Məhkəmə qərarları › İş №e-2-2(123)-271/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-271/2025

24.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-271/2025 24.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdehlər X5 və X3 qarşı pul tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 20 iyun 2025-ci il tarixdə elektron qaydada məhkəməyə müraciət edərək cavabdehlər X6 və X1 ona borclu olduqları 177710 (bir yüz yetmiş yeddi min yeddi yüz on) manat və iş üzrə ödəmiş olduğu 468.00 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə elektron qaydada ərizə təqdim edilərkən mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məhkəmə aidiyyəti qaydalarına əməl edilməmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən X4 vergi məlumatlarından fəaliyyət istiqamətinin “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”, fəaliyyət obyektinin “Çayxana” olduğu, X2 vergi məlumatlarından fəaliyyət istiqamətinin “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri”, fəaliyyət obyektinin “Qaynaq sexi” olduğu, İddiaçı isə vergi məlumatlarından fəaliyyət istiqamətinin “Təsərrüfat mallarının pərakəndə satışı”, fəaliyyət obyektinin “İcarə obyekti” olduğu görünür. Məhkəmə qeyd edir ki, mübahisənin Kommersiya Məhkəməsinə aid edilməsi üçün qanunla müəyyən edilən tələblərdən işdə iştirak edən şəxslərin subyektiv tərkibi və mübahisənin predmeti mövcuddur. Lakin, yalnız hər 3 elementin mövcud olduğu halda mübahisənin kommersiya məhkəməsinə aid edildiyini nəzərə aldıqda, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən hüquq münasibətlərinin xarakterinin qanunsuz sahibkarlığın həyata keçirilməsi ilə əlaqədar olduğu gözönündədir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 №-li qərarının 10-cu nəndinə əsasən qeyd olunur ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Ərizənin mahiyyətindən müəyyən olunur ki, İddiaçı əldə edilən qazancdan ona da pay verilməsi vədi ilə cavabdehlər X5 və X3 borc məqsədilə müəyyən məbləğlərdə pul vəsaiti vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Vergi məlumatlarından iddiaçının əsas fəaliyyət istiqamətinin “Təsərrüfat mallarının pərakəndə satışı” olduğunu nəzərə aldıqda müəyyən olunur ki, İddiaçı kreditlərin verilməsinə dair hər hansı fəaliyyəti, o cümlədən, bu cür fəaliyyətin həyata keçirilməsinə dair lisenziyası olmadığı halda mənfəət əldə edilməsi məqsədilə borc vermişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci bəndinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. Beləliklə, hüquq münasibətinin xarakateri, qanunsuz şəkildə sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi ilə məşğul olan subyektlər arasında yaranmış mübahisə olduğundan, həmin mübahisəyə ümumi məhkəmə aidiyyəti qaydasında baxılmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.( “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Eyni zamanda həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsiinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində hesablanır. İş üzrə iddianın qiymətinin 177710 (bir yüz yetmiş yeddi min yeddi yüz on) manat olduğunu nəzərə aldıqda öddənilməli olan dövlət rüsumunun məbləği 467,71 (dörd yüz altmış yeddi manat 71 qəpik) manat məbləğində müəyyən olunur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, 0,71 (yetmiş bir qəpik) manat kəsir olmaqla 467 (dörd yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. İddia ərizəsi geri qaytarıldığından məhkəmə dövlət rüsumunun kəsir hissəsinin ödənilməsinə toxunmamaqla iddiaçı tərəfindən ödənilmiş 467 (dörd yüz altmış yeddi) manat məbləğində dövlət rüsumunun “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılması qənaətindədir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 20 iyun 2025-ci il tarixdə elektron qaydada məhkəməyə daxil olmuş, İddiaçı cavabdehlər X5 və X3 qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, 467 (dörd yüz altmış yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdehlər X5 və X3 qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 467 (dörd yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı (FİN: xxxxxxx, VÖEN: **********) qaytarılsın. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar