Məhkəmə qərarları › İş №e-2-2(123)-285/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-285/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-285/2023 20.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 19 oktyabr 2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3316,05 AZN əsas, 1028,82 AZN faiz, cəmi 4344,87 AZN borcun və ödənilmiş 63,45 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********05072022 saylı “bank xidmətlərinin göstərilməsi haqqında” mikrokredit üzrə ümumi müqavilə həmin sənədin tamlığını əhatə etmir, həmçinin həmin müqavilə onu bağlayan şəxslər tərəfindən adları göstərilməklə imzalanmamış və möhürlənməmişdir. Odur ki, qanunvericiliyin tələbinə uyğun olaraq ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********05072022 saylı “bank xidmətlərinin göstərilməsi haqqında” mikrokredit üzrə ümumi müqavilə onu bağlayan şəxslər tərəfindən imzalanmadığı və möhürlənmədiyi üçün onun həqiqiliyi təsdiq olunmuş hesab olunmur və məhkəmə tərəfindən tələbin əsaslığını təsdiq edən sənəd qismində qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1 və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-cü maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Əlavə olaraq məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlər siyahısında ərizənin cavabdehə çatdırılmasını təsdiq edən sənədin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin olmadığı da qeyd olunmalıdır. Bununla əlaqədar olaraq qeyd edilir ki, ərizənin cavabdehə çatdırılmasını təsdiq edən sənədin və cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin ərizəyə əlavə edilmiş sənədlər siyahısında olmaması kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtinaya əsas verən hal kimi qeyd olunmasa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-cü maddəsində göstərilir ki, ərizə məhkəməyə ümumi qaydada verilir. Bu norma ərizənin ümumi qaydada məhkəməyə verilməsinin qeyd olunduğu müddəalara istinad etməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1 və 150.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1 və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Bununla əlaqədar olaraq, iddiaçıya izah edilir ki, onun tərəfindən hazırkı tələb üzrə iddia icraatı qaydasında iddia verilərsə, işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizənin qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-cı və 284-4-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar