Məhkəmə qərarları › İş №e-2-2(123)-3/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-3/2022

11.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-3/2022 11.01.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbinə elektron ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi 24 dekabr 2021-ci il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə baxılarkən müəyyən edildi ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən ərizənin məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1- ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə bildirir ki, Cavabdeh vergi orqanlarında qeydiyyata alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq iddiaçı hazırki mübahisə ilə bağlı ümumi məhkəməyə yox, kommersiya məhkəməsinə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş 29.12.2019-cu il tarixli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan, 29.12.2019-cu il tarixli, 000180seyiya saylı Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə aktdan, 29.12.2019-cu il tarixli, 000074 seyiya saylı markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktdan, 29.12.2019-cu il tarixli, 000074seriya saylı markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə aktdan, 29.12.2019-cu il tarixli, 000074 seriya saylı markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə protokoldan, həmçinin malların götürülməsi barədə tərtib olunmuş siyahıdan görünür ki, cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən köşkdə operativ vergi nəzarəti zamanı həyata keçirilən bütün tədbirlər 29.12.2019-cu ilə aiddir. Lakin, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış Cavabdeh 23.06.2021-ci il tarixdə Şahbuz Rayon Vergilər Şöbəsində qeydiyyata alınması və ona ********** VÖEN-nin verilməsi barədə sənədə əsasən Cavabdeh 23.06.2021-ci il tarixdən vergi ödəyicisi olduğu məlum olur. Bu da o deməkdir ki, cavabdehə məxsus mallara dair operativ vergi nəzarəti ilə bağlı tədbirlər 29.12.2019-cu ildə, yəni cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyi vaxtda həyata keçirilmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi məsələsini araşdıraraq məhkəmə qeyd edir ki, iştirak edən şəxslərin subyektiv tərkibi müəyyən edilərkən Cavabdeh ona məxsus mallara dair operativ vergi nəzarəti ilə bağlı tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisi olmaması işə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən baxılmasını qeyd etməyə əsasə verir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının: - 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. - 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. -27-ci bəndinə əsasən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, ərizəyə əlavə olunmuş 29.12.2019-cu il tarixli, VN seriyalı 000180 saylı Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə aktdan görünür ki, 29.12.2019-cu il tarixdə keçirilən operativ vergi nəzarəti zamanı Nərimanov rayonu, F.X.Xoyski 86 ünvanında yerləşən Cavabdeh məxsus köşkdə vergi orqanlarında qeydiyyata alınmadan sahibkarlıq fəaliyyətinin göstərildiyi müəyyən olunmuş və vergi ödəyicisinə qısa müddət ərzində vergi orqanlarında qeydiyyata alınaraq qanuni fəaliyyət göstərməsi təklif olunmuşdur. Həmin aktdan məlum olduğu kimi, Cavabdeh 29.12.2019-cu il tarixdə vergi orqanlarında qeydiyyata alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur ki, bu da hazırki mübahisə üzrə işin ümumi məhkəməyə aid olduğunu göstərir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəlin “Mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər” hissəsinin istisna qeydinə əsasən bildirilir ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında yaranan mübahisə fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gəldiyi üçün hazırki mübahisə üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-3/2022 saylı işi aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ərizəyə əlavə edilmiş AZE seriyalı, AA******* saylı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş və Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Kolanı Ərazi Dairəsi, Kolanı kəndində qeydiyyatdadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263, 264,266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbi barədə e- 2-2(123)-3/2022 saylı işi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar