Məhkəmə qərarları › İş №e-2-2(123)-30/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-30/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-30/2023 22.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ASC 21 fevral 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 DC00270460-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40035.11 (qırx min otuz beş manat, on bir qəpik) manat əsas borc, 4771.48 (dörd min yeddi yüz yetmiş bir manat, qırx səkkiz qəpik) manat faiz borcu, 744 (yeddi yüz qırx dörd) manat cərimə borcu olmaqla, cəmi 45550.59 (qırx beş min beş yüz əlli manat, əlli doqquz qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələr) təsbit olunmuşdur. Belə ki, Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilərək, imperativ qaydada ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olmasını iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilməsi iddiaçıdan (və ya ərizəçidən) tələb olunur (Əsas: 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş, 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”). İddiaçı qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Bununla da, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. Həmçinin məhkəmə bildirir ki, hazırkı işin materiallarında mövcud olan mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan və mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilədən İddiaçı ASC tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi görünür. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq hazırkı iş üzrə dövlət rüsumunun məbləği 226.66 (iki yüz iyirmi altı manat, atmış altı qəpik) manat müəyyən edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 9.1-1-ci maddəsinə əsasən tərəf çəkdiyi xərc həddində yəni 200 manat həddində dövlət rüsumundan azad edilmiş, geri qalan 26.66 manat münasibətdə isə dövlət rüsumundan azad edilməmişdir və həmin məbləğ iddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” təlimatın 33-cü bəndinə əsasən Kompyuter üsulu ilə yazılan sənədlərin (maliyyə, statistik və digər cədvəllər istisna olmaqla) mətni “Arial” 12 şrifti ilə A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılmalıdır. Belə ki, iddia ərizəsinin qeyd edilən təlimata uyğun tərtib edilməsi oxuna bilməsi üçün daha məqsədə müvafiqdir. Məhkəmə iddiaçıya məlumat üçün bildirir ki, hazırki iş üzrə iddia ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə çatdırılmasını təsdiq edən müvafiq sənəddə qeyd edilən kargüzarlıq nömrəsi “Məktub” adlı sənədin aşağı hissəsində görünmür. Belə ki, iddia ərizəsinin kargüzarlıq nömrəsi həmin sənədin aşağı hissəsində mövcud olur. Məhkəmə bildirir ki, “Mediasiya rüsumunun ödənilməsini təsdiq edən ödəniş tapşırığı”nın surəti iddia ərizəsinin “Qoşma” hissəsində göstərilməsinə baxmayaraq iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd edilən müvafiq sənəd iddia ərizəsinə əlavə edilmədiyindən bu barədə 22 fevral 2023-cü il tarixdə, 09 saylı akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən (iddia ərizəsində sübutların siyahısı göstərilməmiş və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməmiş) məhkəməyə təqdim edildiyindən İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi üzrə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılsın ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar