Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-327/2024 09.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdeh X4 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 29 aprel 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16.042,00 (on altı min qırx iki) manat məbləğində pul vəsaitinin cavabdeh Naxçıvan Muxtar Respublikası Babək rayon Kərimbəyli kənd sakini X2 alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – iddiaçı) 2022-ci ildə muxtar respublika ərazisində aparılan dövlət əhəmiyyətli tikinti işlərinin sifarişçisi kimi bir çox tikinti obyektlərinin tikintisinin maliyyə xərclərini dövlət büdcəsi hesabına təmin etdiyini, həmin ildə bir çox tikinti şirkətləri ilə podratçı qismində müqavilələr bağlanaraq icraatın təmin edildiyini, o cümlədən, 2022-ci ildə Babək rayon Təhsil şöbəsinin binasında istilik-qazanxana sisteminin qurulması üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə podratçı qismində ödəniş tapşırığı əsasında ödənilməsi nəzərdə tutulan 16.042,00 (on altı min qırx iki) manat məbləğində pul vəsaitinin tərəflərindən Kapital Bank ASC-nin Naxçıvan filalı vasitəsilə texniki səhv nəticəsində cavabdeh qismində göstərilən, Naxçıvan Muxtar Respublikası Babək rayon Kərimbəyli kənd sakini X3 (bundan sonra - cavabdeh) bank hesabına ödənildiyini, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparılan maliyyə yoxlamaları nəticəsində onlara məlum olduğu andan tərəflərindən qeyd olunan vəsaitin geri qaytarılması və dövlət nəfinə ödənilməsi üçün tədbirlər həyata keçirildiyini, bu məqsədlə həmin maliyyə vəsaitinin (16.042,00 manat) geri qaytarılmasını təmin etmək üçün poçt xəbərnaməsi ilə göndərilən məktubun 17 yanvar 2023-cü il tarixində vətəndaş X5 çatdırılmasına baxmayaraq ötən müddət ərzində müraciətlərinə cavab verilmədiyini, qeyd olunan maliyyə vəsaitinin geri qaytarılaraq dövlət nəfinə ödənilməsi üçün hər hansı hərəkət edilmədiyini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 09 oktyabr 2024-cü il tarixə, saat 17:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli hazırlıq iclasında vətəndaşa dövlət büdcəsindən səhvən ödənilmiş pulun dövlət büdcəsinə qaytarılmasına dair tələbin təmin olunmasını xahiş etdiyini bildirmişdir. 09 oktyabr 2024-cü il tarixdə, saat 17:05-də keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən idddiaçının nümayəndəsi Nümayəndə izahatında vətəndaşa dövlət büdcəsindən səhvən ödənilmiş pulun dövlət büdcəsinə qaytarılmasına dair tələbin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan: 25 avqust 2022-ci il tarixli, 30 nömrəli ödəniş tağşırığından görünür ki, Naxçıvan MR Maliyyə Nazirliyi tərəfindən X3 AZİ3AİİB******************** nömrəli bank hesabına 16.042,00 (on altı min qırx iki) manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, cavabdeh X3 AZİ3AİİB******************** nömrəli bank hesabına 16.042,00 (on altı min qırx iki) manat pul vəsaiti köçürülməsi cavabdeh X3 əsassız varlanmasına gətirib çıxarmışdır. Məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh X3 əsassız varlanmasına səbəb olmuş 16.042,00 (on altı min qırx iki) manat pul vəsaiti iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 16.042,00 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 120 manat + 18.13 manat = 138.13 (bir yüz otuz səkkiz manat on üç qəpik) manat olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Belə ki, iddiaçı büdcə təşkilatı olduğundan qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən, 138.13 (bir yüz otuz səkkiz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu iddianın tam təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdeh X2 alınaraq dövlət gəlirlərinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdeh X4 qarşı pul tələbi barədə ərizəsi təmin edilərək, cavabdeh X2 16.042,00 (on altı min qırx iki) manat alınaraq iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ödənilməli və iddiaçı büdcə təşkilatı olduğundan qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən, 138.13 (bir yüz otuz səkkiz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu iddianın tam təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdeh X2 alınaraq dövlət gəlirlərinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X2 (VÖEN-**********) 16.042,00 (on altı min qırx iki) manat tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (VÖEN-**********) ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 138.13 (bir yüz otuz səkkiz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X2 alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-327/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-327/2024
09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver