Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-28/2025 10.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 24 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 760 (yeddi yüz altmış) manat borc və iş üzrə ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Babək rayonu, Yarımca kənd sakini Cavabdeh ilə Naxçıvan Cahan AVM-də (57 Bazarı) işlədikləri dövrdə tanış olduqlarını, işlədiyi mağazanı bağladığı üçün 1080 (bir min səksən) manat məbləğindəki kosmetika mallarını Cavabdeh topdan qiymət ilə ondan satın aldığını, 02 avqust 2022-cü il tarixində borca götürmüş olduğu maldan 70 (yetmiş) manat məbləğində malı geri qaytardığını, 1010 (bir min on manat) manat məbləğində borcunun qaldığını, qalıq borcu hər həftə 100 manat olmaqla verib qurtaracağını vəd etdiyini, aralarında şifahi razılaşmanın olduğunu, Cavabdeh ona az məbləğlərlə cəmi 210 manat borcunu qaytardığını, 800 manat borcunun qaldığını, geriyə qalmış borcu qaytarmağı öz öhdəsinə götürsə də 800 manat məbləği ona qaytarmadığını, Babək Rayon Məhkəməsindən Cavabdeh ona olan borcunun qaytarılması barədə qətnamə çıxarılmasın xahiş etdiyini, Babək Rayon Məhkəməsində isə iddia ərizəsinin geri qaytarılması barədə MPM-in 152.1 və 152.1.3-cü madələrinə əsasən xx.xx.2023-cü il tarixli, 2(079)-600/2023 nömrəli qərardad çıxarıldığını, məhkəməyə müraciət etdiyindən xəbəri olan Cavabdeh onunla razılaşmaq istədiyini və aylıq gücü çatan məbləğdə qaytaracağını vəd verdiyini, cəmi 40 manat qaytardığını, geriyə qalan 760 manat məbləği qaytarmaqdan boyun qaçırdığını, onunla əlaqə saxladıqda müxtəlif növ bəhanələr gətirdiyini, borcu qaytarmaqdan boyun qaçırdığını, yenə də ödəyəciyini dediyini, amma nəticədə ödəmədiyini,onu yaxşı tanıdığından bu məbləği ona ödəyə bilməyəcəyindən əmin olduğunu, yenə boyun qaçıracağını, artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli və iddia tələbinin tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbinin təmin edilməli olduğunu hesab etdiyini, məhkəməyə sübut kimi göndərdiyi səs yazılar və “whatsapp” tətbiqi vasitəsi ilə etdiyi yazışmaları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarına əsaslanıb sübut kimi təqdim etdiyini, Konstitusiya Məhkəməsinin Plenumunda mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halının fərqləndirildiyini, bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halı olduğunu, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıdığını, insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıdığını, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilmədiyini, belə ki, həmin danışıq və yazışmaların əqdin tərəfləri üçün sirr olmadığını və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmədiyini, bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilmədiyini, MPM-nin 150.2-ci maddəsinə əsasən cavabdehin vergi xidmətinin informasiya sistemində mövcud olan şəxsi kabinetinə xəbərdarlıq məktubu və iddia ərizəsi və digər sənədlərin sürətini göndərdiyini, MPM-nin 150.3-cü maddəsinə əsasən isə elektron məhkəmə sistemində sübut kimi məhkəməyə təqdim etməli olduğu məlumat daşıyıcısını CD-ni (səs qeydi olan) göndərməyin mümkün olmadığını, bunun üçün iş qeydiyyata alındıqdan sonra birbaşa məhkəməyə təqdim edəcəyini, cavabdehin qeydiyyat yeri barədə arayış əldə edə bilmədiyi üçün məlumat verməyi zəruri hesab etdiyini, Mediasiya prosesinin tətbiqi Azərbaycan Respublikasında 01 iyul 2020-ci ildən məcburi hesab edilməyə başladığını, 24 aprel 2024-cü il tarixli 230 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə kommersiya mübahisələrinin mediasiyanın tətbiq dairəsindən çıxarıldığını, bunun üçün Mediasiya prosesində iştirak etmədiklərini, tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısının 1.Götürdüyü malların siyahısının surəti; 2.Mobil danışıqla qeydiyyat apardığı səs yazısı (CD); 3.“Whatshapp” mobil tətbiqindəki yazışmaların kağız daşıyıcıda surəti; 4.xx.xx.2023-cü il tarixli, 2(079)-600/2023 nömrəli qərardad; 5.xəbərdarlıq məktubu, Xəbərnamə; 6.Elektron vergi xidmətinin informasiya sistemindən çıxarışdan ibarət olduğunu qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 448.1-ci və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 1.1-ci, 2.1-ci, 6cı, 26.1-ci, 76.3-cü, 119.1-ci, 150.2-ci, 150.3-cü maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, əlavə izaha ehtiyac olmadığını bildirmişdir. İş materiallarında olan: “Whatshapp” mobil tətbiqindəki xx.xx.2022-ci il tarixli yazışmaların kağız daşıyıcıda surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 1080 manat məbləğindəki kosmetika mallarının alqı-satqısı olmuşdur. Cavabdehin götürdüyü malların siyahısından görünür ki, iddiaçının cavabdehə satdığı malların ümumi dəyəri 1080,7 manat təşkil edir. Səs danışıqlarının saxlandığı məlumat daşıyıcısından (CD) görünür ki, Cavabdeh İddiaçı 840 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30.00 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı 1080 manat məbləğindəki kosmetika mallarının Cavabdeh vermişdir. Malların verilməsi “Whatshapp” mobil tətbiqindəki xx.xx.2022-ci il tarixli yazışmaların kağız daşıyıcıda olan surəti ilə öz təsdiqini taparaq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Bundan əlavə, İddiaçı Cavabdeh verdiyi kosmetika mallarının dəyərinin 1080 manat olması iş materiallarında olan cavabdehin götürdüyü malların siyahısı ilə və səs danışıqlarının saxlandığı məlumat daşıyıcısından (CD)-də, Cavabdeh İddiaçı 840 manat məbləğində borcunun qaldığını etiraf etməsilə təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəfindən səs danışıqlarının saxlandığı məlumat daşıyıcısı (CD) əsasında müəyyən edilən digər hal ondan ibarətdir ki, Cavabdeh İddiaçı 840 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Bundan əlavə iddiaçı ərizəsində cavabdeh şəxs tərəfindən ona müxtəlif vaxtlarda ödənişlərin edildiyini, Cavabdeh ona cəmi 760 manat məbləğində borcunun qaldığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə ki, iddiaçı ödənişin icra edilmədiyini görərək qarşı tərəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərmiş, həmin məktuba əsasən borc məbləğinin 10 gün müddətində razılaşma əsasında ödənilməsini tələb etmiş, lakin bundan sonra da cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi müşayiət olunduğundan xx.xx.2024-cü il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, iddiaçının cavabdehə qarşı şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 760 (yeddi yüz altmış manat) manat məbləğində borcun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair hissədə tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 760 (yeddi yüz altmış manat) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 30 (otuz manat) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu halda məhkəmə qeyd edir ki, iddia tam təmin edildiyindən ödənilməli olan 30 (otuz manat) manat məbləğində dövlət rüsumunun əvəzi bütövlükdə Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 760 (yeddi yüz altmış manat) manat alınıb İddiaçı ödənilməli, 30 (otuz manat) manat məbləğində dövlət rüsumu bütövlükdə Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA*******, FİN: xxxxxxx) 760 (yeddi yüz altmış manat) manat alınıb İddiaçı (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA*******, FİN: xxxxxxx) ödənilsin. Cavabdeh 30 (otuz manat) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-28/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-28/2025
10.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver