə müraciət etməyi izah olunduğunu, bu səbəbdəndə məhkəməyə müraciət etdiyini bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1ci, 385.1-ci, 425.2-ci, 739.1-ci, 443-cü maddəsinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı X7 məhkəmə iclasında verdiyi izahatında cavabdeh X3 manikür-pedikür ustası kimi 2024cü ilin iyun ayından tanıdığını, Nuray Hüseynova 2024-cü ilin avqust ayında onların mağazasından 800 manatlıq manikür-pedikür üçün vasitələr və ləvazimatlar götürərək işlədib qısa müddətdə sentyabr ayının 5-6-sı pulunu ödəyəcəyinə söz verdiyini, sonra sentyabr ayında gəlib 1200 manat dəyərində yenə mal götürüb oktyabr ayının 23-də tam olaraq pulu ödəyəcəyini bildirdiyini, bu günədəkdə pulunu qaytarmadığını, oktyabrın sonu 2000 manatlıq malın pulunu ödəyəcəyini söz versədə ödəmədiyini, cavabdehin ona olan borcunu qaytarmaması mal döviyyəsində kəsir yaratdığını, cavabdehin pulunu təxminən 1 ildən artıq qaytarmaması və özündə saxlaması nəticəsində ona 1000 manatdan artıq ziyan dəydiyini, 1000 manat ziyanı özünün hesabladığını, fikirincə pulu vaxtında verilsəydi dövrüyyə etdirib 1000 manat əlavə qazana biləcəyini, cavabdehin borcunu etiraf etməsini,bu əsasla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkil və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında qaldırdıqları iddianı müdafiə etdiyini, izahatlarını və sübutları hazırlıq mərhələsində bildirdiklərini, cavabdehin 2000 manat borcunun olmasını etiraf etdiyini, bunların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: “Sultan Cosmetic”-ə aid qəbzlərdən görünür ki, 834 manat dəyərində mallara dair satış aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər bir tərəfli və müqavilə şəklində (iki tərəfli və ya çox tərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılırki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh X3 izahatından iddianın 2000 manata dair hissəsini etiraf etdiyi məlum olur. Cavabdeh X3 “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfin iddianın 2000 manata dair hissəsini etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü 2000 manata dair hissədə tələbi təmin olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh X2 ödənilməyən 2000 manat, gecikdirilən ödənilməyən ümumi məbləğin illik 5% cəriməsinə uyğun 2000x5%=100 manat olmaqla, 2000+100=2100 manat pul vəsaiti iddiaçı X4 ödənilməlidir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi əsas borcun və dəbbə pulunun tutulmasına dair hissələrdə xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, müqavilə tərəfləri bağladıqları müqavilə ilə öhdəlik götürərək fəaliyyət göstərirlər və nəticə etibarilə yaranan əsas borcla yanaşı, ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etməmək üçün borclu borcunu vaxtında ödəməməklə müqavilə tərəfinə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. İddianın müqavilə müddəti bitəndən sonra ödənilməyən əsas borca əsasən hesablanmış əldən çıxmış fayda tələbinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı X7 əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin əldən çıxmış fayda hissəsi tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılmalıdır. Belə ki, zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MMin 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda). Borcun vaxtında ödənilməməsi tələbkarı vaxtında əldə etməli olduğu pul məbləğindən yenidən istifadə edib gəlir əldə etmək imkanından məhrum edir. Ona görə də qanunvericilik dəbbə pulu institutu ilə müqavilə tərəfləri olan kreditoru mümkün zərərdən qorumaqla borclunu öz öhdəliklərinin icrasında intizamlandırır. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən mübahisə tərəflərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəbbə pulunun 1000 manat məbləğində tələb edilməsi, öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, iddiaçıya dəymiş zərərə münasibətdə qeyrimütənasibdir. Məhkəmə həmçinin əldən çıxmış fayda olaraq 1000 manat məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə tələbin dəbbə pulunun məbləğinə dair hissəsi üzrə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə dəbbə pulunun məbləği azaldılaraq, 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni hazırki vəziyyətdə məhkəməyə verilmiş iddianın qiyməti 3000 manat olduğundan, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan qanunvericiliyin tələbinə müvafiq olaraq 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun 41 manatı cavabdeh X2 tutularaq iddiaçı X4 ödənilməli, qalmış dövlət rüsumu isə iddiaçıya aid hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə cavabdeh X2 2000 (iki min) manat, gecikdirilən ödənilməyən ümumi məbləğin illik 5% cəriməsinə uyğun olaraq 100 (yüz) manat olmaqla 2100 (iki min bir yüz) manat pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməli, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manatı cavabdeh X2 tutularaq iddiaçı X4 ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manat məbləğində hissəsi iddiaçıya aid hesab edilməlidir. İş materiallarına əlavə edilmiş: 28 aprel 2925-ci il tarixli, EM-06/66VK-22208/25 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, X7 ilə Vəkil arasında hüquqi yardımın göstərilməsinə görə müqavilə bağlanmışdır. Hüquqi yardıma görə haqq 270 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0-cı və 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə bildirir ki, vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə iddia qismən təmin edildiyindən hüquqi yardım üçün ödənilmiş 250 (iki yüz əlli) manat qanunvericiliyə uyğun olaraq cavabdeh X2 alınaraq iddiaçı X4 ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cımaddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X2 2000 (iki min) manat alınaraq iddiaçı X4 ödənilsin. Əldən çıxmış fayda kimi 100 (yüz) manat cavabdeh X2 alınaraq iddiaçı X4 ödənilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manatı cavabdeh X2 tutularaq iddiaçı X4 ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manat məbləğində hissəsi iddiaçıya aid hesab edilsin Hüquqi yardım üçün vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat qanunvericiliyə uyğun olaraq cavabdeh X2 alınaraq iddiaçı X4 ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar