Məhkəmə qərarları › İş №e-2-2(123)-277/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-277/2024

21.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-277/2024 21.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 06 mart 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən 7715 manat, hüquqi yardımın göstərilməsi haqqında 04/838 nömrəli müqavilə əsasında Naxçıvan şəhər vəkil Bürosunun hesabına ödənilmiş 500 manat müqavilə haqqının, Naxçıvan MR Vəkillər kollegiyasının hesabına ödənilmiş 20 manat marka pulunun və ödənilmiş 102.35 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində “Naxçıvan Şəhər Avtomobil X4 Bazarında 57-№li mağazanı işlətdiyini, 01 noyabr 2022-ci il tarixdə bir tərəfdən “Satıcı” adlandırılacaq onunla, digər tərəfdən sonra “Alıcı” adlandırılacaq Naxçivan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında bağlanmış 001 nömrəli müqavilə əsasında mal və materialların alqı-satqısının, habelə bu əməliyyatlardan irəli gələn münasibətlərin tənzimləndiyini, həmin müqavilə əsasında tərəflər arasında 26 dekabr 2022-ci il tarixdə 912326 nömrəli elektron qaimə-faktura ilə “Alıcı”nın ondan 7715.0 manat dəyərində mal-material götürərək pulunu ödəməyərək bağladıqları müqavilənin 3.1 bəndinin tələblərinə əməl etmədiyini, bununla əlaqədar cavabdeh təşkilatla 15 iyul 2023-cü il tarixdə üzləşmə aktı imzalandığını, həmin akta əsasən onların 7715 manat məbləğində borclu olduqlarını etiraf etdiklərini, 27 dekabr 2023-cü il tarixdə onun pretenziya məktubu ilə cavabdeh təşkilata müraciət edərək borclarını ödəməli olduqlarını onlara bildirməyini, əks təqdirdə məhkəməyə müraciət edəcəyini, buna görə çəkəcəyi bütün xərclərin ödənilməsini onlardan tələb edəcəyini bildirməyinə baxmayaraq heç bir nəticəsi olmadığını, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, o verdiyi malların dəyərini və çəkməli olduğu xərcləri cavabdeh təşkilatdan alınıb verilməsini istədiyini qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı 21 may 2024-cü il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında qarşı tərəfin aldıqları malın pulunu ödəməsini xahiş edərək X2 onun oğlu olduğunu bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasında etdiyi çıxışında iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil 01 aprel 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında iddiaçının avtomobil X4ı bazarında mağazin işlətdiyini, iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanmış müqavilə əsasında həmin mağazadan cavabdeh təşkilata mallar verildiyini, malların dəyərinin 15 gün müddətinə ödənilməsinin nəzərdə tutulmağına baxmayaraq artıq bir ildən artıqdır ki, həmin 7715 manat pulun ödənilmədiyini, pulun ödənilməsi üçün xəbərdarlıq etdiklərini ancaq qarşı tərəfdən xəbər çıxmadığından məhkəməyə müraciət etdiklərini, 21 may 2024-cü il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında tərəflər arasına 01 noyabr 2022-ci il tarixdə müqavilə bağlanıldığını, müqavilənin şərtlərinin pozulduğunu, 2022-ci il tarixdə, dekabr ayında götürülmüş mal və materialların dəyəri olan 7715 manat məbləğində pulun bugünə kimi ödənilmədiyini, bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etdiyini, 500 manat məbləğində müqavilə haqqının və 20 manat marka pulunun ona ödənildiyini bildirmişdir. İddiaçının vəkili Vəkil xx.xx.2024-çü il tarixli məhkəmə baxışı iclasında etdiyi çıxışında cavabdehin nümayəndəsinin iddianı etraf etdiyini, iştirakına gərək olmadığını və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə Ağahüseyn oğlu 03 may 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında borcu qəbul etdiklərini, İddiaçı alınan malların şəhər idarəsində istifadə edildiyini, bu müddətdə idarənin fəaliyyətinin dayandığını, İddiaçı bir neçə dəfə də müraciət etdiyini, idarənin özəlləşməyə çıxdığını, siyahı da İddiaçı də olduğunu, özəlləşmə prosesdən sonra pulun ödəniləcəyini, iki il yarım olar pulunu ala bilmədiyini, onların dövlətdən alacaqlarının olduğunu, ona görə 10 aydı işçilərin də pulunun verilmədiyini, işin dayandığını, sentyabrın 9 əmrinin verildiyini, bunun ondan əvvəl olan proses olduğunu, onun bu proseslərlə əlaqəsi olmadığını ancaq oranın rəhbəri olduğundan buna cavab vermək məcburiyətində olduğunu, amma özəlləşmə olduqdan sonra İddiaçı pulunun ödəniləcəyini, 21 may 2024-cü il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, özəlləşmə prosesi həyata keçirildikdən sonra iddiaçı tərəfin pulunun ödəniləcəyini bildirmişdir. İş materiallarında olan: 01 noyabr 2022-ci il tarixli, 001 saylı müqaviləyə əsasən müəyyən olunur ki, İddiaçı ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında müqavilə bağlanmış, alınan malın dəyəri 15 bank iş günü ərzində satıcının müvafiq banklarda olan hesablaşma hesabına ödəniləcək, malların qiymətləri hər iki tərəfin təsdiq etdikləri elektron qaimə fakturaya əsasən təsdiqlənəcəkdir. 26 dekabr 2022-ci il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturadan görünür ki, mal-materialların dəyəri 7715 manat məbləğindədir. 15 iyul 2023-cü il tarixli “Üzləşmə aktı”ndan görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin İddiaçı mal-materiala görə 7715 manat manat məbləğində borcu vardır. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin İddiaçı ünvanlanmış 29 dekabr 2023-cü il tarixli, 120 saylı məktubdan görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən İddiaçı 2023-cü ilin yanvar ayında idarənin fəaliyyəti dayandığından, eyni zamanda Naxçıvan Muxtar Respublikası X7 2007-ci il 20 noyabr tarixli 93-İİİ FR fərmanında dəyişiklik edilməsi haqqında 2023-cü il 22 iyun tarixli 180-Vİ FR nömrəli Fərmanına əsasən idarə özəlləşdirməyə açıq elan edildiyi üçün özəlləşdirmə başa çatanadək borcları verməyə idarənin maliyyə vəsaiti çatmadığı bildirilmişdir. 05 fevral 2024-cü il tarixli, 04/838 saylı “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlanıldığı vaxtdan ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır. xx.xx.2024-cü il tarixli “Qəbz”dən görünür ki, 20 manat məbləğində marka pulu X3 tərəfindən Naxçıvan şəhər vəkil Bürosunun **********310036350 saylı hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixli “Qəbz”dən görünür ki, 500 manat müqavilə haqqı X3 tərəfindən Naxçıvan şəhər vəkil Bürosunun **********310036350 saylı hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən də görünür ki, tərəflər arasında müqavilə bağlanılaraq öhdəlik hüquq münasibətləri yaranmış, həqiqətən də iddiaçı tərəfindən cavabdehə dəyəri 7715 manat məbləğində olan mal və materiallar verilmişdir. Belə ki, cavabdehin nümayəndəsi Nümayəndə Ağahüseyn oğlu 03 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq icasında və 21 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddianı etiraf edərək iddianı qəbul etdiyini, özəlləşmə prosesi həyata keçirildikdən sonra iddiaçı tərəfin pulunun ödəniləcəyini bildirmişdir. Məhkəmə bildirir ki, cavabdehin nümayəndəsinin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq məhkəmə iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə bildirir ki, iddia tam təmin edilməli olunduğundan MPM-nin 121.1-ci maddəsinə əsasən uyğun olaraq iddiaçının çəkdiyi 500 manat məbləğində müqavilə haqqı və 20 manat məbləğində marka pulu Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-cü maddələrinə uyğun olaraq hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 97.15 manat təşkil edir. Belə ki, iddiaçı 102.35 manat məbləğ ödəyərək 5.20 manat məbləğində artıq dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 102.35 (bir yüz iki manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun 97.15 manatı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən tutularaq İddiaçı ödənilməli və artıq ödənilmiş 5.20 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən 7715 manat məbləğin, hüquqi yardımın göstərilməsi haqqında 04/838 nömrəli müqavilə əsasında Naxçıvan şəhər Vəkil Bürosunun hesabına ödənilmiş 500 manat müqavilə haqqının, Naxçıvan MR Vəkillər kollegiyasının hesabına ödənilmiş 20 manat marka pulu alınıb İddiaçı ödənilməli, MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 102.35 (bir yüz iki manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun 97.15 manatı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən tutularaq İddiaçı ödənilməli və dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarından artıq ödənilmiş 5.20 manat məbləği “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən 7715 (yeddi min yeddi yüz on beş) manat məbləğin, hüquqi yardımın göstərilməsi haqqında 04/838 nömrəli müqavilə əsasında Naxçıvan şəhər Vəkil Bürosunun hesabına ödənilmiş 500 (beş yüz) manat müqavilə haqqının və Naxçıvan MR Vəkillər kollegiyasının hesabına ödənilmiş 20 (iyirmi) manat marka pulu alınaraq, İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 102.35 (bir yüz iki manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun 97.15 (doxsan yeddi manat 15 qəpik) manatı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarından artıq ödənilmiş 5.20 (beş manat iyirmi qəpik) manat məbləği “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar